Göz qabağında baş verən möcüzə, yaxud səhnə aldanışının sənət zövqü

post-img

İllüziya sənəti çoxları üçün, sadəcə, gözbağlayıcılıq olsa da, əslində, bu sahə dəqiq riyazi hesablamalar və insan psixologiyasının idarə olunması üzərində qurulub. Səhnədəki hər bir “möcüzə” pərdə arxasında minlərlə uğursuz cəhdin və illərlə çəkilən zəhmətin nəticəsidir. Bakı Dövlət Sirkinin artisti Şəhadət Bağırovla söhbətimiz məhz bu sənətin texniki tərəflərini daha yaxından tanımağa imkan yaratdı.

– Hər hansı bir sənətin yolu ciddi bir həvəsdən başlayır. Sizdə bu maraq necə yarandı?

– Mənim bu sahəyə marağım uşaqlıq illərimə, Devid Kopperfild və Maks Meyven kimi məşhur illüziya ustadlarının televiziya şoularını izlədiyim dövrlərə təsadüf edir. O zamanlar bu nümayişləri sadəcə vizual effekt və ya montaj hiyləsi hesab edirdim. Lakin televiziyada Kopperfildin milyonlarla izləyici üzərində qurduğu interaktiv illüziya bu skeptik yanaşmanı dəyişdi. İllüzionist izləyicilərin diqqətini bir neçə simvol üzərində cəmləyirdi. Atamın seçdiyi simvolu dəqiqliklə tapması məni çox düşündürdü. Məhz o an anladım ki, qarşımdakı mənzərə kamera hiyləsi deyil, arxasında dəqiq riyazi hesablamalar və insan psixologiyasının incəlikləri dayanır. Bu hadisə mənim peşə seçimimi müəyyən etdi.

– Siz bu sənəti özünüz öyrənmisiniz. Müəllim olmadan, yalnız müşahidə ilə illüziyanın sirlərini necə mənimsəmisiniz?

– Əslində, bu proses çox maraqlı və bir o qədər də mürəkkəb keçib. Mən gördüyüm nümayişləri təhlil edərək onları təkrarlamağa çalışırdım. Hətta bəzən nömrənin klassik icra texnikasını bilmədiyim üçün özümdən daha çətin və fərqli metodlar kəşf edirdim. Bu “səhv” metodlar zamanla mənim fərdi üslubuma və improvizasiya qabiliyyətimə çevrildi. Anladım ki, illüziya sənətində şablon sirlər deyil, sənətkarın fərdi fantaziyası və yaradıcı yanaşması çox vacibdir.

– Ailənizdə bu məşğuliyyətiniz necə qarşılandı?

– Əlbəttə, hər bir valideyn kimi, atam da əvvəlcə bu işi bir peşə kimi qəbul etmədi; dərslərimə fokuslanmağımı və daha “stabil” bir sahəyə yönəlməyimi istəyirdi. Lakin sənətimdə uğur qazandıqca, böyük səhnələrə və efirlərə çıxdıqca ailəmin mənə olan inamı artdı. Bu gün ailəm mənim ən böyük dəstəkçimdir. Övladlarımın da bu sahəyə marağı var, amma mən heç vaxt onları məcburi şəkildə yönləndirmirəm. Əslində, sənət həvəs və istedad üzərində qurulanda daha qiymətli olur.

– Son vaxtlar səhnədə heyvanlarla bağlı nömrələr göstərməməyiniz nə ilə bağlıdır?

– Bu, həm böyük bir məsuliyyət, həm də heyvanlara olan həssaslığımdan irəli gəlir. Heyvanlarla çalışmaq üçün onlara ideal şərait yaratmaq lazımdır. Nə qədər diqqətli olsaq da, heyvanlar bəzən qaranlıq qutularda və ya məhdud məkanlarda qalmalı olurlar. Heyvanın orada narahatlığını, çapaladığını görmək məni narahat edir. Digər tərəfdən, onların qidalanması, sağlamlığı və daşınması daimi nəzarət tələb edir. Buna görə də mən yaradıcılığımı daha çox intellektual və texniki nömrələr – mentalizm və manipulyasiya üzərində qurmağa üstünlük verdim.

– Sirk meydanında şou göstərməyin çətinlikləri varmı?

– 16 illik peşəkar səhnə fəaliyyətimin son 5 ilini Bakı Dövlət Sirkində çalışıram. Sirk arenası bir artist, xüsusən də illüzionist üçün ən çətin və sınaq dolu məkandır. Burada arxa pərdə və ya gizlənmək üçün künc-bucaq yoxdur; siz 360 dərəcəlik bir baxış bucağının mərkəzindəsiniz. Dairəvi səhnədə sirri qorumaq üçün yalnız əl cəldliyi kifayət etmir, burada “misfocus” dediyimiz psixoloji manipulyasiya – yəni tamaşaçının diqqətini cəlb etmək sənəti ön plana çıxır. Siz minlərlə insanın diqqətini bir nöqtəyə fokuslayırsınız, əsl iş isə onların baxmadığı digər nöqtədə həyata keçirilir.

– Artıq texnologiya və informasiya əsridir. Bir çox klassik nömrənin sirri internetdə asanlıqla tapılır. Belə bir mühitdə tamaşaçını heyrətləndirmək çətin deyil ki?

– Əlbəttə, bugünkü tamaşaçı həm daha məlumatlı, həm də tələbkardır. Səhnəyə çıxanda qarşımızda əlində smartfon, hər an nömrənin pərdəarxasını araşdırmağa hazır minlərlə insan görürük. Məsələn, bir çoxlarına bəsit görünən pulun çoxaldılması və ya hansısa əşyanın yoxa çıxarılması texnikaları artıq sirr deyil. Lakin bu, sənətkarın üzərinə yeni bir məsuliyyət qoyur: biz nömrələri transformasiya etməliyik.

Əgər tamaşaçı müəyyən bir nömrənin “klassik” sirrini bilirsə, biz həmin effekti tamamilə fərqli metodla icra edirik. Tamaşaçı bildiyi sirri tətbiq etməyə çalışarkən qarşısında tamam başqa bir icra texnikası görür və yenidən o heyrət hissini yaşayır. Yəni internet bizim sənətimizi öldürmür, əksinə, bizi daha yaradıcı olmağa məcbur edir.

– Bu sənəti öyrənmək istəyən gənclərin sayı kifayət qədərdir. Maraqlıdır, illüziya sənətini hər kəsə öyrətmək mümkündürmü?

– Maraq göstərənlər çoxdur, lakin mən hər kəsə bu sənətin qapılarını dərhal açmıram. İllüziya sənəti dərslik deyil, o, daxili intizamdır. Mənə müraciət edən gəncləri əvvəlcə sınayıram. Məsələn, onlara bir qəpik nömrəsi göstərir və deyirəm ki, bunun sirrini tapmalısan. Çünki hazır şablonu öyrətmək asandır, əsas məsələ o sirri tapacaq məntiqi və səbri formalaşdırmaqdır. Çox vaxt bir müddət məşq edib, “alınmır, mənə daha böyük nömrə öyrət” deyənlər olur. Lakin bu sənətin əlifbası kiçik detallardır. Səbri çatmayan insan nə qədər istedadlı olsa da, peşəkar səhnənin tələblərinə cavab verə bilməz.

– Siz həm də uşaqlar üçün çıxış edirsiniz. Böyükləri aldatmaq asandır, yoxsa uşaqları?

– Ziddiyyətli görünsə də, uşaqların qarşısında çıxış etmək böyüklərdən qat-qat çətindir. Çünki böyüklər məntiq axtarırlar, mən isə onların məntiqini müəyyən bir nöqtəyə yönəldib inandıra bilirəm. Amma uşaqlar heç bir məntiqə bağlanmırlar, onlar sadəcə baxır və hər şeyi görürlər. Diqqətlə izlədikləri üçün hər hansı bir xırda detalı qaçırmaq ehtimalları yoxdur. Bu səbəbdən uşaq auditoriyası maksimum dərəcədə qüsursuzluq tələb edir.

– Səhnədə hər şeyin istədiyiniz kimi getmədiyi anlar olurmu? Əgər nömrə alınmırsa, vəziyyətdən necə çıxırsınız?

– Dünyanın ən məşhur illüzionistlərinin belə səhnədə texniki xətalarla üzləşdiyi anlar olur. Əsas məsələ tamaşaçının heç nə hiss etməməsidir. Peşəkar artist dərhal improvizasiya etməyi bacarmalıdır. Bir nömrə alınmırsa, onu yarımçıq qoymamalı, ssenarini dəyişib onu başqa bir nömrənin hissəsinə çevirməlidir. İllüziyaçı həm də yaxşı aktyor olmalıdır ki, tamaşaçı xətanı ssenarinin bir parçası kimi qəbul etsin.

– Bundan sonra Azərbaycan tamaşaçısını hansı “möcüzə”lər gözləyir?

– Ən böyük hədəfim Azərbaycanda dünya standartlarına cavab verən möhtəşəm bir solo illüziya şousu keçirməkdir. Bu, sadəcə, kiçik nömrələr yox, böyük texniki konstruksiyaların, işıq və musiqi effektlərinin vəhdətindən ibarət bir gecə olmalıdır. Dünyada məşhur olan “yoxolma” və ya irimiqyaslı obyektlərlə aparılan nömrələri həyata keçirməyə hazıram. Bu gün tamaşaçı yalnız səhnədəki vizual nəticəni görür, lakin onun arxasında duran maddi və texniki əziyyətdən xəbərsizdir. Kifayət qədər dəstək olarsa, ölkəmizdə illüziya sənətinin tamamilə yeni, daha modern səviyyəsini nümayiş etdirə bilərik.

– Sizə sevib-seçdiyiniz sənətdə yeni uğurlar arzulayırıq.

Arzu ASİFQIZI
XQ



Müsahibə