Dünyanı heyran qoyan qüdrətli lider

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın xaricdəki səfirlik və nümayəndəliklərində, soydaşlarımızın yığcam yaşadığı ölkələrdə də çoxsaylı toplantılar keçirilib. Həmin məclislərdə dünya miqyaslı siyasət və dövlət xadiminin bəşəri önəm daşıyan həyat və yaradıcılığı diqqət mərkəzində olub.

Türkiyə

Ankaradakı Heydər Əliyev adına mək­təbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bayram proqramı təşkil olunub. 

Azərbaycan Diasporuna Dəstək Fon­dunun (ADDF) icraçı direktoru Əkrəm Ab­dullayev görkəmli dövlət xadiminin Azər­baycan dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində rolundan söz açıb. O, ümidvar olduğunu bildirib ki, Azərbaycan və Türkiyənin gənc nəsli Heydər Əliyevin irsini hərtərəfli öyrənə­cək, öz ölkələrinin çiçəklənməsinə layiqli töhfə verəcək. Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nə­sibova qeyd edib ki, müasir Azərbaycanın bütün nailiyyətləri ayrılmaz şəkildə Hey­dər Əliyev şəxsiyyətinə bağlıdır. Məktəbin müdiri Oktay Kabasakalın sözlərinə görə, əlamətdar haldır ki, Türkiyənin bir çox şəhərlərində Heydər Əliyev parkları fəa­liyyət göstərir, ümummilli liderin abidələri ucaldılıb.

Özbəkistan

Azərbaycanın Özbəkistandakı səfir­liyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı mərasim keçirib. 

Səfir Hüseyn Quliyev öz çıxışında dün­ya şöhrətli siyasətçi, görkəmli dövlət xa­dimi Heydər Əliyevin həm Azərbaycanda, həm də keçmiş SSRİ-də yüksək vəzifələr tutduğu dövrdəki fəaliyyətindən geniş söh­bət açıb. O, ötən əsrin 70-80-ci illərində və müstəqillik dövründə Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birli­yinə inteqrasiyası, iqtisadi inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. 

“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verib.

Qırğızıstan

Azərbaycanın Qırğızıstandakı səfir­liyinin təşkilatçılığı ilə Bişkekdə yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gim­naziyada Ümummilli Lider Heydər Əliye­vin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Səfir Lətif Qəndilov ulu öndərin iki qardaş ölkə arasında münasibətlərin qu­rulmasında çox mühüm rol oynadığını bil­dirib. Azərbaycanın dövlət rəsmiləri ara­sında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək “Manas”ın dilinin ortaq dilimiz ol­duğunu söylədiyini xatırladıb.

Diplomat bildirib ki, Prezident İlham Əliyev ümummilli liderin yolunu davam et­dirərək ölkələrimiz arasındakı münasibət­ləri daha da inkişaf etdirməkdədir. 

Gürcüstan

Xəbər verdiyimiz kimi, azərbaycan­lıların yığcam yaşadığı Marneulidə fəa­liyyət göstərən "Azərbaycan Evi"ndə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş anım mərasimi və "Əsrin yadigarı Heydər Əliyev" kitabının təqdimatı keçirilib. 

"Əsrin yadigarı Heydər Əliyev" kita­bının işıq üzü görməsinin təşəbbüsçü­sü olmuş Gürcüstan Azərbaycanlı Jur­nalistlər Birliyindən XQ-yə bildirilib ki, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədzadənin Ulu öndərin ömür yolundan bəhs edən “Əs­rin yadigarı Heydər Əliyev” poemasında qüdrətli lider Heydər Əliyevin Qarabağı işğaldan azad etmək üçün yaratdığı hər­bi-siyasi əsasların önəmi geniş əksini tapıb. Əsərdə Azərbaycanın Türkiyə və Gürcüstanla dostluq əlaqələrinin yüksək səviyyədə qurulmasnda dahi soydaşımı­zın xidmətləri də poetikləşdirilib.

Təqdimat mərasimində "Əsrin yadi­garı Heydər Əliyev" kitabı Borcalıda ya­şayan soydaşlarımızın Ümummilli liderə sonsuz sevgisinin ümumiləşdirilmiş ifa­dəsi və onların Ulu öndərin anadan ol­masının 101-ci ildönümünə təhfəsi kimi dəyərləndirilib.

Macarıstan

Azərbaycan Respublikasının Ma­carıstandakı səfirliyində ümummilli li­der Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Səfir Tahir Tağızadə dahi şəxsiyyə­tin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən, müstəqilliyimi­zin qorunub saxlanılmasında, dövlətçi­liyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. O, Ümummilli liderin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyini, torpaqlarımızın erməni işğalından azad edilməsinin bunun bariz nəticəsi olduğu­nu vurğulayıb. 

Rusiya

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” maarifləndirici layihəsi çərçivəsində Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin anadan olma­sının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Məclisdə iştirak etmək üçün Rusiya­nın müxtəlif regionlarından olan Azərbay­can Milli-Mədəni muxtariyyətlərinin, eləcə də “İnkişaf” Regionlararası Azərbaycan­lılar Alyansının rəhbərləri və nümayən­dələri Kazanda səfərdə olublar. Layihənin əlaqələndiricisi “Tatarıstan” İctimai Birliyi­nin sədr müavini, jurnalist və ictimai xa­dim Emin Ramazanovdur.

Səudiyyə Ərəbistanı

Ümummilli lider Heydər Əliyevin ana­dan olmasının 101-ci ildönümü münasi­bətilə Azərbaycan Respublikasının Səu­diyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi təşkil olunub.

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Ümum­milli liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən söz açaraq bildi­rib ki, hələ sovetlər dövründə Ulu öndər respublikamızın gələcək müstəqilliyi yo­lunda mühüm addımlar atıb və bugünkü müstəqilliyimizin ilk təməllərini yaradıb. 

İtaliya

Azərbaycanın İtaliyadakı səfirliyi­nin Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə toplantı keçirilib.

Məclisdə səfir Rəşad Aslanov ümum­milli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ölkəmizin tərəqqisi və inkişafı üçün göstərdiyi misilsiz xidmətləri qeyd edib. O, bildirib ki, Ulu öndər müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu kimi hər zaman xalqımız tərəfindən dərin ehtiramla anılacaq. Müstəqilliyimizin təh­lükə altında olduğu bir dövrdə Ümummilli liderin xalqımızın rifahı və müstəqilliyimi­zin qorunması üçün göstərdiyi fədakarlıq, beynəlxalq əməkdaşlığın qurulması üçün nümayiş etdirdiyi güclü iradə minnətdarlıq­la yaddaşlarımızda qalacaq.

XQ

Son xəbərlər