Özəl bölmə iqtisadiyyatın aparıcı sahəsinə çevrilib

post-img

Sahibkarlara 200 milyon manat güzəştli kredit veriləcək

Son illərdə respublikamızda özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunmaları daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının azaldılması, bu sahədə qaydaların sadələşdirilməsi, iş adamlarına güzəştli kreditlərin ayrılması onların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyevin sözlərinə görə, cari il sahibkarlara 200 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulub. Həmin kreditlərin özəl bölməyə sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ayrılması qərara alınıb. 

O.Xalıyev, həmçinin bildirib ki, cari ildə bu istiqamətlərə qeyri-neft sekto­runda sənaye istehsalı və emalı, o cüm­lədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, ak­vakultura, yaşıl və innovasiya yönümlü, eləcə də KİV-lərin inkişafı üzrə layihələ­rin dəstəklənməsi daxildir. Regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da güzəştli kreditlərin veriləcəyi prioritet sahələr sırasındadır.

Qeyd edək ki, ötən il respublikada ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələş­dirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdik. Belə ki, adıçəkilən fondda ayrılan kreditlərin təyi­natı üzrə istifadəsinə ciddi nəzarət edilir. Bunun üçün ikiqat nəzarət mexanizmi tətbiq olunur. Belə ki, müvəkkil təşkilatlar tərəfindən il ərzində 2 dəfə monitorinq aparılır və nəticələr barədə fonda mə­lumat verilir. Bundan başqa, SİF-in illik planına uyğun olaraq müstəqil formada davamlı şəkildə monitorinqlər keçirilir. Müvəkkil təşkilat və ya sahibkarın mü­raciəti əsasında növbədənkənar moni­torinqlərin də keçirilməsi gerçəkləşdirilir.

Monitorinqlər zamanı bəzən vəsaitlə­rin təyinatı üzrə istifadə edilməməsi halla­rı da müəyyənləşir. Bu zaman sahibkarlıq subyektinin bank tərəfindən fonda təqdim edilən ilkin məlumatlarına baxılır. Həmin məlumatlarda ayrılan kreditlər hesabına konkret olaraq hansı işlərin görülməsinin nəzərdə tutulduğu üzə çıxarılır. Bu za­man planlaşdırılan hər hansı bir layihə tam və ya qismən icra edilmədikdə fond həmin vəsaitin təyinatı üzrə istifadə olun­mayan hissəsini müvəkkil təşkilatdan geri almaq hüququndan yararlanır. 

Fonddan bildirilib ki, son 3 ildə verilən kreditlər üzrə 432 halda tam və qismən təyinatdan kənarlaşma olub və nəticədə 45,4 milyon manat vəsait geri qaytarılıb. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri də aparılıb. Çünki təyinatdan kənarlaş­malar həm gələcəkdə statistik məlumat­ların düzgün formalaşmamasına, həm də potensial olaraq fondun portfelində azal­malara səbəb olub. 

Regionlarda sahibkarlıq fəaliyyətinin güzəştli maliyyə mexanizmləri ilə təş­viq edilməsi istiqamətində görülən işlər barədə isə, ilk növbədə, onu deyə bilərik ki, bölgələrdə kreditləşmə əsas prioritet vəzifələrdən biridir. Çünki bu, məşğul­luğun təmin edilməsi və iqtisadi fəallı­ğın dəstəklənməsi üçün önəmlidir. Cari ilin 4 ayı ərzində Azərbaycanda verilən güzəştli kreditlərin 71 faizinin regionların (Bakı, Sumqayıt və Abşeron istisna ol­maqla) payına düşməsi də qeyd olunan fikrin bariz ifadəsidir. 

Son illər sahibkarların güzəştli ma­liyyə mexanizmləri ilə dəstəklənməsinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında daha çox üstünlük verilib. Belə ki, 2022-ci ildən etibarən işğaldan azad edilən ərazilərdə 7 sahibkarlıq sub­yektinə 14 milyon manatdan çox güzəşt­li kredit ayrılıb. Bu il fevral ayının 1-dən isə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları dəstəkləmək məqsədi da­şıyan yeni kredit-zəmanət və subsidiya mexanizmi işə salınıb. Yeni qaydaya əsasən, hər bir sahibkarın müvəkkil kre­dit təşkilatlarından maksimum 5 milyon manatadək 15 faiz dərəcəsi ilə krediti 7 il müddətinə götürməsi qərara alınıb. Nəzərdə tutulan mexanizm çərçivəsində Şuşa şəhərində bir subyekt kommersiya bankından götürdüyü 800 min manat kre­ditə qarşı 90 faizə qədər zəmanətlə təmin edilib. Fond tərəfindən artıq həmin kredit üzrə faizlərin 10 faizinin subsidiyalaşdırıl­masına başlanılıb. 

Fondun vəsaitləri demək olar ki, döv­lət büdcəsindən daxilolmalar hesabına formalaşır və kreditləşməyə yönəldilir. Eyni zamanda, SİF tərəfindən hazırda potensial maliyyə vəsaitinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlar ilə birgə araşdırmalar aparılaraq birgə proqramlar hazırlanır. 

Onu da qeyd edək ki, ölkə başçısının 2021-ci ildə imzaladığı müvafiq fərmanla “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Yeni şirkətin qeydiyyatı başa çatdıqdan sonra SİF-in fəaliyyətinin ləğv edilərək həmin quruma veriləcəyi qərara alınıb. 

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ölkədə özəl bölmənin inkişafı təkcə sahibkarlığın kreditləşməsinin diqqət mərkəzində sax­lanılması ilə məhdudlaşmır. Bu sahənin qanunvericilik bazasının möhkəmləndiril­məsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq hallarının aradan qaldırılma­sı, özəl bölmə subyektlərində dövlət qu­rumları tərəfindən qanunsuz yoxlamalar aparılması və çoxsaylı əsassız lisen­ziyaların verilməsi kimi neqativ hallara qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır, döv­lət qurumlarının, həmçinin ayrı-ayrı na­zirliklərin fəaliyyətlərində bu problemlərin həllinə xüsusi əhəmiyyət verilir. 

Sahibkarlığın inkişafından bəhs edərkən bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Yeri gəlmişkən, ekspertlər tərəfindən inhisarçılıq və haq­sız rəqabət halları ilə mübarizədə Rəqa­bət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı qeyd edilir. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qar­şısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes sub­yektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir. 

Ümumiyyətlə, istər Rəqabət Mə­cəlləsində, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsi­yaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasə­tinə rəqəmsal baxışın diqqət mərkəzin­də saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilmə­sinə, eyni zamanda, müəssisələrin rəqa­bətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici va­sitə kimi yanaşılıb. 

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağı­rışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxla­nılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində olması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və in­vestisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiy­yatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat