Əziz Şuşa, övladların geri qayıdırlar!

post-img

Azad Şuşaya, Laçının Sus kəndinə aparan yolları daha tez işıqlandırmaq, yazın sübh ayazının həzin soyuğunu isitmək üçün bu səhər günəş də erkən oyanmışdı, elə bil. Qaradağ rayonunun Qobu Park-3 yaşayış kompleksinə yığışanlar sevinir, deyib-gülür, zarafatlaşırdı – 32 illik doğma yurd həsrətinə son qoyulanlar da, Şuşaya, ilk qayıdanları yola salmağa gələn doğmaları, əzizləri də. 

Bu yaşayış kompleksi son 1 ildə neçə-neçə Vətənə yön tutan köç karva­larının şahidi olub. Amma bu gün yadda­şımıza özgə bir məzmun və təntənə ilə yazılırdı. Çünki həmin gün təkcə şuşalı­lar üçün deyil, bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan hadisənin şa­hidləri və iştirakçıları olduq. Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiy­mətləndirərək demişdi ki, Şuşasız Qara­bağ, Qarabağsız isə, ümumiyyətlə, Azər­baycan yoxdur! Bu gün Ulu öndərin ruhu şaddır, çünki daha Qarabağın hər qarışı azaddır və azad Qarabağımızın azad Şu­şasına ilk köç reallaşır. 

Jurnalist həmkarımız, yazıçı, eyni zamanda, müvəqqəti məskunlaşdığımız Qobu Parkda qonşum olan Kərim Kərimli də Şuşaya qayıdanlar arasında idi. Für­sətdən istifadə edib Şuşa şəhərinə və La­çının Sus kəndinə qayıdan keçmiş məc­buri köçkünlərin təəssüratlarını öyrəndim. İlk olaraq Kərim Kərimliyə üz tutub onu dinlədim:

– İllər boyu Şuşa həsrətindən kəlbə­cərli şair Sücaətin dediyi kimi, balaları gülə-gülə yatırdıb, ağlayırdım, yatmırdım ki, gecələr. Son neçə gecə isə sevincdən, həyəcandan yuxum qaçıb. Doğma Şuşa­ya qayıtmaq, orada yaşamaq, yazıb-ya­ratmaq ən böyük arzum idi. Ancaq mən heç vaxt ümidimi itiməmişdim, hər zaman dövlətimə, möhtərəm Prezidentimizin əz­minə, iradəsinə inanırdım. Hətta şeirlə­rimdə də Şuşanın erməni işğalçılarından necə azad ediləcəyini, ora necə qayıda­cağımızı təsvir edirdim. Bu gün xəyalla­rımızın gerçək, arzularımızın çin olduğu həmin gündür. Allaha çox şükürlər olsun! Bir şeyi də deyim ki, mən azad Şuşa haqqında yeni əsərimi artıq başlamışam. Əvvəlini Bakıda yazmışam, sonunu Şu­şanın özündə bitirəcəm...

Hərbi geyimdə, sinələri medallar­la bəzənmiş dörd gənc diqqətimi çəkir. Yaxınlaşıb tanış oluram. Məmədli Elmir Elman oğlu, Eyvazlı Nicat Sərdar oğlu, İmranzadə Ağasəlim Elçin oğlu, Məmmə­dov Elvin Aqil oğlu. Dördü də şuşalıdır. Bildirirlər ki, Vətən müharibəsinə könüllü qatılıblar, müxtəlif istiqamətlərdə, o cüm­lədən Şuşa uğrunda gedən dyüşlərin işti­rakçısı olublar: “Birimiz Daşaltıda, birimiz Şuşa yolunda yaralanmışıq. Böyük qələ­bəmizdə az da olsa bizim də əməyimiz olduğu üçün fəxr edirik. Müzəfər Ali Baş Komandanımıza, dövlətimizə ürəkdən minnətdarıq ki, bizim xidmətlərimizi yük­sək dəyərləndirirlər və bu gün biz Şuşaya daimi yaşamaq üçün ilk qayıdanların sı­rasındayıq”. 

Şuşanın qəhrəman övladları onu da bildirirlər ki, dördü də neçə müddətdir Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində ixtisaslarına uyğun işlə təmin olunublar. Yəni, onların məşğulluq problemi hələ əv­vəldən həll edilib... 

Qayıdış həyəcanı yaşayan laçınlıla­rı da unutmuruq. Sus kəndinə qayıdan ailələrə yaxınlaşıb onların da sevinclərinə şahid oluruq. İsgəndərov Oqtay İsmayıl oğlu uzun illər müəllim kimi gənc nəslin milli vətənpərvərlik ruhunda böyümə­si üçün əmək verib. Bu gün şagirdlərin düşmən tapdağından azad etdiyi, dövlə­timizin isə qısa vaxtda yenidən cənnətə çevirdiyi doğma yurduna dönürdü:

– 32 illik həsrətimiz bitir, öz torpağımı­za, Laçınımıza qayıdırıq. Məcburi köçkün kimi ailəmlə birgə Binəqədi rayonunda Bakı Humanitar Kollecin yataqxanasında məskunlaşmışdıq. Hər zaman dövlətimi­zin qayğısını hiss etmişik. Sağ olsunlar, bu dəfə də şəraitimizi nəzərə alaraq bizi ilk qayıdanların siyahısına saldılar. Daha bundan sonra yataqxanada deyil, Laçın­da, Sus kəndində yeni tikilmiş gözəl, şə­raitli evimizdə yaşayacağıq. Allah cənab Prezidentimizi qorusun!

İsgəndərov Şahin Bəykişi oğlu da Sus kəndindəndir. Dedi ki, həyəcandan hiss­lərimi ifadə etməkdə çətinlik çəkirəm, bu duyğuları sözlə anlatmaq asan deyil:

– Bu gün mənim Laçından məcburi köçkün düşdüyümün 32 ilinin tamam ol­duğu gündür. İndi təsəvvr edin ki, hansı həyəcanı yaşayıram. Bizim üçün bundan sevincli gün ola bilməz. Allah möhtərəm Prezidentimizi qorusun, şəhidlərimizə rəh­mət eləsin, qazilərimizə şəfa versin! Onla­rın sayəsində bu xoşbəxt anları yaşayırıq.

...Nəhayət, köç karvanı yola düşdü. Şuşaya və Susa qayıdanların ümid, sev­gi, qürur dolu baxışları irəli, Vətən yoluna yönəldi. 

Əzizlərini, qohumlarını yola salmağa gələnlər isə gedənlərə uğurli yol diləyib, bu gözəl anlar üçün Tanrıya və qələbəmi­zin səbəbkarlarına dualar edə-edə dağı­lışdılar – tezliklə özlərinin də Böyük Qayı­dışın iştirakçısı olmaları arzusu ilə!

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respub­likanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq ti­kililər və inzibati binalarda müvəqqəti məs­kunlaşmış ailələrdən ibarət köç karvanı Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə yola salınıb. İlk mərhələdə Şuşa­ya 88 nəfərdən ibarət 20 ailə və Susa 75 nəfərdən ibarət 20 ailə köçürülüb.

Mahir RƏSULOĞLU,
yazıçı-jurnalist

Sosial həyat