Amritsar hadisələri və transmilli qırğınlar

post-img

Bu, BTQ-nin keçirdiyi beynəlxalq konfransın əsas müzakirə mövzusu idi

Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunan “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən tədbirdə Siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-də fəaliyyət göstərən nüfuzlu nümayəndələri, eləcə də müxtəlif beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar üzrə ekspertlər, Hindistan hökumətinin təqib siyasətindən zərər görmüş şəxslər iştirak ediblər. Tədbir çərçivəsində Hindistanın etnik və dini azlıqlara, xüsusilə Siqh və Dalit icmalarına qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq gündəmdə saxlanılması məsələləri müzakirə olunub. Eyni zamanda, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı birgə hüquqi müdafiə mexanizmlərinin formalaşdırılması və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıldı.

BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, Qrup və Beynəlxalq Siqh Federasiyası son aylarda etnik azlıqların hüquqlarının müdafiəsi, Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə və beynəlxalq platformalarda hüquq müdafiəsi gündəliyinin təşviqi məsələləri üzrə əməkdaşlığı aktivləşdiriblər: “Birgə iş çərçivəsində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında məruzə təqdim edilib. Mən əminəm ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və bütövlükdə insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək”.

Kanada Siqh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabcot Siqh isə 1984-cü ilin iyun və noyabr hadisələrinin təsadüfi olmadığını qeyd edib. Hüquq məsləhətçisinin fikrincə, hadisələri anlamaq üçün Pəncabın 1849-cu ildə Britaniya imperiyasının nəzarəti altına keçməsindən sonrakı dövrə nəzər salmaq vacibdir.

Beynəlxalq Siqh Federasiyasının sədri Moninder Siqh Azərbaycanla beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən geniş spektrli məsələlər üzrə əməkdaşlığa hazır olduğunu bildirib: “Biz bu ölkənin xalqı ilə bu gün dünyanı dəyişdirən mühüm qlobal məsələlər üzrə əməkdaşlıq imkanını alqışlayırıq. Dünya sürətlə dəyişir, geosiyasi əlaqələr transformasiya olunur”.

Daha sonra Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Əsas məqsəd tərəflər arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində, xüsusilə də tarixi təmaslar və mədəni qarşılıqlı əlaqələr kontekstində əməkdaşlıq platformasının qurulmasıdır. İmzalanan sənəd çərçivəsində regionda, o cümlədən Bakıda və Atəşgah məbədində siqh səyyahlarının, tacirlərinin və dini xadimlərinin mövcudluğuna dair tarixi mənbələrin, elmi materialların və mədəni sübutların birgə araşdırılması nəzərdə tutulur. Razılaşmaya əsasən, hər iki təşkilat Azərbaycanda və xaricdə fəaliyyət göstərən universitetlər, tədqiqat mərkəzləri, arxivlər, muzeylər və mədəniyyət müəssisələri ilə sıx tərəfdaşlıq edəcək. Prosesə tanınmış tədqiqatçılar, tarixçilər, mədəniyyət ekspertləri və akademiklər cəlb olunacaq.

Ümumən, son illər ölkəmiz beynəlxalq münasibətlərdə humanitar diplomatiyanın imkanlarından fəal şəkildə istifadə edir. Mədəniyyətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm və sivilizasiyalararası əməkdaşlıq ölkəmizin beynəlxalq təşəbbüslərinin əsas istiqamətlərindən birinə çevrilib. Sözügedən istiqamətdə təşkil olunan müxtəlif beynəlxalq humanitar tədbirlər və qlobal konfranslar Azərbaycanın bu sahədə qazandığı nüfuzu nümayiş etdirir. BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında əməkdaşlıq da həmin siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. İrəli sürülən təşəbbüslər müxtəlif coğrafiyalarda yaşayan xalqlar arasında ortaq tarixi bağların araşdırılmasına, mədəni yaxınlaşmanın təşviqinə xidmət edir.

Şübhəsiz, humanitar diplomatiyanın əsas məqsədlərindən biri siyasi fikir ayrılıqlarından kənarda insanlar arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir. Tarix və mədəniyyət üzərində qurulan əməkdaşlıq bu məqsədə çatmaq üçün ən təsirli vasitələrdən hesab olunur. Memorandum çərçivəsində həyata keçiriləcək layihələrin Azərbaycanın humanitar diplomatiya sahəsində fəaliyyətinə yeni məzmun qazandıracağı real görünür. Onun nəticələri uzunmüddətli perspektivdə özünü göstərə bilər. Ən vacib məqamlardan biri isə odur ki, təşəbbüs tarixdən istifadə etməklə gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Nəzrin ELDARQIZI
XQ

Siyasət