İki Məhəmməd dühasının ədəbi-estetik görüşü

post-img

Füzuli poeziyası Rəsulzadə poetikasında

II yazı

Böyük demokrat Məhəmməd Əmin Rəsulzadənin qəlbi “fars millətçiliyin­dən uzaq olub, türk sevgisi ilə dolu” olan dahi Nizami Gəncəvi ilə könüllər sultanı Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemalarının bənzərliliyi və fərqliliyi barədə fikirləri maraqlıdır. O, özünün çox qiymətli “Azərbaycan şairi N.Gəncəvi” adlı monoqrafiyasın­da həmin poemaları qarşılaşdırmış və mükəmməl təhlil aparmışdır. 

İlk növbədə, bu əsərləri iki şairi Azər­baycan adı ilə sıx bağlayan amil kimi dəyərləndirən Məhəmməd Əmin yazır­dı: “…hər iki əsər kəndi növündə orijinal, kəndi növündə böyük və kəndi növündə yüksəkdir. Nizami də, Füzuli də klassik Şərq ədəbiyyatının ölçüləməz birər var­lığıdır. Ölçüləməyənləri qarşılaşdırmaq dəxi bəhs konusu olamaz. Böyüklük, ki­çiklik kimi nisbət anlamı dışında, iki şah əsərin özəlliklərinə işarət etmək lazım gə­lirsə, ancaq şunu söyləyə biliriz: Nizami Məcnunu şeirləşdirmiş isə, Füzuli şeiri məcnunlaşdırmışdır”. 

O, poemaların həcm fərqləri (Nizami­nin poeması 4600, Füzulinin poeması isə 3200 beytdən ibarətdir), hər iki poemanın əsasən eyni vəzndə və məsnəvi tərzində yazılmasına baxmayaraq, Füzulinin əsə­rində digər müxtəlif vəznlərdə olan qəzəl­lərdən, hətta bəzən dördlüklərdən istifadə edilməsi, Nizamidən fərqli olaraq Füzuli­də “təmsillərlə hekayə içində hekayələr əkləməsinin” olmaması, bir sıra epizod­ların dəyişdirilməsi və yeni epizodların əlavə edilməsi, fərqli dillərdə yazılması və s. faktlarla Füzulinin Nizamidən iqtibas etməsi barədə söylənilən əsassız fikir və düşüncələri faktlar əsasında qətiyyətlə rədd edib. 

Azadlıq carçısı M.Əmin poemalar ara­sındaki bənzərlik və fərqliliyi həm də on­ların müəlliflərinin ədəbi şəxsiyyətlərinin və yaradıcılıq ruhlarının müxtəlifliyində axtarırdı. Onun fikrincə, Nizamidə tarixi­lik, tarixə yaxınlıq, hadisələri real sferaya gətirmək meyli daha üstündür. Füzulidə isə tərsinədir. O, real tarixi hadisələri və şəxsləri mifikləşdirmiş, təbii həyat qay­ğılarından sıyrılan ilahi bir eşqin xəyalını təsvir etmişdir. M.Ə.Rəsulzadəyə görə, “Nizamidə adi bəşəri duyğu və əlaqələr­dən ayrılmamış görünən Məcnun Füzu­lidə “bəşərililiyindən” tamamilə ayrılmış bir şəxsiyyət halındadır”. Bu da Füzulinin hadisələri zehnindəki təsəvvürə görə təs­vir etməsindən, məhəbbəti ilahiləşdirmək və ölümsüzləşdirmək istəyindən irəli gə­lirdi. Füzulidə məhəbbət motivləri daha güclüdür. Onun qəhrəmanlarının ölümü bir-birinə qovuşmaları, eşqin ölməzliyi və əbədiliyi, məhəbbətin təntənəsidir. İlahi yolun başlanğıcıdır. 

M.Ə.Rəsulzadənin Füzulinin Azər­baycan, Şərq, o cümlədən bütün dünya ədəbiyyatına təsiri barədə fikirləri ma­raqlıdır. Tanınmış filosof və dövlət xadimi “Azərbaycan kültür gələnəkləri”ndə Fü­zulini Şərqin “ən böyük liriki” hesab edir. Yuxarıda da qeyd etdiyimiz kimi, o, Fü­zulini nəinki Azərbaycanı, bütün türk dün­yasını həyəcanlandırmaq qabiliyyətinə malik şair sayır. 

Orta əsrlər Azərbaycan ədəbiyyatı öz inkişafının zirvəsinə, şübhəsiz ki, Füzu­li sənətində çatır. Lakin Füzuli XIX əsrin axırlarına kimi Azərbaycan ədəbiyyatında hakimi mütləq olub. Rəsulzadə “Azər­baycan Cümhuriyyəti” əsərində qeyd edirdi ki, Azərbaycan türk ədəbiyyatının müstəqil bir cərəyan şəkli almasında Fü­zulinin türkcə yazması mühüm rol oyna­mışdır. Eşq şairi istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb for­malaşdırmışdır. Təsadüfi deyil ki, ingilis yazıcı və şərqşünası E.J.Vilkinson Gibb “Osmanlı poeziyası tarixi” adlı əsərində onun “türk şeirinin bayrağını əlçatmaz yüksəkliklərə qaldırdığını” göstərib. 

M.Ə.Rəsulzadə proletkultçuların, kommunist-bolşeviklərin Füzuliyə, o cüm­lədən klassik ədəbiyyatın digər görkəmli nümayəndələrinə neqativ yanaşmasına da öz münasibətini bildirib. O, sovet döv­ründə məktəblərdə böyük şairin həyat və fəaliyyətinin öyrədilməsinə laqeyd olan, “Rusiyadakı inqilabi ədəbiyyat ilə hesab­laşmaq lüzumunu” irəli sürən “bolşevik firqəçiləri və sovet münəqqidlərini” kəskin tənqid edirdi. “Türk harsı və millətçiliyi əleyhində bir nümayiş” adlı məqaləsində belələrinə kəskin cavab vermişdi. Tarixin sonrakı gedişi də böyük mütəfəkkirin haqlı olduğunu sübut etdi.

1959-cu ildə Füzulinin şah əsəri “Leyli və Məcnun” ingiliscəyə tərcümə ilə UNESCO tərəfindən yayımlanıb, həmçinin alman, ispan və rus dillərinə də çevrilib, ABŞ-ın populyar ədəbiyyat portallarında əsərləri yayınlanıb, müxtəlif dillərdə yazılmış ensiklopediyalarda ona həsr olunan səhifələr digər klassik şair­lərimizə həsr olunanlardan daha çoxdur. İnternet resurslarında haqqında 500 min­dən çox başlıqda link açılıb, 1994-cü ildə UNESCO tərəfindən “500-cü ildönümün­də Füzuli” adlı beynəlxalq tədbir keçirilib. Nəhayət, “Dahi Azərbaycan şairi Məhəm­məd Füzulinin 530 illiyinin qeyd edilmə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalaması Rə­sulzadənin şair haqqındakı qənaətlərinin təntənəsi, Füzulinin yalnız Azərbaycan ədəbiyyatının deyil, bütün dünya ədəbiy­yatının görkəmli nümayəndəsi olmasının sübutudur. 

İmran VERDİYEV,
Əməkdar müəllim



Mədəniyyət