Bu, BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama layihəsidir
“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı bazadır. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar–mart aylarında da “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsi çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib.
“BP–Azərbaycan” şirkətinin 2024-cü ilin birinci rübünün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən AÇG layihəsinin əməliyyat tədbirlərinə 115 milyon dollar, əsaslı məsrəflərinə isə 347 milyon dollar xərclənib.
Hesabat dövründə AÇG yatağında yeni 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Xatırladaq ki, Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.
Bu ilin ilk rübündə BP şirkəti və tərəfdaşları ACE platformasından hasilatın başlanması istiqamətində böyük irəliləyiş əldə ediblər. Bu baxımdan platformanın qurudan idarəetmə sisteminin işə salınması layihə çərçivəsində həyata keçirilmiş ən uğurlu işlərdən biri kimi diqqət çəkir. Bununla da, ACE BP-nin tam qurudan idarə olunan ilk dəniz platformasına çevrilib. Bundan əlavə, layihə çərçivəsində ilk neft üçün tələb olunan bütün hazırlıq işləri, o cümlədən 2023-cü ilin dekabrında qazılmağa başlanmış ilk hasilat quyusunun qazma işləri uğurla tamamlanıb. Mart ayında quyu planlaşdırılmış 3150 metr ümumi dərinliyinə çatdırıldıqdan və bütün digər hazırlıq işləri bitəndən sonra aprelin 16-da ACE platformasından ilk neft əldə olunub.
Yeri gəlmişkən, ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Belə ki, platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
Cari ilin yanvar-mart ayları ərzində “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabat dövründə AÇG-də, ümumilikdə, 139 neft hasilat quyusu, 43 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 339 min barel və ya ümumilikdə, təxminən, 35 milyon barel, yəni 4 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 21 min bareli “Çıraq”, 92 min bareli “Mərkəzi Azəri”, 79 min bareli “Qərbi Azəri”, 53 min bareli “Şərqi Azəri”, 63 min bareli “Dərinsulu Günəşli” və 31 min bareli “Qərbi Çıraq” platformalarının payına düşüb.
AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, rüb ərzində müqavilə sahəsində 3 neft hasilatı və 1 su injektor quyusu tamamlanaraq istismara daxil edilib. Bununla yanaşı, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun dərin qaz laylarının potensialını öyrənmək və həmin layların gələcək işlənmə planlarını müəyyənləşdirmək məqsədilə ötən ilin aprel ayında qazma işləri başa çatdırılmış qiymətləndirmə quyusundan (A22z) əldə olunmuş məlumatların təhlili davam etdirilib.
Yanvar-mart aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Xatırladaq ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetrdir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir. Bütövlükdə isə, terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon kubmetr təşkil edir.
Cari ilin birinci rübündə terminaldan 55 milyon bareldən çox neft və kondensat ixrac olunub. Bu həcmlərin hamısı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunub. “Şahdəniz” qazı, eləcə də AÇG-nin səmt qazı terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, həmçinin terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir. Bu ilin ilk rübündə terminaldan təxminən 2 milyard 600 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub.
Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin ilk rübündə “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə, 0,7 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2024-cü ilin yanvar-mart aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin birinci rübün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 33 milyon dollar, əsaslı məsrəflərinə isə 7 milyon dollar xərclənib. Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 7 milyon ton xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2024-cü ilin birinci rübünün sonunadək 568 milyon tondan çox (4,3 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Mirbağır YAQUBZADƏ
XQ