“Ağdam Sənaye Parkı” Qarabağa müasir istehsal gətirir

post-img

Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da intensiv xarakter daşıyır. 

Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək tex­nologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlə­rin göstərilməsi üçün münbit şəraitin ya­radılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni za­manda, ölkənin yerli və xarici investisiya­lar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur. 

Qarabağ və Şərqi Zəngəzurun dir­çəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğal­dan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu sahəyə in­vestisiya cəlb olunması bölgənin resurs­larından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiy­yatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır. 

Hazırda ölkəmizdə iqtisadiyyatın in­kişafına, ixrac potensialının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” da qo­şulub. 

“Ağdam Sənaye Parkı”nın təməli dövlətimizin başçısı tərəfindən 2021-ci il mayın 28-də qoyulub. Xatırladaq ki, bu park Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Burada sosial və texniki zonalar, TIR parkı və tikinti mate­riallarının satışı bazasının yaradılması bölgənin iqtisadi inkişafını sürətləndirmək baxımından mühüm önəm daşıyacaq. Bununla yanaşı, kənd təsərrüfatı məh­sullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, həmçinin soyuducu kameraların təşkili isə regionun aqrar sektorunun dirçəldil­məsinə əsaslı təsir göstərəcək. 

Hazırda bu sənayə müəssisəsində ümumi investisiyalarının həcmi 195 mil­yon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Pre­zidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və İqtisadiyyat Nazirliyinin ai­diyyəti qurumlarının nümayəndələrinin parkda görülən işlərlə tanışlığı zamanı bildirilib.

M.Cabbarov özünün “X” sosial şə­bəkəsindəki hesabında “Ağdam Səna­ye Parkı” ilə bağlı təəssüratını paylaşıb: “Ümummilli lider Heydər Əliyevin ana­dan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam Sənaye Par­kında Prezidentin Ağdam, Füzuli və Xo­cavənd rayonları üzrə xüsusi nümayən­dəsi Emin Hüseynov və həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan infrastrukturla tanış olduq.

İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqa­biliyyətli məhsul istehsalının artırılma­sı kimi istiqamətlərdə həyata keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə və əməkda­şına təşəkkürlərimizi çatdırır, uğurlar ar­zulayırıq”. 

İqtisadiyyat Nazirliyinin yaydığı mə­lumatda isə bildirilir ki, Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə, digər sənaye parkları arasında Sumqayıt Kim­ya Sənaye Parkından sonra 2-ci sənaye zonasıdır. Burada, ümumilikdə, 1800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Hazırda parkda infrastruktur şəbəkəsinin, elektrik, qaz, su xidmətləri­nin qurulması, inzibati binanın tikintisi, o cümlədən rezidentlər tərəfindən bir sıra müəssisələrin tikinti-quraşdırma işləri aparılır.

“BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texno­logiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının isteh­salı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəs­sisədə 120 iş yeri yaradılacaq. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində indiyədək 1 milyon manatdan çox vəsaitə qənaət edib.

“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının re­zidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqaz­da divar kağızlarının istehsalı üzrə ixti­saslaşmış ilk müəssisədir. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsa­lı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. 

Almaniya və Çin texnologiyasından istifadə edilən bu müəssisədə istehsal olunan məhsulların daxili bazara satıl­ması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. 

“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisə­də havalandırma, yanğınsöndürmə ava­danlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda isteh­sal olunan məhsullar daxili bazarın tələ­batının ödənilməsinə yönəldiləcək. “Met­kons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min ma­natdan çox vəsaitə qənaət edib.

Ağdam Sənaye Parkında, həmçinin “Rail Trans Service” MMC-nin avtomat­laşdırma və telemexanika sistemlərinin, “Eel Electric” MMC-nin elektrik paylayı­cı avadanlıqların və elektrik yuvalarının, “Prof-Dam” MMC-nin dam örtüklərinin, “Tabaterra” MMC-nin tütün məmulatları­nın, “Agah Group” MMC-nin metal profil və anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri gö­rülür. Bu müəssisələrin bir qisminin bu il fəaliyyətə başlaması planlaşdırılır.

V.BAYRAMOV
XQ

İqtisadiyyat