Şuşa İslam dünyasının da paytaxtlığını qəbul etdi

post-img

Dünən Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlanıb.

Məlum olduğu kimi, hazırkı “Xarıbül­bül” festivalı “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsin­də keçirilən tədbirlərlə üst-üstə düşüb. Festivalın açılış mərasimindəki çıxışın­da dövlətimizin başçısı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv dövlətlərə – qardaş ölkələrə öz təşəkkürünü bildirib və Azərbaycanın İslam həmrəyliyi istiqamə­tində ardıcıl fəaliyyət göstərdiyini, İslam dünyasının birləşməsinə çalışdığını söy­ləyib.

Prezidentin dediyi kimi, işğala bax­mayaraq, Şuşa öz ruhunu – Azərbaycan ruhunu illərcə qoruyub saxlaya bilib. Şu­şaya gələn hər kəs əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Cənab İlham Əliyev uzun fasilədən sonra azad Şuşanın ilk sakinlərini qəbul etməsini də növbəti uğurlu addım adlandırıb. Şəhərin küçə döyüşləri nəticəsində azad edilmə­sinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: “Şuşa mədəniyyət ocağı kimi ta­nınsa da, hazırda, eyni zamanda, qəhrə­manlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir”. 

Prezident, həmçinin Şuşanın tarixi si­masının bərpası istiqamətində fəal işlər getdiyini, Şuşanın, sözün əsl mənasında, dirçəldildiyini təqdir edib. Bundan sonra Azərbaycan torpaqlarında daim sülh ola­cağına möhkəm əminliyini bildirib: “Ar­zum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidil­məsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”.

Xatırladaq ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şuşada 1989-cu ildə keçirilib. Lakin erməni təcavüzü sə­bəbindən Qarabağın işğalı illərində festi­val keçirilməyib. Nəhayət, 2020-ci ildə 44 günlük Zəfər Yürüşü ilə Şuşa və Qaraba­ğın digər əraziləri azad edildikdən sonra 2021-ci ildə “Xarı bülbül”ün Şuşada keçi­rilməsinə yenidən başlanılıb.

Festivalda 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu bey­nəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də çıxış edib. “ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir”, – deyən natiq əlavə edib ki, Şuşanın havası təmiz, insanların hiss­ləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının Vətənidir, musiqi, fikir və şairlər yurdudur. Birinci vit­se-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşı­sına nəcib hədəflər qoyub. Fond Qaraba­ğın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir.

Qeyd edək ki, mayın 11-də Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzala­nıb. Bu sənəd mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunması­nı nəzərdə tutur.

Rəsmi açılışın ardınca festivalın ilk konserti olub. Musiqili kompozisiyanın müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil olub. Möhtəşəm mədəniyyət hadisəsinə çev­rilən “Xarıbülbül” Beynəlxalq Musiqi Fes­tivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qa­zaxıstan, Qətər, Qvineya, Mərakeş, Öz­bəkistan, Türkiyədən olan yaradıcı kollek­tivlər də səhnədə yer alıblar. 

Konsertdə məşhur ifaçılar – Azər­baycandan Arif Babayev, Zeynəb Xanla­rova, Polad Bülbüloğlu, Qazaxıstandan Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan soydaşımız Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlen­dirici, həmçinin, “Natiq” ritm və “Aşıqlar” qrupları, Azərbaycan Dövlət Rəqs An­samblı, qardaş ölkələrin rəqqasları və digərləri çıxış ediblər. Açılış təntənələri iştirakçıların ifasında festivalı rəmzi tə­cəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.

Şuşanın rəmzi olan gülün adını da­şıyan VII “Xarıbülbül” Beynəlxalq Mu­siqi Festivalı bu gün Şuşada, sabah isə Laçında davam edəcək. İnanırıq ki, bu dostluq və musiqi bayramı da milli-mədə­ni adət və ənənələrimizin qorunub saxla­nılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaş­lıq üçün əlverişli şərait yaradaraq, mədə­niyyətlərarası dialoqun möhkəmləndiril­məsinə dəyərli töhfə olacaq. 

XQ

Mədəniyyət