Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Güləş üzrə milli komandalarımız bölgələrdə təlim-məşq toplanışı keçir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan U17 sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz fərqli məkanlarda hazırlaşır. Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa daxil olan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaq. Yunan-Roma güləşçilərimizin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanış isə 1-11 iyun tarixlərini əhatə edir.

U20 yaş qrupu üzrə yığmalarımız iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.

Böyüklərdən ibarət sərbəst güləş üzrə millimiz isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan proqram iyunun 20-dək davam edəcək.

Qabil YUSİFOĞLU 
XQ  

İdman