Sadələşdirilmiş gömrük dəhlizi Türk birliyinin yüksəlişinə xidmət edəcək

post-img

Hazırda türk dövlətləri arasında yüksək dostluq və qardaşlıq münasibətləri mövcuddur. Qarşılıqlı və səmərəli əməkdaşlığın təməli isə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türk Dövlətləri Şurasının yaradılması ilə bağlı imzalanmış sənəd əsasında qoyulub. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyət göstərən qurumun əsas məqsədi türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə nail olmaqdan ibarətdir. 

Dövlətlərarası blokun üzvləri Azər­baycan, Qazaxıstan, Qırğızıstan, Tür­kiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Res­publikası isə təşkilatda müşahidəçi sta­tusuna malikdir. Qurumda təmsil olunan və müşahidəçi statusuna malik ölkələrin rəhbərləri rəsmi və qeyri-rəsmi olmaqla ildə bir dəfə müxtəlif şəhərlərdə topla­şırlar. Bununla yanaşı, üzv ölkələrin xa­rici işlər nazirləri və parlament rəhbər­ləri səviyyəsində də il ərzində davamlı olaraq iclaslar keçirilir. Ötən müddətdə dost və qardaş dövlətlərin iştirakı ilə keçirilmiş zirvə görüşlərində müakirə olunan məsələlər, qəbul edilən qərarlar çoxtərəfli əlaqələrin genişləndirilmsinə mühüm töhfələr verib. 

Xatırladaq ki, təşkilatın ötən il no­yabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş IX zirvə görüşündə bir çox sahələrdə qarşılıqlı əmakdaş­lığın genişləndirilməsi ilə bağlı əhə­miyyətli qərarlar qəbul olunmuşdu. Bu baxımdan gömrük dəhlizlərinin yaradıl­masının asanlaşdırılması ilə bağlı sazişi xüsusi qeyd etmək olar. 

Məlum olduğu kimi, aprelin 4-də Azərbaycan Respublikası Milli Məcli­sinin plenar iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sa­dələşdirilmiş gömrük dəhlizinin yara­dılması haqqında” Səmərqənd sazişi təsdiq olunub. Xatırladaq ki, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərindən istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Bu layihə isə dəhlizin reallaşdırılmasını şərtləndirə­cək. 

Ekspertlər hesab edirlər ki, gömrük dəhlizinin reallaşdırılması Orta Dəhlizin praktiki əhəmiyyətini artırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yük daşımalarının sürətlən­məsinə, eləcə də yük dövriyyəsinin genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, TDT ölkələri arasında yük daşımaları prosedurları xeyli asanla­şacaq, Orta Dəhliz boyunca nəqliyyat, sərhəd və gömrük prosedurları rəqəm­sallaşdırılacaq. Bu da öz növbəsində üzv ölkələrin tranzit potensialının art­masına və dövlətlərin regional və bey­nəlxalq nəqliyyat sistemlərinə inteqrasi­ya olunmasına imkan yaradacaq. 

Yeri gəlmişkən, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkila­tının dövlət başçılarının ötən ayın 16-da Ankarada keçirilmiş fövqəladə zirvə görüşündə qəbul olunmuş qərarlar, im­zalanmış sənədlər də dost və qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır. Qurumun son zirvə toplantı­sında yaradılmış Türk İnvestisiya Fon­du isə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığa mühüm töhfə kimi dəyər­ləndirilir. Belə ki, fond türk dilli ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın inkişafı­na geniş imkanlar yaradır. Elə ekspert­lər də fondun 450 milyon dollarlıq ilkin kapitalının bir il ərzində bir milyard dol­lara çatacağını əminliklə vurğulayırlar.

Onu da qeyd edək ki, geoiqtisadi cəhətdən Avrasiyanın yüksək potensi­ala malik olan türk dövlətlərinin ərazisi 4,8 milyon kvadratkilometr, əhalisi isə 170 milyon nəfərdən çoxdur. Bu ölkələ­rin illik ümumi daxili məhsulunun həcmi 1,4 trilyon dollar, il ərzində həyata keçir­dikləri ticarət əməliyyatlarının məbləği isə 855 milyard dollardan çoxdur. Qar­şılıqlı münasibətlərin, müxtəlif sahələr­də əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qərarlar isə Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq.

Təbriz YADİGAROV,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 

Prezident İlham Əliyevin rəhbərli­yi altında Azərbaycanın milli maraq­larının qorunması istiqamətində apa­rılan prinsipial, ardıcıl və qətiyyətli siyasət nəticəsində ölkəmiz regionun inkişafı istiqamətində reallaşdırılan layihələrin fəal iştirakçısına çevrilib. Hazırda ölkəmiz türkdilli dövlətlər və xalqlar arasında dostluq, qar­daşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində üzərinə götürdüyü öh­dəlikləri layiqincə yerinə yetirir. 

Azərbaycanın türk dövlətləri ilə xarici ticarət əlaqələrinin inkişaf me­yilləri göstərir ki, ölkə başçısının “Türk Dövlətləri Təşkilatının hökumətlə­ri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Res­publikasının Qanunu bu ölkələrin iq­tisadiyyatına mühüm töhfə verəcək. Belə ki, sadələşdirilmiş gömrük dəh­lizinin yaradılması üzrə türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində atılan bu addım sayə­sində daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elekt­ron şəkildə mübadilə ediləcək ki, bu da sürətli yük daşımalarına şərait yaradacaq. Bundan əlavə, yük da­şımalarının həcminin artması ilə ya­naşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat logistika sistemi­nin səmərəliliyi artacaq. 

Yeri gəlmişkən, hazırda Logis­tikanın Səmərəlilik İndeksinə görə Türkiyə 3,15 balla 47-cı, Qazaxıstan 2,81 balla 71-cı, Türkmənistan 2,41 balla 124-cü, Qırgızıstan 2,55 balla 108-ci, Özbəkistan 2,58 balla 99-cu yerdədirlər. Azərbaycan isə Logis­tikanın Səmərəlilik İndeksinə görə 2,45 balla 125-ci yerdə qərar tutub. Qeyd edək ki, Logistikanın Səmərə­lilik İndeksi gömrük əməliyyatlarının səmərəlilik indeksi, nəqliyyatın key­fiyyəti və informasiya texnologiyaları, beynəlxalq daşımalara burxılma qa­biliyyəti, logistikanın komponentliyi, yüklərin izlənmə qabiliyyəti və yük­lərin çatdırılma tezliyi ilə müəyyən edilir. Məhz bu baxımdan sadələş­dirilmiş gömrük dəhlizinin yaradıl­ması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yük daşımalarını asanlaşdırmaqla yanaşı, Logistika­nın Səmərəlilik İndiksi üzrə mövqe­yin də yaxşılaşmasına səbəb ola­caq. Eyni zamanda, sadələşdirilmiş gömrük dəhlizi Orta Dəhliz boyunca infrastrukturun inkişafına, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasını şərtləndirə­cək ki, bu da nəqliyyat marşrutu üzrə tranzit potensialının artmasına və iştirakşı ölkələrin regional və bey­nəlxalq nəqliyyat sistemlərinə əlve­rişli şəkildə inteqrasiyasına geniş imkanlar yaradacaq.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

11-1.jpg

İqtisadiyyat