Süni intellektin texnoloji məsələləri

post-img

Naxçıvan Dövlət Universitetində “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I beynəlxalq elmi-praktik konfrans keçirilib.

Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asya Pasifik Universitetinin və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı, bir sıra xarici və respublika universitetlərinin iştirakı ilə hibrid formada təşkil edilən konfransın əsas məqsədləri süni intellekt və maşın öyrənməsi sahəsindəki ən son tədqiqat və texnoloji yenilikləri təqdim etmək, məlumatın keyfiyyəti, modelin izah edilə bilməsi, miqyaslana bilməsi kimi əsas məsələləri araşdırmaq, süni intellekt dövründə inkişafı dəstəkləmək üçün akademiya, sənaye və hökümət arasında əməkdaşlığı təşviq etməkdən ibarət olub.

Açılış nitqi ilə çıxış edən NDU-nun rektoru Elbrus İsayev konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb. Rektor ilin əvvəlində NDU-da robot moderator qadının təqdimatında “Süni intellekt: nəzəriyyədən praktikaya” II beynəlxalq elmi konfransı keçirildiyini xatırladıb, burada tədris olunan ixtisaslarda süni intellektin seçmə fənn olaraq şaxələndirildiyini bildirib.

ATU-nun rektoru Vilayət Vəliyev isə qlobal əhəmiyyətli mövzuya həsr olunmuş konfransa 13 ölkədən 200-ə yaxın məqalə daxil olduğunu bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə seçilmiş 135 məqalə dəyərləndirildikdən sonra müxtəlif beynəlxalq elmi platformalarda çap olunacaq. Türkiyənin Düzcə Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakdan məmnunluğunu ifadə edərək burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyinə əminliyini bildirib.

MDU-nun rektoru Anar Eminov isə Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrini bölüşməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından olduqca əhəmiyyətli tədbir olduğunu deyib.

Pakistanın Milli Elm və Texnologiya Universitetinin prorektoru Osman Həsən “Süni intellekt sistemləri vasitəsilə neyromorfik davamlı öyrənmə üçün effektiv təkrar yaddaşa əsaslanan metodologiya”, Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi “Mürəkkəb svop opsionlarının qiymətləndirilməsində süni intellektdən istifadə”, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdiri Boiprav Olga “Materialların mikrodalğadan qorunma effektivliyini proqnozlaşdırmaq üçün fizika-əsaslı neyron şəbəkələrə əsaslanan müasir yanaşma” mövuzlarında çıxış ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib, qonaqlar NDU-da İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

S.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat