Azərbaycan Qiymətləndiricilər Palatası elektron nəzarət sistemini işə salır
“Azərbaycan Qiymətləndiricilər Palatası keyfiyyətin idarəedilməsi və beynəlxalq standartlara uyğunluq istiqamətində yeni mərhələyə start verib”.
Bu barədə “Xalq qəzeti”nə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı məlumat verib.
Palata rəsmisi bildirib ki, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) yeni tələbləri qiymətləndirmə sahəsində qlobal dönüş yaradır və artıq Azərbaycan da bu sistemə inteqrasiya olunur.
Onun sözlərinə görə, bu istiqamətdə atılan əsas addımlardan biri “Keyfiyyətə elektron nəzarət sistemi”nin tətbiqidir: “Bu sistem hər bir qiymətləndirmə hesabatının arxasında dayanan məsuliyyətin ölçülməsini təmin edir. Nəticədə keyfiyyətin idarəedilməsi prosesinin müasir texnoloji mühitdə həyata keçirilməsinə şərait yaranacaq. Bu yanaşma Palata üçün nəzarət vasitəsi olmaqla yanaşı, qiymətləndirici təşkilatların öz daxilində keyfiyyət idarəçiliyinin formalaşmasına da zəmih hazırlayacaq”.
Sədr müavini qeyd edib ki, yeni mərhələnin texnoloji əsasını palatanın elektron portalı təşkil edir: “Bu portal qiymətləndirmə təşkilatlarının fəaliyyətini vahid mərkəzdən izləməyə, hesabatların keyfiyyətini təhlil etməyə imkan verir. Əvvəllər keyfiyyətə nəzarət prosesi kağız daşıyıcılar üzərində və insan faktoru ilə həyata keçirilirdisə, bundan sonra bütün mərhələlər - işin icrasından auditə qədər portal üzərindən avtomatik və şəffaf şəkildə izlənəcək. Bu sistem qiymətləndirici təşkilatlar üçün bələdçi rolunu oynayacaq. Hər bir təşkilat portaldakı “Keyfiyyət reytinqi” vasitəsilə öz fəaliyyət göstəricilərini görəcək, çatışmazlıqları müəyyən edərək təkmilləşmə planı hazırlaya biləcək” – deyə palata rəsmisi açıqlayıb.
Günay İsmayılqızı həmçinin vurğulayıb ki, “IVSC 2025” standartlarının əsas yeniliyi qiymətləndirmə prosesinin yalnız bazar dəyərinin hesablanması kimi deyil, həm də keyfiyyət, məsuliyyət və şəffaflıq prinsipləri ilə dəyərləndirilməsidir. “Yeni standartlar tələb edir ki, hər bir qiymətləndirmə hesabatında məlumat mənbələri, istifadə olunan metodlar və nəticələrin əsaslandırılması tam sənədləşdirilsin. Bu, qiymətləndirici, sifarişçi və nəzarət orqanı arasında ümumi etimad və şəffaflıq mühiti formalaşdırır. AQP beynəlxalq standartların tələblərini Azərbaycan reallıqlarına uyğunlaşdırmaq istiqamətində sistemli fəaliyyət göstərir. Məqsəd təkcə yekun nəticəyə deyil, bütün qiymətləndirmə prosesinə nəzarəti təmin etməkdir. Hər bir üzv təşkilatın daxilində keyfiyyətə nəzarət sistemi qurulmalı və bu sistem AQP portalı vasitəsilə vahid nəzarət mühitinə inteqrasiya olunmalıdır. Bu, bazar etimadının və peşə reputasiyasının güclənməsinə, həmçinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir”.
Portalda formalaşacaq məlumat bazasının gələcəkdə “Bakı əmlak qiymət xəritəsi”, ESG göstəriciləri əsasında analitik hesabatlar və bazar trendlərinin proqnozlaşdırılması kimi layihələrin əsas mənbəyinə çevriləcəyini söyləyən palata rəsmisi, bu islahatların qiymətləndirmə peşəsini strateji qərarların ayrılmaz hissəsinə çevirəcəyinə əmindir:
“Düzgün və keyfiyyətli qiymətləndirmə olmadan nə real investisiya planlaşdırması, nə dövlət əmlakının idarə olunması, nə də şəffaf bazar iqtisadiyyatı mümkündür. Bizim məqsədimiz bu sahəni strateji qərarvermənin etibarlı dayağına çevirməkdir. Azərbaycan Qiymətləndiricilər Palatası artıq təkcə peşəkar birlik deyil, həm də qiymətləndirmə sektorunun institusional beyin mərkəzi kimi formalaşır. “IVSC 2025 standartları ilə AQP elektron portalının sintezi qiymətləndirmə sahəsini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Hər rəqəmin arxasında məsuliyyət, hər hesabatın arxasında etimad, hər sistemin arxasında isə şəffaflıq dayanır” - deyə, palatanın sədr müavini bioldirib.
İ.RÜSTƏMOV
XQ


