“Sədərək üzümü” bal dadır

post-img

Naxçıvanın sərhəd bölgəsi olan Sədərək rayonu bu qədim diyarda üzümçülüyün məskəni kimi tanınır. Muxtar respublikanın əksər rayonlarında üzüm yetişdirilsə də, bu bölgədə ərsəyə gələn çeşidli üzüm sortları daha çox tanınır. Əhali arasında şəkər kimi şirin “Sədərək üzümü” xüsusilə məşhurdur. Burada elə bir ailə tapmazsan ki, həyətyanı sahəsində üzüm bağı olmasın.

Təsadüfi deyil ki, hələ Sovetlər Birliyi dövründə indiki Şərur rayonunun tərkibinə daxil olan Sədərək kəndinin ərazilərində böyük üzüm bağları olub və ilk dəfə 1967-ci ildə burada şərab zavodu tikilərək istifadəyə verilib. Amma yerli tələbatı ödəmədiyindən 1973-cü ildə əlavə şərab zavodu da işə salınıb. Bir müddət sonra Sədərəyin Ermənistanla sərhəd ərazisində əlavə olaraq yeni bir şərab zavodu tikilib.

Bu məlumatları bizimlə söhbətində sədərəkli təsərrüfatçı Muxtar Nəsirov bölüşür. Hazırda təqaüddə olan Muxtar Nəsirov 50 ilə yaxındır ki, üzümçülüklə məşğuldur. Deyir ki, vaxtı ilə burada fəaliyyət göstərən zavodlara hər il 20 min tona yaxın üzüm tədarük olunurdu və ümumilikdə, hər zavodda 60-70-ə qədər işçi çalışırdı.

Müsahibimin sözlərinə görə, Sədərəkdə bir çox üzüm sortları yetişdirilir. Ağ süfrə, kişmişi, bayanşirə, misqalı sortları bu rayonda daha çox yayılıb. Şərabçılıq üçün ən uyğun olanı isə bayanşirə sortudur. Şirəlilik faizi yüksək olan bu üzümün Sədərəkdə yayılması da ötən əsrin yetmişinci illərinə təsadüf edir. Həmin dövrdə bu üzüm sortuna üstünlük verilməsi təsərrüfat sahibləri üçün də sərfəli sayılırdı.

Bəs, Sədərək üzümünü digərlərindən fərqləndirən əsas özəllik nədir? – sualına isə həmsöhbətim belə cavab verir:

– Naxçıvanın təbii şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün münbit sayılsa da, bu diyarda hər bölgənin özünəməxsus yeri var. Məsələn, Sədərəkdə hansı meyvəni yetişdirsən də, Şahbuzdakı, Ordubaddakı meyvənin dad-tamını verməyəcək. Eləcə də burada yetişdirilən üzümün dadı digər bölgələrdən fərqlənir. Bunun da səbəbi odur ki, Sədərəyin üzüm əkilən sahələri düzəngah ərazilərdə yerləşsə də, bu ərazilərin çox hissəsi sıra dağlarla əhatələnib. Ümumiyyətlə, əkinçilikdə, hər zaman dağlıq, dağətəyi və aran ərazilərin hər biri özünəməxsus iqlimə malik olur. Buraya Günəş şüalarının sahələrə yayılması, hava axınının sirkulyasiyası və sair kimi amillər təsir edir.

Öyrənirik ki, vaxtilə burada, demək olar ki, bütün ailələr üzümçülük, bir qismi isə gülçülüklə məşğul olub. Doğrudur, gülçülüyə maraq sonradan azalsa da, üzümçülüklə məşğul olanlar bu ənənəni davam etdiriblər.

Bunu da öyrəndik ki, hazırda təcrübəli təsərrüfatçının iki üzüm bağı var. Aqrotexniki qaydalara əməl etməklə, hər il bu bağlardan 6-7 tona yaxın məhsul götürür. Bağda ən çox bayanşirə sortuna üstünlük verib. Bu üzüm sortu süfrə üzümü kimi də daha çox tələb olunandır. Yığılan məhsulu isə əsasən daxili bazarda satışa çıxarır. Bundan əlavə, bağındakı müxtəlif üzüm növlərindən kompot, mürəbbə hazırlanması üçün də istifadə edir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, ötən il muxtar respublikada 850 hektara yaxın üzüm bağları olub və bu bağlardan, ümumilikdə, 6 min 500 tona yaxın məhsul tədarük edilib. Sədərək rayonunda isə üzüm bağları 93 hektar, tədarük edilən məhsul isə 607,2 ton olub. Hazırda isə bu sahənin inkişafı üçün lazımi addımlar atılır. Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda üzümçülüyün inkişafı əsas prioritetlər sırasındadır.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat