Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

1 noyabr

• Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

• Müdafiə Nazirliyinin Mətbuat xidmətidən bildirilib ki, işğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarını ordumuz bir neçə gün əvvəl məhv edib. Nəticədə düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Məlumatda daha sonra vurğulanır ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşınının daldalandığı yer müəyyənləşdirilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.

• Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.

• Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.

• Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi sıradan çıxarılıb.

Mustafa KAMAL
XQ



Siyasət