Sığorta pambıqçıları da ziyandan qoruyacaq

post-img

Azərbaycanda ənənəvi əkinçilik növlərindən sayılan pambıqçılıqla məşğul olan fermerlər bu gəlirli sahəyə daha çox maraq göstərəcəklər. Bu ildən etibarən dövlət kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pamçıqçılığı risklərdən qorumaq məqsədilə fermerlərin yanında olacaq, onlara göstərilən dəstəyi bir qədər də artıracaq. Bu sahədə tətbiq olunan başlıca yenilik pambıq sahələrinin sığorta zərfinə daxil edilməsi ilə bağlıdır. 

Aqrar Sığorta Fondunun məlumatına görə, yeni mövsümdən etibarən güclü yağışların təsirinə məruz qalmış pambıq sahələrinə dəymiş ziyana görə fermer­lərə sığorta ödənişləri ediləcək. Bunun üçün da pambıq əkini ilə məşğul olan fermerlər üçün vacib və sərfəli yenilik kimi diqqət çəkir. Pambıq sahələrinin yağış­dan sığortalanmasının baza zərfinə aid edilməsi fermerlərin də ürəyincədir. Artıq dövlətin sığorta haqqına göstərdiyi 50 fa­izlik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin ictima­iyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, artıq pambıq sahələrinin sığortası mövsümü başlayıb. Xatırladaq ki, pambıq Azərbaycan iqtisa­diyyatında, eləcə də ölkənin ixrac poten­sialında əhəmiyyətli paya malikdir. Belə ki, hazırda bu strateji məhsul Azərbayca­nın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir. 

Hazırda ölkədə, təqribən, 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir. Pambıqçılıqda məşğul əhalinin sayı isə 200 min nəfərdən çoxdur. Ümumilikdə, ölkənin 20-yə yaxın rayonunda pambıq əkilir. Ən çox pambıq becərilən rayonlar isə Saatlı, Ağcabədi, Sabirabad, Bey­ləqan və İmişlidir. 

Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssas­dır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan ya­ğışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət et­məlidir.

Ekspertlərin sözlərinə görə, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə böyük zərər vurur. Belə ki, 2022–2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad, Bərdə, Ağdam və Ağcabədi rayonlarının pambıq sahələri sel-subas­ma, leysan və dolu hadisələrindən ciddi ziyan görüb. Bunun da nəticəsində tar­lalarda məhsuldarlıq aşağı düşdüyün­dən fermerlərin gəlirləri nəzərəçarpacaq dərəcədə azalıb. 

Cari ildən yağış riskinin də sığorta zərfinə əlavə edilməsi fermerlər üçün mü­hüm yenilik sayılır. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə olunub. Nəticədə pambıqçı fermerlər baza zərfi ilə sığortalandıqda yağış riskin­dən də qorunmuş olacaqlar. Məlum oldu­ğu kimi, indiyədək pambıq əkini ilə məş­ğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. Bəzən isə fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını dü­şünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər. 

Aqrar sığortanın şərtlərinə görə, pam­bığın ən çox yetişdirildiyi Mil-Muğan, Mərkəzi Aran və Salyan–Şirvan iqtisadi rayonlarında 1000 manatlıq pambığın sı­ğortalanması üçün hesablanmış sığorta haqqı 14,2 manatdır, fermer bu məbləğin yarısını – 7,1 manatını ödəməklə öz məh­sulunu sığortalayır. Məbləğin qalan yarı­sını fermerə dəstək üçün dövlət özü ödə­yir. Pambığın sığorta qiymətini fermerlər “Sığorta kalkulyatorları” bölməsindən böl­gəni, məhsuldarlığı, ərazini qeyd edərək hesablaya bilərlər.

Aqrar Sığorta Fondunun məlumatına görə, pambıq sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinin yaxın günlərdə başlanacağı gözlənilir. Bu addımlar çər­çivəsində yüzlərlə fermerə aqrar sığorta ödənişi veriləcək. 

Yeri gəlmişkən, dövlətin kənd təsərrü­fatına dəstəyinin nəticəsi olan aqrar sığor­tadan bəhrələnənən fermerlərin sayı və onlara ödənilən vəsaitin məbləği ildən-ilə artır. Aqrar Sığorta Fondunun məlumatı­na görə, 2024-cü ilin ilk rübündə sığortalı fermerlərə, ümumilikdə, 1 milyon 752 min manat vəsait ödənilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox­dur. Hesabat dövründə sığorta ödənişlə­rinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı isə heyvandarlıq üzrə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib. İlin ilk üç ayı ərzində ən çox sı­ğorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Regionlar üzrə isə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarının təsərrüfatları üzrə qeydə alınıb. 

Bu da ölkədə aqrar sığortaya inam getdikcə artır. Nəticədə, sığorta müqa­vilələrinin sayı aybaay, ilbəil çoxalır. Tək­cə onu qeyd etmək kifayətdir ki, 2024-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 323 min hek­tar əkin sahəsi, eləcə də 882 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqri­bən 7 faiz artıb. Bütövlükdə isə, hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrü­fatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə, 7 milyon 352 min manat sığorta haqqı toplanıb. İlin əvvəlin­dən ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. 

M. YAQUBZADƏ
XQ

İqtisadiyyat