Qardaş Türkiyə 44 gündə sonadək yanımızda idi

post-img

Zəfər yürüşünün fəthləri isə birgə alqışlanırdı

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il noyabrın 1-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi regional siyasət, hərbi-siyasi münasibətlər və diplomatik kommunikasiya baxımından əhəmiyyətli hadisə idi. Bu görüş iki ölkə arasında ənənəvi dostluğun təzahürü olmaqla bərabər, eyni zamanda, münaqişə şəraitində respublikamızın mövqeyinin beynəlxalq aləmdə necə formalaşdığını, hərbi-siyasi strategiyasını, diplomatik hədəflərini və gələcək addımlarını bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.

Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi əsas məqamlar – Türkiyənin dəstəyi, ordumuzun Vətən savaşında keçirdiyi əməliyyatların gedişi, müharibənin səbəbləri sistemli şəkildə təhlil olundu. Məqsəd təkcə hadisələrin xronologiyasını təqdim etmək deyildi, eyni zamanda, bu bəyanatların daxili və xarici siyasətə təsirini və bölgədəki geosiyasi prosesin dinamikasını diqqətə çatdırmaq idi.

Prezident İlham Əliyevin “Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir” ifadəsi siyasi mesaj xarakteri daşıyırdı. Başqa sözlə, bu, beynəlxalq aləmə qardaş ölkə ilə münasibətlərin Azərbaycan üçün hər zaman strateji əhəmiyyət kəsb etdiyini, mədəni, tarixi və qardaşlıq bağları ilə güclənən çoxşaxəli əməkdaşlın mövcudluğunu bir daha xatırladırdı.

Dövlətimizin başçısı görüşdə Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında dayandığını, siyasi və mənəvi dəstək göstərdiyini açıq şəkildə bildirdi. Azərbaycan lideri, eyni zamanda, Türkiyə Prezidentinə və xalqına minnətdarlığını vurğulayaraq, bu qardaşlığın həm tarixə, həm mənəviyyata, həm də regionda sülh və ədalətə sadiqliyin təzahürü olduğunu dedi.

Dövlətimizin başçısı görüşdə xüsusilə Türkiyənin qətiyyətli mövqeyinin bölgədə geosiyasi sabitliyin və güc balansının əsas təminatçısına çevrildiyini diqqətə çatdırdı. O, bu amilin bir tərəfdən Ermənistanı və onu himayə edən dairələri məsuliyyətli davranmağa vadar etdiyini, digər tərəfdən isə Azərbaycan xalqına mənəvi ruh verdiyini bildirdi. Ölkə rəhbəri, eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipindən çıxaraq artıq “strateji müttəfiqlik” səviyyəsinə yüksəldiyini də xatırlatdı.

Prezident İlham Əliyev görüş zamanı Qarabağ məsələsində Azərbaycanın mövqeyinin tam şəkildə beynəlxalq hüquqa əsaslandığını bir daha vurğuladı. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874, 884) Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu da bildirdi.

Yeri gəlmişkən, bu qətnamələrin illərlə icra olunmaması beynəlxalq hüququn ədalətli tətbiqinə ciddi zərbə vururdu. Prezident İlham Əliyevin arqumentləri isə Azərbaycanın öz ərazi bütövlüyünü gerçəkləşdirmək hüququnu beynəlxalq hüquq normalarına uyğun olaraq Vətən müharibəsindəki qələbələrimizlə həyata keçirdiyini göstərirdi. Bu arqumentlərin Türkiyə auditoriyasına təqdim olunması həm diplomatik, həm də psixoloji baxımdan əhəmiyyətli idi. Çünki Türkiyə Cənubi Qafqazda sabitlik və ədalətin təmin olunması baxımından Azərbaycanın ən güclü dəstəkçisi idi.

Prezident İlham Əliyev görüşdə Ermənistanın uzun illər boyu bölgədəki sülh prosesini pozduğunu, danışıqlardan yayınmaqla status-kvonu saxlamağa çalışdığını faktlarla sübut etdi. Ölkə rəhbəri, eyni zamanda, Ermənistanın 2020-ci ilin iyulunda Tovuz istiqamətində törətdiyi təxribat, daha sonra sentyabr ayında atəşkəsi pozması ilə Azərbaycanın səbr kasasını daşırdığını vurğuladı.

Türkiyənin münaqişə dövründəki hərtərəfli dəstəyi (siyasi, diplomatik, media və ictimai rəy platformalarında) respublikamızın beynəlxalq imicinə mühüm təsir göstərirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən savaşı getdiyi günlərdə Türkiyənin yüksək ranqlı rəsmiləri – parlament sədri, xarici işlər naziri, müdafiə naziri və digər şəxslər dəfələrlə Azərbaycana dəstəyini bəyan edirdi. Bu, həm NATO çərçivəsində, həm də iki ölkənin ikitərəfli formatında Azərbaycanın dayanıqlığını gücləndirən amil kimi nəzərə çarpırdı. Eyni zamanda, Türkiyə mediasının və türk ictimaiyyətinin fəallığı da Azərbaycanın narahatlıqlarını dünya ictimaiyyətinə çatdırmaqda vacib rol oynayırdı. Dövlət başçısının bildirdiyi kimi, Türkiyə jurnalistlərinin döyüş meydanlarına yaxın operativ işləri və geniş yayımı faktların, hadisələrin və emosiyaların qlobal auditoriyaya ötürülməsi baxımından informasiya müharibəsində mühüm rol oynayırdı.

Azərbaycan lideri çıxışında müharibədən sonrakı mümkün geosiyasi nizam barədə də fikirlərini bölüşdü. Bildirdi ki, regionda sülhün bərpası yalnız işğala son qoyulması və ədalətin təmin olunması ilə mümkündür. O, respublikamızın gələcəkdə həm Ermənistanla, həm də digər qonşularla normal münasibətlər qurmaqda maraqlı olduğunu, lakin bunun yalnız qarşı tərəfin ədalət və beynəlxalq hüquqa hörmət göstərdiyi təqdirdə reallaşa biləcəyini vurğuladı. Bu mesaj, əslində, 2020-ci ilin payızında regionun gələcək diplomatik xəritəsini müəyyənləşdirən bir konseptual baxış idi.

Prezident İlham Əliyevin sözləri bir daha göstərdi ki, Azərbaycan rəhbərliyi həm siyasi, həm diplomatik, həm də mənəvi müstəvidə öz xalqına arxalanır. O, xalqa ünvanladığı mesajlarda daim birliyə, inama və ədalətə çağırış edirdi. Dövlətimizin başçısının dərin məzmunlu söhbəti xalqda əminlik yaradırdı ki, Azərbaycan bu mübarizəni sonadək aparacaq və qələbə mütləq olacaq.

Beləliklə, ölkə rəhbərinin görüşdəki nitqi Azərbaycan diplomatiyasının, siyasi liderliyinin və milli qətiyyətinin parlaq nümunəsi idi. Bu müsahibə təkcə bir informasiya çıxışı deyildi, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq hüququn müdafiəsi və qardaş Türkiyə ilə strateji birliyin təbliği baxımından mühüm tarixi hadisə idi. Bu çıxış, əslində, döyüş meydanında, diplomatik tribunada, informasiya sahəsində qazanılan qələbələrin bir hissəsi idi. İlham Əliyev bu görüşü ilə bir daha göstərdi ki, Azərbaycanın səsi artıq dünyada daha aydın, daha inamlı və daha ədalətli şəkildə eşidilir.

Bu məqamda onu da deyək ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrdə də Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açdı, ölkəmizin haqlı mövqeyini konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Prezident İlham Əliyev görüş zamanı əməliyyatların uğurla davam etdiyini və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərin, eləcə də, təqribən, 200 yaşayış məntəqəsinin işğalçılardan azad olunduğunu bildirdi. Bu rəqəmlər və konkret şəhərlərin adları əməliyyatın sahə-sahə irəliləyişini göstərirdi. Hərbi uğurların ictimai bəyan edilməsi isə həm xalqımızın ruhunu yüksəldir, həm də beynəlxalq diplomatik aləmdə ölkəmizin mövqeyini gücləndirmək məqsədi daşıyırdı. Vətən müharibəsində taktiki baxımdan bu cür əməliyyatlar çoxşaxəli planlaşdırma, kəşfiyyat, hava və topçu dəstəyi, xüsusi əməliyyat qüvvələrinin koordinasiyası, eləcə də logistika təminatı tələb edirdi. Belə uğurların əldə olunması isə ordunun mütəşəkkil əməliyyat qabiliyyətinin artdığını göstərirdi.

Prezident İlham Əliyev nitqində Azərbaycanın məsələnin danışıqlar masasında həllinə çalışdığını, lakin Ermənistanın atəşkəsi pozmaqla bu prosesə imkan vermədiyini də diqqətə çatdırdı. Bu açıqlama iki aspektdə önəmli idi: Birincisi, Azərbaycan tərəfinin dialoq istəyi rəsmi şəkildə öz ifadəsini tapır, ikincisi, Ermənistanın hərbi davranışları bu dialoqu çətinləşdiririrdi.

Dövlətimizin başçısı daha sonra bildirdi ki, Ermənistanın Gəncə və Bərdə kimi dinc şəhərlərə raket atması və nəticədə mülki itkilərin olması beynəlxalq və humanitar hüquq baxımından ciddi adaqlmalara səbəb olur. Bu cür hərəkətlər Azərbaycanın beynəlxalq hüquqi mövqeyini gücləndirə və Ermənistanın statusunu diplomatik aləmdə çətinləşdirə bilər.

Xatırladaq ki, Gəncənin bombalanmasından bir neçə saat sonra insanlar sosial şəbəkələrdə, küçələrdə “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha birləşdilər. Bu, düşmənin məqsədinə zidd olaraq, xalqın milli iradəsini daha da möhkəmləndirdi. Azərbaycan lideri həmin anlarda yalnız siyasi lider deyil, həm də mənəvi rəhbər, xalqın səsini dünyaya çatdıran qətiyyətli bir sərkərdə idi.

Prezident İlham Əliyev görüşdə həm də beynəlxalq ictimaiyyətin ikili standartlarını dolayı yolla ifşa etdi. Çünki Gəncədə çox sayda mülki insanın raket atəşi nəticəsində şəhid olması dünya mediasında kifayət qədər diqqət çəkmədi. Bununla da beynəlxalq sistemin ədalətsizliyi bir daha təsdiqini tapdı. Lakin dövlətimizin başçısı həmişə olduğu kimi, soyuqqanlılıqla, diplomatik incəliklə bu vəziyyəti idarə etdi. O, qisası döyüş meydanında almaq prinsipini qorudu və beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Bütün bunlar İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın savaşda olduğu kimi, informasiya müharibəsində də üstünlük qazandığını göstərirdi. Dünya ictimaiyyətinin diqqətinə Ermənistan terroru törədən, Azərbaycanı isə ədaləti bərpa edən tərəf kimi çatdırılırdı.

Vaqif BAYRAMOV
XQ



Siyasət