Türk Dünyası media simpoziumuna hazırlaşır

post-img

Türk xalqlarının birliyi bu gün bütün dünyanın bəlkə də ən geniş danışılan mövzularından olmaqla, dünya çapında da xüsusi önəm daşımaqdadır. Uzun illərdən sonra talelərinə sahib olmuş türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində əməkdaşlıq imkanlarını daha da genişləndirir, eyni zamanda, müasir dünyada yeni bir qüdrətli birlik qurur və onun təməllərini daha da inkişaf etdirirlər. Aparılan çoxmiqyaslı islahatlar təkcə qardaşlıq və dostluq əlaqələrini zənginləşdirmir, həm də bütün sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığın ən yeni uğurları ilə gündəmi təsdiqləyir. 

Bu sırada eyni kökdən gələn mədə­niyyətimizin, dinimizin, dilimizin tarixi çoxsaylı elmi araşdırmaların, beynəlxalq konfransların ən çox danışılan mövzula­rındandır. Bu barədə müxbirimizə bu ilin oktyabırında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Türk Dünya­sında Mətbuat” simpoziumunun təşkilat komitəsinin rəhbəri, Egey Universiteti­nin Türk Dili və Ədəbiyyatı kafedrasının müdiri Yılmaz Özkaya bildirir. Qeyd edək ki, bütün yaradıcılıq uğurları Egey Universiteti ilə bağlı olan Yılmaz Özka­ya bu universitetdə təhsil almış, əmək fəaliyyətinə də burada başlamışdır. Elmi araşdırmalarının böyük bir hissəsi Azər­baycanla bağlıdır, Türkiyə–Azərbaycan ədəbi əlaqələrinin inkişafında əvəzsiz xidmətləri ilə tanınan professor Yavuz Akpınarın tələbəsi olmuşdur. Əslən də Azərbaycanın Gəncəbasar bölgəsindən olduğu bildirilir. 

Beynəlxalq tədbirin önəmindən danışan Yılmaz bəy deyir: 

– Türk dünyası indi tarixin çox önəmli bir dövrünü yaşamaqdadır və bu birliyin günü-gündən gücləndiyini daha yaxından görməkdəyik. Xüsusən də Azərbaycanın Qarabağ zəfərindən sonra türk birliyi öz inkişafının yeni bir tarixi mərhələsinə qə­dəm qoydu. İndi dünyanın elə bir məkanı yoxdur ki, bu barədə müzakirələr getmə­sin. Həm dövlət qurumlarının, həm qey­ri-hökumət təşkilatlarının, həm də elmi və siyasi dairələrin gündəmində bu mövzu aktuallığını günbəgün artırmaqdadır. Bu ilin oktyabırında Türkiyənin məşhur təhsil ocaqlarından olan Egey Universitetində “Türk Dünyasında Mətbuat “simpoziu­mu”nun təşkili bu sahədə yeni bir addım olacaq. Əslində, bu toplantı ikinci dəfədir ki, baş tutur və bu il də universitetimizin evsahibliyi ilə türk birliyi tariximizə yeni töhfələr verəcəyinə əminəm. 

– Yəqin ki, simpoziumun məqsəd və vəzifələri də buradan qaynaqlanır?

– Bu Egey Universiteti Ədəbiyyat fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsinin təşkilatçılığı ilə keçiriləcək və sonrakı illərdə də davam edəcək bir elmi toplantıdır. Türk Dünyasında Mət­buat – qısa adı TDM olan bu simpozium müasir türk toplumlarının dil, ədəbiyyat, folklor, siyasi və ictimai tarix, sosial və mədəni həyatındakı yeni, aktual və ori­jinal araşdırmaların təqdim edildiyi və açıq müzakirə edildiyi bir mühitdir. Sim­pozium iştirakçılarının sessiyalarda fəal iştirakı təmin edilir, bununla da onlar elmi təcrübələri ilə başqa sahələrdəki müzakirələrə də töhfə verirlər. Beləliklə, TDM mühiti müxtəlif elm sahələrini təm­sil edən tədqiqatçılar arasında birbaşa informasiya mübadiləsini təmin etməklə türk dünyasındakı elmi problemlərin həlli perspektivini genişləndirmək və dərinləş­dirmək məqsədinə nail olurlar. 

– Yılmaz bəy, simpoziumun təq­dimatında diqqətçəkən bir məram da var: Həsən Məlikzadə Zərdabinin əziz xatirəsi...

– Haqlısınız, belə bir məram var və onun diqqətçəkən olması məni çox qürur­landırır. Ona görə ki, sovetlər birliyi dağı­landan sonra müstəqilliyini qazanan türk xalqlarının bütün şüurlu həyatında Həsən bəyin xüsusi yeri var. Onun “Əkinçi”si isə bu məkanda ilk qəzetdir və Qafqaz türk­lərinin ilk özəl gəzeti olaraq cəmiyyətin həyatında hadisədir. Çar hakimiyyətinin ağır təzyiqləri, çahillik rəmzi olan ruhanilə­rin qadağaları, o dövrdə də akyual olan erməni böhtanları ilə mübarizə aparan “Əkinçi” qəzetinin nəşr tarixi 1875-ci il, əbəs yerə deyil ki, Azərbaycan türklərinin milli mətbuatının başlanğıcı hesab edilir. Vur-tut 56 nömrəsi işıq üzü görən qəzet elə böyük ənənənin təməllərini qoydu ki, ondan sonra Qafqazda Üniszadə qardaşlarının nəşr etdirdiyi “Ziya”, “Ziya­yi-Qafqaziyə” və “Kəşkül” jurnalı Qafqaz mühitində türkçülük məfkurəsinin inkişa­fında böyük rol oynadı. Qafqazda yara­nan dövri mətbuatdan sonra 1883-cü ildə Krımda İsmayıl Qaspıralının nəşr etdirdiyi “Tərcüman” qəzeti türk dünyasında uzun müddət öz təsirini davam etdirdi. Qəzet “Üsuli Cədit” hərəkatının Rusiya türkləri arasında yayılmasında və sistemləşdi­rilməsində mühüm rol oynadı. Üstəlik, Rusiyada yaşayan türk xalqlarının qəflət yuxusundan oyatdı. 1905-ci il inqilabın­dan sonra senzuranın aradan qaldırılması ilə müsəlman–türk nəşrlərinin sayı artdı. Camaatı cəhalətdən oyatmaq istəyi daha sadə və anlaşılan türkcə yazmaq zərurə­tini doğurdu. Kazanda Yusuf Akçuranın “Kazan müxbiri”, Hadi Maksudinin “Ul­duz”, Rızaəddin Fəxrəddinin “Şura” və Remiyev qardaşlarının “Vakit” qəzetləri dövrünün ən mühüm nəşrləri hesab olu­nur. Bu dövrdə Azərbaycanda Əli Mərdan Topçubaşovun “Həyat”, Əhməd Ağaoğ­lunun “İrşad”, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”, Əli bəy Hüseynzadə­nin "Təzə həyat", bir az sonra "Füyuzat" jurnalı, Əhməd Ağaoğlunun nəşr etdir­diyi "Tərəqqi" və adlarını çəkmədiyimiz nəşrlər cəmiyyətin həyatında yeni ideya və fikirləri formalaşdıran məktəb rolunda oldular. 1906-cı ildə nəşrə başlayan “Xur­şid”, “Şöhrət”, 1913-cü ildə Mahmud Hoca Behbudinin nəşr etdirdiyi “Səmərqənd”in nəşriyyat ömrü uzun sürməsə də, mühit üçün əhəmiyyətli idi. Əlbəttə, bu elə geniş mövzudur ki, onun bu gün də araşdırıl­ması və öyrənilməsi vacibdir. Bu sahənin elm adamlarının Türk Dünyasına xidmə­tinin önəmli bir parçası kimi bu məsələlər həmişə diqqətimizdə olmalıdır.

– Əslində, bu ənənələr sovetlərin işğalı dövründə də davam etdirildi, ziyalıların böyük bir qismi repressiya qurbanı olsalar da türkçülük idealları­nı həm dövrün mətbuat orqanlarında, həm də xaricdəki nəşrlərdə qorudular.

– Haqlısınız, 1920-ci illərdə sovet işğalı altında olan türk yurdlarında yaşa­yan ziyalıların böyük bir qismi öz ölkələ­rini tərk etmək məcburiyyətində qaldılar. Türküstandan Mustafa Çokayoğlu və Os­man Hoca, Krımdan Cəfər Seyd Əhməd Kırımər, İdil-Uraldan Ayaz İshaki, Sadri Maksudi və Zəki Velidi Toqan, Azərbay­candan Əhməd Ağaoğlu və Məmməd Əmin Rəsulzadə kimi siyasi liderlər so­vetlərə qarşı mübarizələrində mediaya üstünlük verdilər. Qəzet və jurnalların ça­pına nail oldular. Belə nəşrlər sırasında, xüsusilə “Yeni Kafkasya”, “Azəri Türk”, “Yeni Türkistan”, “İleriş”, “Azərbaycan Yurt Bilgisi”, “Odlu Yurd” və “Əməl” kimi məşhur nəşrlər çox geniş auditoriyaya qazandılar. Beləliklə, rus-sovet coğrafi­yasından kənarda mühacir mətbuatı və ədəbiyyatı formalaşdı.

Tarixən də məlumdur ki, mətbuatın fəaliyyəti təkcə siyasi hərəkətləri deyil, həm də ədəbi fəaliyyətləri istiqamətləndi­rir. Türk dünyasında inkişaf edən texno­logiya və saysız-hesabsız qəzet və jur­nalların çapı ilə mətbuatın ciddi bir gücə çevrilməsi və təsirini qoruyub saxlaması çağımızın qaçılmaz alətinə çevrilib. Bu simpoziumda çarlıq dövründən bu günə kimi mətbuat sahəsində dəyərli sayılan, cəmiyyəti formalaşdıran və dinamika­sı olan qəzet və jurnalların fəaliyyəti də dəyərləndiriləcək.

– Konfransın işinə bütün türk dün­yasını cəlb etmək mümkün olacaqmı?

– Təbii ki, bu bizim böyük arzumuzdur. Bu günümüzdə baş verənlər, o cümlədən iqtisadi sıxıntılar işlərimizi xeyli çətinləş­dirir, amma həvəsdən salmır. Türkiyə, Şimalı Kipr, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Gürcüstan, İran, İraq, Alba­niya, Bosniya və Herseqovina, Almaniya, Cənubi Koreya, Monqolustan, Rusiya – Tatarıstan, Xakasya, Qaqauziya, Tiva, Altay, Saxa (Yakutiya) kimi ölkələrdəki bəzi həmkarlarımızla danışıqlarımız olub. Simpoziumda həm üz-üzə, həm də onla­yan iştirak planlanlaşdırılıb. Yeri gəlmiş­kən xatırladım ki, iştirak etmək istəyənlə­rin müraciətlərinin tarixini 15 iyuna qədər uzatdıq.

Maraqlananlar www.tdmodernlesme­si.ege.edu.tr simpozium səhifəsindən və əlaqə üçün [email protected] ün­vanından faydalana bilərlər. Milli dəyər­lərə bağlı olan və türk dünyasının birliyi naminə orijinal düşüncəli hər kəsi 15–19 oktyabr 2024-cü il tarixli simpoziumumuz­da görmək arzusundayıq. Yeri gəlmişkən qeyd edim ki, Türkiyədən Ankara Hacı Bayram Vəli Universiteti, Azərbaycandan Xəzər Universiteti və Özbəkistandan Si­vilizasiya və İncəsənət Universiteti tərəf­daşımız sırasındadırlar. Məqsədimiz Türk Dünyasına fayda verməkdir.

– Müsahibə üçün sağ olun. La­yihəyənizin ölkələrimizə və bütün Türk Dünyasına xeyirli olmasını arzu edirik.

Namiq QƏDİMOĞLU
XQ



Müsahibə