Əziz oxucular, “Xalq qəzeti” növbəti dəfə sizə “Regionlar” səhifəsini təqdim edir. Müxbirlərimiz bu dəfə Lerikin kəndlərində payızlıq şum aparılmasından, Qusarın aqrar sektorundakı uğurların sosial şəbəkələrdə əks olunmasından, Sədərəyin bal kimi dadlı üzümündən, Şirvan şəhərinin gündən-günə abadlaşdırılaraq gözəlləşməsindən söhbət açıblar.
Bu gün yaxın-uzaq bölgələrimizə getsəniz, hər yerdə görəcəksiniz ki, bir kənddə bağlara, tarlalara gübrə daşıyır, başqa bir yerdə meliorasiya işləri aparılır, texnika növbəti mövsümə hazırlanır. Un dəyirmanlarında Vətənin sarı kəhrəba buğdası üyüdülür. Çörəyin hər zaman bol olsun, Azərbaycan!
Builki payız həm də barlı-bərəkətli, toylu-büsatlıdır. Bölgələrimizdə məhsul bayramları, festivallar keçirilir, belə xoş, təmtəraqlı mərasimlərdə insanlar deyir, gülür, sevinirlər.
Bəli, Azərbaycan kəndi bu ili də yaxşı göstəricilərlə başa vurur. Həqiqətən, “zəhməti ömrümün ilk bəzəyi bilmişəm” (Bəxtiyar Vahabzadə) deyənlərin yurdudur Azərbaycan!
XQ

