Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat göstərib ki, həm çox isti, həm də çox soyuq hava şəraiti ürək çatışmazlığı olan insanlarda ölüm riskini artırır.
AZƏRTAC xəbər verir ki, “JAMA Cardiology” jurnalında dərc olunan araşdırmada 2006-2021-ci illər arasında ürək çatışmazlığı diaqnozu qoyulmuş 250 mindən çox isveçli xəstənin məlumatları təhlil edilib. Nəticələrə görə, soyuq hava bütün səbəblərdən ölümü 13 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 16 faiz artırıb. İsti hava isə bütün səbəblərdən ölümü 5 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 8 faiz artırıb.
Tədqiqatçılar müəyyən ediblər ki, ölüm riski həm soyuq, həm də isti hava şəraitində yüksəlir, yəni “U” formalı əlaqə mövcuddur. Ən güclü təsir isə aşağı temperaturlarda müşahidə olunub. Əlavə olaraq, kişilər, şəkərli diabet xəstələri və diuretik dərmanlardan istifadə edənlər soyuğa qarşı daha həssasdırlar. Atrial fibrilasiya və ya ürək ritm pozğunluğu olan xəstələr isə isti hava zamanı daha çox risk daşıyıblar. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi ilə bağlı artan ekstremal temperatur hadisələri gələcəkdə ürək-damar xəstəliklərindən ölüm riskini daha da yüksəldə bilər.

