Yağışlı yuxu

post-img

(yaşantı)

Neçə gün idi ildırımı şaqqıldayan, düzü-dünyanı yuyub aparan yağış, axır ki, ara verdi. Amma buludların aramsız hərəkətindən anlamaq olurdu ki, göylərin bulud kasası tam boşalmayıb.

Hamı naəlac qalmışdı. Deyirdilər:" Pərvərdiga­ra, bu nə leysandı, nə vaxtın yağışıdı? Noolardı, bunu iyirmi gün, bir ay qabaq yağdıraydın – ota da, taxıla da can verərdi. Axı kasıb-kusubun gözü o zəmidə, biçənəkdədi. Onsuz da əhali baha­lıq ucbatından bir parca çörək üçün vurnuxur…” Adam da var deyirdi: “Günah eləməyin, göydən bərəkət yağır. O gözəgörünməzin özü bilən məs­ləhətdi, yer də onundu, göy də. İstəsə, bir sünbülü min eləyər, təki dilinizdən dua əskik olmasın...”

Yaşlı birisi isə danışırdı ki, mən buna bənzər yağışı cavan vaxtlarımda yaylaqda görmüşəm. O il rəhmətlik İsgəndər kişi ferma müdiri idi. İstilər tez düşdüyündən Küdrü düzündəki tərəkəmələr naxı­rı, sürüləri götürüb yaylağa yol tutmuşdular. Biz də ot biçini tam qurtarmamışdı ki, köçdük Basqalın yaxınlığındakı Bəy bağına. Oralar dədə-babadan bizim yaylaq yerimiz olub. Hələ tam məskunlaş­mamışdıq, xalça-palaz, fərmaşa yığılmış pal-pal­tar arabalarda idi. Meşənin ağaclarından kəsib qəhəl düzəldirdik. Qəfil bir leysan düşdü ki, nə de­yim. Arvad-uşağı yığdıq arabalara, çəkdik qayanın altına. Amma xeyli mal-qara tələf oldu...

Hava yaman soyumuşdu. Avtobus dayanaca­ğında bir neçə nəfər daldalanacağa çəkilib göz­ləyirdi. Bircə avtobus vardı, o da çox köhnə idi. Həmişə sərnişinlərin başına fır-fır fırlanan taksilər gözə dəymirdi. Öz-özümə dedim ki, bu tufanda-qi­yamətdə kimdi canından bezən.

Xeyli gözlədim. Geriyə qayıtmaq istəmirdim. Çünki qardaşıma demişdim ki, vacib işim var, necə olsa, getməliyəm. Yaxınlıqdakı yanacaqdoldurma stansiyasından qəfil bir avtobus çıxdı və sürətlə gəlib daldalanacaqdakıların yanında dayandı. Sü­rücü qapını açıb bərkdən dedi: 

– Şəhərə getmək istəyən minsin...

Avtobusa minib bir qədər rahatlandım. Ancaq nazik geyindiyimdən hələ də üşüyürdüm. Vaxtsız yola çıxmağıma görə özümü danlayırdım.

Sərnişinlərin çoxu cavan idi. O biri sırada pa­ralel oturacaqda əyləşən cavan oğlanın fikirli ol­duğunu hiss edirdim. O, sakit oturub, pəncərədən ətrafı seyr edirdi. Arada əyilib məndən saatın neçə olduğunu soruşdu, sonra yenə üzünü bayıra tutdu.

Yağış yenidən başlamışdı. Bu dəqiqələrdə avtobus uşaqlığımda gəzib-dolandığım yerlərdən keçib gedirdi. Bir anlığa avtobusda olduğumu unutdum...

...Yenə yaylaqda idik. Dünya çiçək “dənizin­də” üzürdü. Altında oturduğum armud ağacının ağ çiçəklərinə baxdıqca sevinirdim. Yaxınlıqda fer­manın danaları otlayırdı. Ağakişi əmi otların üzə­rinə uzanıb arxayın-arxayın oxuyurdu. Onun oxu­ması mənə xoş gəlirdi. Amma oxuduğu mahnının sözlərini tam başa düşmürdüm. Mənə elə gəlirdi ki, Ağakişi əminin oxuduğu mahnının sözləri ma­haribədə itkin düşmüş qardaşı ilə bağlıdı. Bəlkə elə buna görə belə yanıqlı oxuyur:

...Ana köynəyimi qurut,

Qaldım dəryada-dəryada...

O dəqiqələrdə düşünürdüm ki, yəqin Ağakişi əminin heç vaxt görmədiyim qardaşı, haradasa, indicə dəryanın ortasında, dalğaların qoynunda kiçik bir adaya doğru can atır. Uzaq mavi dəryanın qoynundan baş alıb sahilə doğru köpüklənə-kö­püklənə şütüyən dalğalar isə onu arabir özünə qataraq, dəryanın içinə doğru sürükləyir...

Bir anda göyün üzünü bulud örtdü. Əvvəlcə hər tərəfə dolu səpələndi. Sonra da şıdırğı yağış baş­ladı. Yağış o qədər güclü idi ki, elə bil göydən tor­pağın sinəsinə ağ tül çəkmişdilər. Artıq köçümüzün düşdüyü yer görünmürdü. Mən heyrət içində donub qalmışdım...

Avtobus dayandı. Qapının qarşısında yerdə dayanmış adamlardan biri soruşdu:

– Yeriniz var?

– Var, hara gedirsiz?

– Bakıya.

– Tez minin.

Avtobusa əvvəlcə dolu bədənli qadın mindi. Onun ardınca salona uca boylu, orta yaşlı, qıvrım­saç kişi və bir arıq cavan girdi. Gözləti qırğı gözlə­rinə bənzəyən oğlan baxışları ilə avtobusdakıları bir anda gözdən keçirdi və sonra arxaya keçdi. Az keçmişdi ki, yeni minmiş cavan oğlan yanaşı otur­duğuna dedi:

– Brat, bir az o yana çəkil, biz də rahat oturaq.

Bayaqdan sakit oturmuş oğlan dilləndi:

– Alə, brat nədi, qərdeş de! Öz dilimizə qurban olum... Deyəsən, toydan çıxmısan, keflisən, kefi­mizə soğan doğrama.

– Brat, başqa söhbət lazım deyil.

– Sənə dedim ki, mənə "brat" demə!

Qabaqda oturmuş qıvrım saçlı, ucaboy kişi geri boylanıb dedi:

– Ramiz, söz güləşdirmə, qurtar. Özün zəhər­lənmisən, başqalarını da dilinlə zəhərləmə. Yol gedirik, qanımızı qaraltma!

Ramiz isə mübahisə etdiyi oğlana dedi:

– Mən sənin kimiləri...

– Alə, mənə deyirsən?

O, yerindən qalxıb Ramizə kəllə vurdu. Bir anda Ramizin ağzı qanla doldu. Avtobusda səs-küy qopdu. 

Ramiz dəsmalını çıxarıb ağzının qanını silə-silə:

– Cındır oğlu cındır, məni vurursan? – dedi.

Onları aralamağa çalışdılar.

Ramiz:

– Dayan, "Şamaxinka"da düşəndə danışarıq.

Sonra onu dartıb qabağa apardılar.

Bayaqdan olayı izləyən kök kişi dilləndi:

– Ay şofer, varsa, bir babat kaset qoy oxusun, bəlkə sakitlik yarana. Sonra o saçları xınalı xanı­ma baxıb, dalaşanlara nəsihət verirmiş kimi əda ilə dedi:

– A bala, bir qanacağınız olsun, heç olmasa, avtobusdakı qadınlardan utanın...Düz demirəm, xanım?

Saçları xınalı qadın kişinin sözlərini eşitmirmiş kimi ona cavab vermədi.

Yağış daha da güclənmişdi. Avtobusun “şotka”ları şüşəyə çırpılan damlaları sürətlə tə­mizləməkdən sanki bezmişdi. Nisbi sakitlik yaran­mışdı. Sərnişinlər xəyalın qanadlarında haradasa gəzib-dolanırdılar. Təkcə sürücünün gözləri yola dikilmişdi. Qarşıdan gələn avtobusların sürücü­cüləri bir əlini qaldırıb ona salam verirdi. Bizim sürücü də eyni ilə həmkarının hərəkətini təkrarla­yırdı.

Arada Ramiz geri dönüb onu vurana deyirdi:

– Ə, cındır, “Şamaxinka”da qaçma, haa!

Qıvrım saçlı kişi isə onun boynundan basıb, “kəs” deyirdi. Daha ona fikir verən yox idi.

Əlimi ağrıyan böyrəyimin üstünə qoyub, onu “ovutmağa” çalışırdım. Ürəyimdən bu fikir keçdi: “Ay zalım daş, axı səni ora mən salmamışam. İlin-günün bu vaxtında niyə məni üzürsən?"

Bir azdan gözlərimi yumub arxaya söykəndim. Yağışın səsi bir anlığa məni yuxuya apardı.

...Ağ tül pərdəyə bənzəyən o yağış yenə yuxu­ma yağırdı. Mən isə ağ çiçəkli armud ağacının gövdəsinə söykənib, dünyanın yaz yağışında yu­yunmasını seyr edirdim... Bir azdan yağış kəsə­cək, səmada Fatma nənənin örkəni – rəngbərəng göy qurşağı görünəcəkdi.

Qulağıma bir səs gəldi:

– Səməd, ay Səməd...

Yağışın dünyanı çimizdirdiyi anlarda məni ça­ğıranın kim olduğunu əvvəlcə ayırd edə bilmədim. Qəfil ayıldım. O, mənim uşaqlığım idi. Kənddəki Orucalı kişinin sözləri yadıma düşdü: “Bu Səmə­din, yazıq olmasın, başı elə anadan olannan qəz­yəlidi”.

Mən yağışlı yuxuda uşaqlığımın heç vaxt unu­da bilmədiyim bir gününü yenidən yaşamışdım.

Səməd MƏLİKZADƏ



Sosial həyat