Samux: “Mən orada idim”

post-img

Samux rayonunda Vətən müharibəsi qazisi, Azərbaycan dili və ədəbiyyat müəllimi Əli Abbasovun müəllifi və layihə rəhbəri olduğu “Mən orada idim” kitabının təqdimatı və əsərin motivləri əsasında hazırlanan “44 dəqiqəlik” səhnələşdirilmiş tamaşanın nümayişi keçirilib.

Tədbir Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Azər Namazov adına 180 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Samux Rayon Mədəniyyət Mərkəzində baş tutub.

 Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     
Mərasim Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Çıxışında tədbir iştirakçılarını salamlayan Firdovsi Əliyev, bu cür layihələrin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, “Mən orada idim” kitabının həm bir döyüşçü xatirəsi, həm də vətənə sədaqətin, fədakarlığın canlı salnaməsi kimi dəyərləndirildiyini qeyd edib.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxışında şəhidlərin xatirəsinə göstərilən ehtirama görə tədbiri təşkil edənlərə dərin minnətdarlığını bildirib. O, belə layihələrin şəhid ailələri üçün mənəvi dayaq olduğunu, onların övladlarının qəhrəmanlığını daim yaşatdığını söyləyib.
 
Tədbirin müəllifi və layihə rəhbəri Əli Abbasov çıxış edərək əsərin yazılma məqsədindən danışıb. O, döyüş meydanında yaşadığı anların, silahdaşlarının qəhrəmanlığının və şəhidlərin xatirəsinin unudulmaması üçün bu kitabı qələmə aldığını vurğulayıb:
 
“Bu kitab yalnız mənim deyil, Vətən uğrunda vuruşan hər bir əsgərin, şəhidin səsi, nəfəsi, yaddaşıdır,” – deyə müəllif bildirib.
 
Təqdimat mərasimindən sonra “Mən orada idim” əsərinin motivləri əsasında hazırlanan “44 dəqiqəlik” səhnələşdirilmiş tamaşa nümayiş etdirilib. Şagirdlərin ifasında təqdim olunan tamaşa tamaşaçılara dərin duyğular yaşadıb, salonda alqış sədaları uzun müddət səngiməyib.

Tədbir iştirakçıları bu layihəni şəhidlərin qəhrəmanlıq ruhunun yaşadılması, vətənpərvərlik ideyalarının təbliği və gənclərə örnək bir təşəbbüs kimi yüksək dəyərləndiriblər.
 
Hamlet Qasımov

XQ-nin bölgə müxbiri















Sosial həyat