Azərbaycanın qlobal enerji bazarında rolu və mövqeyi yüksəlir

post-img

Dünya enerji olmadan yaşaya bilməz. Lakin son illərdə neft və qaz sənayesinə qarşı aparılan təbliğat əsassız olduğu kimi, mövcud reallığı da əks etdirmir. Gerçək olan budur ki, enerji təhlükəsizliyini təmin etmək üçün fosil yanacaqdan tam imtina mümkün deyil, eyni zamanda, bərpaolunan mənbələrə sərmayə yatırmaq zəruridir.

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində bildirdi ki, dünya faydalı qazıntı olmadan yaşaya bilməz: “Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”.

Hər bir ölkə üçün neft-qaz kimi strateji sərvətlər milli resursdur. Azərbaycan bu resurslardan gəlir əldə etməklə və eyni zamanda, təmiz enerji layihələrinə sərmayə cəlb etməklə enerji siyasətini formalaşdırır. Doğru enerji siyasəti, əslində, milli maraqlar zəminində aparılan praqmatik siyasətdir.

Azərbaycan uzunmüddətli enerji siyasətində milli maraqları önə çəkərək tədricən neft-qazdan dayanıqlı enerjiyə keçid strategiyası formalaşdırır. Ölkə rəhbərliyi illərdir ki, neft və qazdan əldə olunan gəlirləri iqtisadiyyata sərf edərək yeni texnologiyalara və bərpaolunan enerji layihələrinə də investisiya yatırır. Bu praqmatik yanaşma Azərbaycanı həm iqtisadi cəhətdən gücləndirir, həm də beynəlxalq tərəfdaşlar qarşısında etibarlı enerji təminatçısı kimi tanıdır. Regionun enerji ilə zəngin potensialından düzgün istifadə Avropa üçün də alternativ mənbə deməkdir.

Rusiya–Ukrayna müharibəsi, Hörmüz boğazı ətrafında baş verən natarazlıqlar göstərdi ki, alternativ təchizat zəncirləri və enerjinin ötürülməsi baxımından təhlükəsizlik ilkin şərtdir. Cənub Qaz Dəhlizi Avropaya Azərbaycan qazı daşıyır, bu isə daha şaxələnmiş, etibarlı və təhlükəsiz qaz təchizatı deməkdir. Ölkəmiz 16 ölkəni mavi yanacaqla təchiz edir. Enerji sahəsində birgə layihələr gücləndirilir.

30 il öncə Azərbaycan xarici investorların cəlb edilməsinə yönəlmişdisə, bu gün ölkə nəhəng neft-kimya kapitallarına sahibdir və əksinə, sərmayə yatırır. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) strateji məqsədi artıq yalnız daxili neft-qaz sektoruna güvənmək deyil, dünyada güclü iştirakçılardan birinə çevrilməkdir. Bu kontekstdə SOCAR artıq dünyanın müxtəlif regionlarında iri investisiya layihələrinə qoşulur.

2025-ci ilin sentyabrında SOCAR İtaliyanın “Italiana Petroli” şirkətinin 99.82 faizlik payını API Holdinqdən aldı. Bu, SOCAR-ın Avropa bazarında downstreym (pərakəndə yanacaq şəbəkəsi) mövqeyini əsaslı gücləndirdi. Mayın 28-də isə Romada Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR Italia”nın rəsmi açılışını qeyd etdi.

Azərbaycan Dövlət Neft Şirkəti qardaş Türkiyədə də böyük layihələrə sahibdir. 2018-ci ildə “SOCAR STAR” neft emalı zavodunun istifadəyə verilməsi bu sahədə ən iri investisiya hesab olunur. Bundan əlavə, ötən ilin yayında SOCAR Özbəkistanda, “Şimali Üstyurt” səhrasında yerləşən 6 qazma blokunda hasilat payı sazişi imzaladı. SOCAR-ın payı operator kimi 30 faizə bərabərdir.

Bütün bunlarla yanaşı, Dubayda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan rəhbərliyi və Pakistan hökuməti arasında SOCAR-ın yanacaqdoldurma, LNG tədarükü və neft-qaz sahəsində əhəmiyyətli investisiya razılaşmaları müzakirə edildi. Pakistan Maliyyə Nazirliyinin məlumatına görə, SOCAR yaxın aylarda ölkənin neft-qaz sektoruna yeni sərmayəni reallaşdırmağa hazırlaşır.

Dövlət Neft Şirkəti Afrika bazarına da daxil olmaqda sürət qazanıb. Məsələn, 2026-cı ilin yanvarında SOCAR Kott Divuvarının (Fildişi sahili) Balein layihəsində 10 faiz pay alıb. Martda isə Cidde, Misir (EGYPS-2026) sərgisində SOCAR Trading Misir Ümumi Neft Şirkəti (EGPC) ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Bu saziş SOCAR-a Misir bazarına daha çox həcmdə neft-qaz məhsulu çıxarmaq və yeni layihələrdə iştirakı genişləndirmək imkanı yaradacaq. Ümumilikdə, son illərdə Azərbaycan Cənub Afrika Respublikasının, Keniya, Ekvatorial Qvineya, Əlcəzair və Nigeriya kimi ölkələrin neft-qaz şirkətləri ilə enerji sahəsində anlaşmalar imzalanıb.

Bu göstəricilər Azərbaycan təcrübəsinin uğurunu göstərir. Bir zamanlar ölkəmiz sərmayələrin yatırılması ilə iqtisadi diversifikasiyanı təmin edirdisə, bu gün xarici bazarlara sərmayə yatıran oyunçuya çevrilib. SOCAR-ın qlobal miqyaslı strateji addımları həm ölkəmizin iqtisadi qüdrətini artırır, həm də Avropa, Yaxın Şərq və Afrika üçün alternativ enerji mənbəyi kimi çıxış edir.

Azərbaycan neft-qaz strategiyasında milli maraqlar prinsipinə əsaslanan praqmatik xətt tutub. Bu yanaşma SOCAR-ın dünya energetikasında yeni rolunu təmin edir. Şirkət artıq həm təchizatçı, həm də iri investor funksiyalarını uğurla həyata keçirir.

Məsələyə digər tərəfdən – ölkəmizə yatırılan investisiyalar aspektindən baxıldığı zaman da olduqca xoş mənzərə görmək mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatına indiyədək 350 milyard ABŞ dollarını ötən investisiya cəlb edilib. Mürəkkəb geosiyasi mühitə malik Cənubi Qafqaz regionunda bu qədər böyük maliyyə axınının təmin olunması ölkənin iqtisadi siyasətinin çevikliyini və strateji idarəetmə bacarığını aydın şəkildə nümayiş etdirir.

Həmçinin Azərbaycana yatırılan investisiyalara paralel olaraq ölkəmizin də xaricə olan vəsait qoyuluşu olduqca çoxdur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) “Qlobal İnvestisiya Hesabatı”nda deyilir ki, 2000-2024-cü illər ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2000-2023-cü illərdə 28 milyard 644 milyon ABŞ dolları, 2000-2010-cu illərdə isə 5 milyard 790 milyon ABŞ dolları olub.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat