Zəngin Anadolu mədəniyyətinin təbliğ olunduğu günlər çərçivəsində keçirilən tədbirlərdə ölkəmizi İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər təmsil edir.
Həmvətənimiz milli musiqi və rəqslərimiz haqqında iştirakçılara məlumat verərək bildirib ki, dünya musiqi xəzinəsinin incisi olan Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, xalq və bəstəkar mahnılarımız da dünyanı dolaşmaqda, sevilməkdədir.
Tədbirin dünyanın müxtəlif bölgələrində qeyd edilən “Analar Günü” ərəfəsində keçirildiyinə diqqət çəkən Səidə Ömər Azərbaycan qadınının tarix boyu göstərdiyi cəsarəti və fədakarlığı sayəsində tanınması ilə yanaşı, həm də zəriflik nişanəsi olduğunu vurğulayıb. O, bunun Azərbaycan qadın rəqslərində ən gözəl şəkildə əks etdirildiyini deyib. Azərbaycan ədəbiyyatının müxtəlif nümunələrindən epizodları səsləndirən sənətçi “Xalabacı” rəqsini ifa edib.
Türkiyənin məşhur incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə soydaşımızın çıxışı dönə-dönə alqışlanıb.
XQ