Ölkə başçısının tapşırığına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihə çərçivəsində şəhərin Cəfər Cabbarlı küçəsi və Məmməd Məhərrəmov küçəsi ərazilərində 4 mərtəbəli, 16 və 20 mənzilli yeni yaşayış binaları inşa olunub.
Hazırda binaların ətrafında abadlıq və son tamamlama işləri görülür. Əraziyə baxış keçirən rayon rəhbəri Məhərrəm Quliyev görülən işlərin gedişi ilə yerində tanış olub. İcra başçısı işlərin keyfiyyətlə və qısa müddətdə başa çatdırılması, həmçinin binaların kommunal təchizatının – su, qaz, elektrik və digər zəruri infrastrukturla tam təmin olunması ilə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıq və tövsiyələrini verib.
Qeyd olunub ki, həyata keçirilən tikinti və abadlıq tədbirləri şəhərin sosial infrastrukturunun gücləndirilməsinə, sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. İşlərin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri









