AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu, dövlətimizin başçısının rəsmi Pekinlə əlaqələrə xüsusi önəm verdiyini söyləyib. Azərbaycanın Çinin beynəlxalq əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini deyən akademik Zəngəzur dəhlizinin açılmasının bu layihənin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Son illərdə ölkələrimiz arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən AMEA rəhbəri rəhbərlik etdiyi qurumun Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, bir sıra əməkdaşların Çində dil üzrə ixtisasartırma kurslarında iştirak etdiklərini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli universitetdə Azərbaycan dili kafedrasının fəaliyyət göstərməsinin Çinin Azərbaycana verdiyi dəyərin ifadəsi olduğunu söyləyib. Çinə səfəri zamanı “Azərbaycan dili” ixtisası üzrə təhsil alan çinli tələbələrə ustad dərsi keçdiyini xatırladan akademik İsa Həbibbəyli kafedranın kitabxanasına Heydər Əliyev Fondu və AMEA tərəfindən bir çox dəyərli nəşrlərin bağışlandığını bildirib.
Pekin Xarici Dillər Universitetinin prorektoru professor Gao Qanq ölkəmizə ilk dəfə səfər etdiyini və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Universitet rəhbərliyinin salamlarını çatdıran professor Gao Qanq Azərbaycanda Çinə olan maraqdan heyrətləndiyini vurğulayıb. 2017-ci ildən universitetdə Azərbaycan dilinin tədris olunduğunu deyən alim ilk məzunlardan ikisinin PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi çalışdıqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, onlar ölkələrimiz arasında gələcəkdə elmi əlaqələrin genişlənməsində körpü rolunu oynayacaqlar.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Gao Qanq imzalayıblar.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Mərkəzi ilə də tanış olublar.
Qabil ƏLİYEV
XQ

