Ümummilli liderin əbədiyaşar xatirəsi

post-img

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ölkənin paytaxtında, bütün şəhər və rayonlarda keçirilən müxtəlif mərasim və şənliklər Ulu öndərin ölməz xatirəsinin əbədiyaşarlığının canlı təcəssümünə çevrildi.

Bakı

Müdafiə naziri, general-polkovnik Za­kir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlə­rin andiçmə mərasimləri keçirilib.

Ulu öndər Heydər Əliyevin doğum gü­nündə ikiqat təntənə və bayram əhvalında təşkil edilən mərasimlərdə hərbi orkest­rin müşayiəti ilə döyüş bayrağı təntənə­li surətdə sıra meydanına gətirildikdən sonra yeni xidmətə başlayan əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Valideynlər və ictimaiyyət nümayən­dələri əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq ol­mağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, torpaqlarımızın müdafiəsi na­minə döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Sonra hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

***

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə gənc prokurorluq əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

Ekskursiyanın iştirakçılarına Ümum­milli liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub, həmçinin Azərbaycan mədə­niyyəti və tarixinin dünyada daha geniş tanıdılmasında əvəzsiz xidmətləri olan Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə məlumat verilib. Ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbay­cançılıq məfkurəsinin öyrənilməsi, həmçi­nin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanı­dılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıblar.

Naxçıvan

Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə baş­lamasının 20 illiyi münasibətilə tədbir ke­çirilib.

Gənclik mərkəzində keçirilən məra­simdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahi­mov bildirib ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. 87 müəllim və 624 şagirdlə fəaliyyətə başlayan mək­təbdə hazırda 1200 şagird təhsil alır. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən mək­təb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdiril­məsində böyük nailiyyətlər qazanıb. Ötən 20 il ərzində Heydər Əliyev adına tam orta məktəbi 910 məzun bitirib ki, onlardan da 729-u ali məktəblərə qəbul olunub.

***

Ümummilli lider Heydər Əliyevin ana­dan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi­nin final mərhələsi başa çatıb.

Babək rayon Şəkərəbad kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Babayeva I, Şahbuz rayon Nursu kənd tam orta məktəbinin IX sinif şagirdi Nəzrin Zeynalova II, Şərur rayon Düdəngə kənd tam orta məktəbinin IX sinif şagirdi Gül­şən Fərəcova isə III yerin qalibi olub. 

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə Şəhər Təşkilatının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin ana­dan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycan­çılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün mil­liyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir şəxs azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbay­cançılığın milli məfkurəyə çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhər rəhbəri onu da qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoydu­ğu azərbaycançılıq ideologiyası hazırda möhtərəm Prezident İlham Əliyev tərəfin­dən uğurla davam etdirilir.

YAP-ın şəhər təşkilatının sədri Bay­ram Aslanov, professor Yusif Yusifov, GDU-nun müəllimi Eldar Allahverdiyev və Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurəddin Baba­zadə çıxış edərək Ulu öndərin Azərbay­can xalqı qarşısında misilsiz xidmətlərin­dən danışıblar.

Sumqayıt

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sumqayıt şəhərində geniş qeyd olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Ha­kimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nü­mayəndələri ümummilli lider Heydər Əli­yevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək, önünə güllər dü­züb, dahi şəxsiyyətə hörmət və ehtiramla­rını bildiriblər.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən ekspo­natlarla tanış olublar.

Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzə­ranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfə­ri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sə­naye mərkəzlərindən birinə çevrilib.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən də eyni müna­sibət, eyni siyasət davam edir. Dövlət başçısının həyata keçirdiyi islahatlar nə­ticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Bir sözlə, Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksəlib. 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ağac əkiblər.

Mingəçevir

Nur şəhərinin ictimaiyyəti də Ulu öndərə sonsuz ehtiramını ifadə edib. Unudulmaz dahi şəxsiyyətin 20 Yanvar küçəsində və Heydər Əliyev Meydanında ucaldılmış abidələri önünə gül dəstələri qoyulub. Sonra tədbir şəhər stadionunda davam etdirilib.

Şəhər icra hakimiyyətinin başçısı İl­ham İsmayılov Ümummilli liderin Azər­baycanın tərəqqisi, dünya arenasında özünə layiq yer tutması naminə gördüyü misilsiz işlərdən danışıb. Qeyd edilib ki, Ulu öndərin Mingəçevirə və mingəçevir­lilərə diqqət və qayğısı bu gün də davam edir, Prezident İlham Əliyevin diqqəti sayəsində şəhər daha da inkişaf edir, gözəlləşir, hüsnünə yeniliklər əlavə edilir.

Xatirə tədbirində şəhər məktəblərinin kollektivləri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi-kompozi­siya təqdim ediblər. Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işləri, şəhər­də fəaliyyət göstərən mədəniyyət müəs­sisələrinin hazırladığı kitab sərgisi, su­venirlər, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, universitet və kollec tələbələrinin, Uşaq Şahmat Məktəbi ye­tirmələrinin müxtəlif növlər üzrə yarışları maraqla qarşılanıb. Qaliblərə mükafatlar verilib.

Təbir ulu öndərə ehtiram əlaməti ola­raq, ərazilərdə yaşıllıq sahələrinin yara­dılması ilə də əlamətdar olub: 202 ədəd (101+101) həmişəyaşıl şam və küknar ağacı əkilib. Axşam saatlarında isə res­publikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib, atəş­fəfanlıq olub.

Şirvan

Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilat­çılığı ilə ulu öndər Heydər Əliyevin ana­dan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın memarı” mövzusunda konfrans keçirilib.

Şirvan Şəhər Heydər Əliyev Mərkə­zində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndiril­dikdən sonra Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Heydər Əliyev: Azərbaycanın me­marı” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçı­sı İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, dünya miqyaslı siyasətçi və dövlət xadi­mi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi bənzərsiz şəxsiyyətdir. Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış Ulu öndərin adı Azərbay­canın, türk dünyasının, bütövlükdə, dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılıb. 

Goranboy

Goranboyda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü­mü ilə bağlı “yaşıl” aksiya keçirilib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılı­ğı ilə Goranboy şəhəri Heydər Əliyev Par­kında icra hakimiyyətinin başçısı Məhər­rəm Quliyevin, rayonun huquq-mühafizə orqanlarının və xidmət sahələri rəhbər­lərinin, şəhid ailələrinin, müharibə iştirak­çılarının və rayon fəallarının iştirakı ilə 101 ədəd ağac əkilib.

Laçın

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə laçınlıların müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Laçın Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təş­kilat rəhbərlərinin, ictimaiyyət nümayən­dələrin iştirak etdikləri aksiyada ərazidə 101 həmişəyaşıl, 200-dən çox digər növ ağaclar əkilib. Yeni əkilən ağaclar suva­rılıb, onlara aqrotexniki qulluq göstərilib.

Ağstafa 

Ağstafada “Heydər Əliyev və Azərbay­canın milli maraqlarına əsaslanan dövlət siyasəti” mövzusunda keçirilən məclisdə rayon icra hakimiyyətinin başçısı Sey­mur Orucov çıxış edərək Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu söyləyib.

Müdrik siyasi xadim özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq döv­lətimizin yürütdüyü yeni xarici siyasət nəticəsində Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmış, ölkəmiz haqqında yaradılmış mənfi icti­mai rəyə son qoymuşdur.

Səhifənin materiallarını
Tahir AYDINOĞLU,
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV və
Səbuhi HƏSƏNOV hazırlayıblar



















Sosial həyat