Parisdə Zəfər ruhu və Üzeyir Hacıbəyli irsi bir arada

post-img

Fransanın paytaxtı Parisdə 8 Noyabr – Zəfər Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili tədbir keçirilib.

XQ xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirin aparıcısı, məşhur fransız jurnalist və publisist Jan-Mişel Bryun çıxışında Şuşa ilə bağlı xatirələrini bölüşüb. Azərbaycan Ordusunun qəhrəmanlığını, Zəfər Gününün mənəvi əhəmiyyətini və qazanılan qələbənin tarixi dəyərini vurğulayıb. Həmçinin Üzeyir Hacıbəylinin bənzərsiz musiqi irsindən danışaraq, onun həm Azərbaycan, həm də dünya musiqi mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib.

Daha sonra “Trio Avey” ansamblı - Ağarahim Quliyev (fleyta), Azusa Lozing (fortepiano) və Laure Volpato (violonçel) Azərbaycan və Qərbi Avropa klassik musiqisindən seçmələr ifa edib. Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, İohann Sebastyan Baxın, Azusa Lozingin əsərləri dinlənilib.

Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyev (Rövşən Nur) tədbir müddətində incəsənətin birləşdirici gücünü və milli qürurun təcəssümünü simvolizə edən rəsmlər çəkib.

 







Sosial həyat