Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya

post-img

V MƏQALƏ

Nəbzin gərək Vətənin nəbzi ilə vursun.

Heydər ƏLİYEV, 

Ümummilli lider

IV məqalədə son tezis Heydər Əli­yevin milli ideyanı real olaraq fərd–ailə–toplum miqyasında ümumi məqsədə çevirməsinin Azərbaycanda siyasi sa­vadlılığın mərkəzi punktu olması ilə bağlı idi. Ulu öndərin dövlətçiliyə və toplumun birliyinə bu töhfəsinin sonrakı zəfərlərin təməli olduğu fikrini də vurğulamışdıq. Heydər Əliyevin bu töhfəsinin siyasi ano­miya, siyasi absenteizm və siyasi təbliğat istiqamətlərində təhlili vacibdir. 

Siyasi anomiyanın ziyanı

Politoloji olaraq “anomiya” termini cə­miyyətdə davranışların dəyər–nümunə standartlarının zəifləməsi və ya tamam itirilməsi kimi tərif edilir. Bunun ən azı üç təhlükəli nəticəsi ola bilər. Birincisi, toplumun sosial-siyasi təşkilatlanması dağılar. İkincisi, siyasətdə radikalizm ten­densiyası artar. Üçüncüsü, siyasi ekstre­mizm vüsət alar. Bu üç əsas zərərli faktor çərçivəsində siyasi, ideoloji, psixoloji və mədəni-mənəvi aspektlərdə çoxlu sayda riskli məqamlar meydana gəlir. Yəni, fak­tiki olaraq, toplum bir sıra sferalar üzrə dağılmaq təhlükəsi ilə qarşılaşır. Bu təh­lükə müəyyən həddən sonra, bütövlükdə dövləti və cəmiyyəti çökdürə bilər. 

Məsələnin Azərbaycan üçün həssas tərəfi həmin dövrdə kənardan ölkəyə dağıdıcı təsirlərin çox olması ilə əlaqəli­dir. Bu cür neqativ təsirlərə daxildəki bir sıra dairələr də dəstək verirdilər. Deməli, məsələ dövlətçilik və millilik baxımından “olum-qalım” dilemması kimi meydana çıxmışdı. Həmin riskin fonunda vurğula­nan mümkün mənfi tendensiyalara nəzər salaq. 

Sosial-siyasi təşkilatlanma

Bu, XX əsrin 90-cı illərində müstəqil­liyini əldə etmiş hər bir keçmiş sovet res­publikası üçün ən aktual məsələlərdən biri idi. Çünki müstəqillik, faktiki olaraq, 70 ildən çox müddətdə oturuşmuş sosi­al-siyasi təşkilatlanmanı elə dəyişməyi tələb edirdi ki, həm ənənə saxlansın, həm də yeni geosiyasi və siyasi şəraitə uyğun müasir təşkilatlanma üçün səmərəli əsas yaransın. Heydər Əliyev məsələni milli ideya kontekstində qoymaqla həmin va­cib prosesi dövlətin və cəmiyyətin əsas məqsədinə çevirdi. Bütövlükdə Azərbay­can cəmiyyəti bu tarixi məsuliyyəti hiss etdi və üzərinə götürdü. Vətəndaş ərazi bütövlüyünü təmin etmək məqsədinin fo­nunda sosial-siyasi mövqeyini müəyyən edirdi. Böyük əksəriyyət Ulu öndərin ça­ğırışını Vətən naminə öz mübarizəsi kimi qəbul edirdi. 

Azərbaycanda milli ideyanın vurğula­nan konteksti tarixi bir gediş idi. Toplum faktiki olaraq qısa müddətdə bir məqsədə fokuslandı. Həmin dövrdə davamlı həya­ta keçən islahatlar vətəndaşda yenilik ruhunu stimullaşdırdı. İnsanlar bu yolda mübarizəyə hazırlıqlarını real həyatda təsdiq etdilər. Həmin aspektdə də cəmiy­yətin sosial-siyasi təşkilatlanması ziddiy­yətsiz yeni mərhələyə keçid etdi. Bununla Heydər Əliyev “bayraqdar”, xilasedici və qurucu liderliyin yenilikçi aspektini konk­ret Azərbaycanda həyata keçirən ilk döv­lət başçısı və lider oldu! Təbii ki, vurğul­dağımız məqam Heydər Əliyevin həm də ümummilli liderlik təcrübəsinin mərkəzi punktlarından birini təşkil edir. 

Onu deyək ki, XX əsrin 90-cı illərində sosial-siyasi təşkilatlanmanın uğurlu ye­niləşməsi yalnız postsovet məkanı üçün aktual deyildi. Qərbin inkişaf etmiş döv­lətləri üçün də bu məsələ kəskinliklə qar­şıda dayanmışdı. Nümunə kimi, XX əsrin 70-80-ci illərində ABŞ və Avropada vüsət alan sosial, siyasi, iqtisadi, maliyyə, ide­oloji və mədəniyyət sferalarında ciddi böhranların meydana gəlməsi və ondan çıxış yollarının axtarılmasını xatırlamaq olar. 

Həmin dövr Qərb filosofları, sosio­loqları, politoloqları üçün bu, cəmiyyətin keyfiyyətcə yeni sosial-siyasi təşkilat­lanmaya keçməsi zərurəti statusunda olan elmi problem idi. Siyasilər isə ke­çidin uğurlu modelini axtarmalı idilər. Məhz həmin mərhələdə indi məşhur olan “reyqanizm” və “tetçerizm” siyasi və ma­liyyə islahat kursları kimi yarandı. Qərb cəmiyyətləri böhrandan qurtuldu, lakin sosial-siyasi təşkilatlanmada fəsadları hələ də qalmış bir mənfi faktor da əmələ gəldi. Onu Avropa sosiologiyasının can­lı əfsanələrindən biri, fransız Alen Turen belə ifadə etmişdir: Qərb cəmiyyətlərində “reyqanizm” və “tetçerizm” sosial, siyasi, mədəni və ideoloji ədalətsizliyi gücləndir­di! Toplum maliyyə və iqtisadi cəhətdən xilas olundu, lakin sosial-siyasi təşkila­tanma zərər gördü. 

Bu, o deməkdir ki, müasir dövrdə cəmiyyətin yenidən təşkilatlanması son dərəcə mürəkkəb və risklərlə dolu pro­sesdir. Onu elə aparmaq gərəkdir ki, cəmiyyətin bütün sferaları üçün uğurlu olsun. 

Heydər Əliyevin dövlət başçısı və Ümummilli lider kimi tarixi xidməti ondan ibarətdir ki, sosial-siyasi təşkilatlanmanı hər hansı maddi və maliyyə dəyəri əsa­sında deyil, bütövlükdə, dövlətçilik və cəmiyyət üçün daim qalıcı olan, onun mənəvi, mədəni, etik, psixoloji və ideo­loji anatomiyasını təşkil edən konsepsiya bazasında reallaşdırdı. Həmin konsep­siyanın sütun dəyərini azərbaycançılıq, millilik, demokratik-hüquqi dövlət və yeni vətəndaş cəmiyyəti quruculuğu təşkil et­məkdədir. Bu faktorların harmonik təsiri güclü dövlətlə güclü cəmiyyətin formalaş­masının vəhdətinə aparıb çıxarmalı idi. Azərbaycanın bu istiqamətdə təcrübəsi Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi! 

Siyasi radikalizm

Siyasi radikalizm konkret siyasi qüv­vələrin mövcud duruma radikal mövqe­dən yanaşmasını ifadə edir. Yəni mövcud siyasi vəziyyəti əsas olaraq inkaredicilik aspektində şəxsi maraqları prizmasında qiymətləndirir. Davranışlarının məntiqi bu cür mövqedən qaynaqlanır. Siyasi radi­kalizm siyasi ekstremizmə aparan birba­şa yoldur. Siyasi anemiyanı stumullaşdı­ran faktorlardan biridir. Bu keyfiyyətində siyasi radikalizm daha çox siyasi savadlı­lıqla bağlıdır. Siyasi cəhətdən savadlı ol­mayan, ancaq siyasətlə məşğul olan kəs bütün hallarda radikalizmə yuvarlanır. Çünki onun cəmiyyətdəki siyasi vəziyyəti tam və bütöv qavramaq imkanı yoxdur – proseslərə həmişə özünün məhdud, lo­kal və inkaredici məntiqi pəncərəsindən baxır. Buna uyğun qərara gəlir. Həmin məqamda siyasi radikal səmimi milliy­yətçi də ola bilər, siyasi manqurd və ya kənar qüvvələrə xidmət edən marjinal da ola bilər. Radikallığın təhlükəsi baxımın­dan bu qruplar arasında elə bir fərq olmur – hər biri toplumu və dövləti dağıtmağa istiqamətlənir! 

Hər kəs bilir ki, keçən əsrin 90-cı il­lərində Azərbaycanda siyasi radikalizm az qala siyasi uğur normasına çevrilmiş­di. Heydər Əliyev siyasi savadlılığı milli ideya kontekstinə çəkməklə bu mənfi tendensiyaya öldürücü zərbə vurdu. YAP fəaliyyəti ilə həmn gedişata ciddi dəstək verdi. Azərbaycanda aparılan siyasi, so­sial, iqtisadi, ideoloji və hüquqi islahatlar siyasi mübarizənin radikalizm müstəvi­sindən sivil və dinc siyasi mübarizə mey­danına transformasiya etməsinin başlıca mexanizmləri oldu. 

Siyasi ekstremizm 

Siyasi eksterimizmin siyasi radika­lizmdən fərqi ondan ibarətdir ki, o, bir­başa dövləti və cəmiyyəti parçalamağa yönəldilir. Radikal mötədildən, demok­ratdan və ya milli təəssübkeşdən fərqli düşünür, lakin bütün variantlarda ölkənin parçalanmasına xidmət etmir. Ekstremist isə radikalların işində konkret dağıdıcı mövqeyini seçmiş qrupdur. Ekstremist ideoloji seçimini həyata keçirmək mər­hələsinə qədəm qoymuş radikaldır. 

Dünya təcrübəsi ekstremizmlə müba­rizənin müxtəlif üsullarının mövcudluğu­nu göstərir. Burada cəza üsulları, silahlı mübarizə, ideoloji savaş və s. kimi me­todlardan istifadə edilə bilər. Məsələn, Qərb dövlətləri öz ərazilərində ən kiçik ekstremizm əlaməti ilə bütün vasitələr­dən istifadə edərək mübarizə aparırlar. Nümunə kimi Fransada, İspaniyada və başqa inkişaf etmiş Qərb dövlətlərində ekstremizm kimi dəyərləndirdikləri halla­ra qarşı atılan addımları göstərə bilərik. Bu zaman onlar hətta uydurma ekstre­mizm halı yaradırlar və o ad altında fərqli düşünən kəsimlərə qarşı sərt mövqe tu­turlar (məsələn, müsəlmanlara qarşı olan münasibət). 

Azərbaycanda keçən əsrin 90-cı illə­rində real olaraq siyasi radikalizmlə siya­si ekstremizm konkret istiqamətlər üzrə birləşmişdi, bir-birini stimullaşdırırdı. O dövr üçün iki başlıca istiqaməti vurğula­ya bilərik. Birincisi, Azərbaycanda haki­miyyəti ələ keçirmək üçün radikalizmlə ekstremizmin qovuşmasıdır. Heyrətedici tərzdə bu aspektdə milli sayılan kəsimlə kənara xidmət edən qruplar arasında ko­ordinasiyalı fəaliyyət yaranmışdı. Bu da onu göstərir ki, böhranlı situasiyalarda radikallarla ekstermistlər arasında keçid elə də çətin deyildir – onlar bir-birini “si­yasi-ideoloji cəhətdən qidalandıra” bilir­lər. Bu, çox riskli və təhlükəlidir! 

Həmin təhlükəni Azərbaycan cəmiy­yəti öz üzərində real hiss etdi – 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə dalba­dal cəhdlər oldu! Bu zaman Azərbaycan dövlətçiliyinin güclənməsini həqiqi arzu­layan, lakin yanlış siyasi-ideoloji düşər­gədə olan kəsimlərlə radikal ekstermist dini qruplar və Qərbin “liberallıq xəstələri” birləşmişdilər. Əgər onların planları alın­saydı, Azərbaycanı parçalamaq prosesi başlayacaqdı və burada ən çox hədəfdə məhz yanlış yol seçmiş mlli kəsim ola­caqdı! Heydər Əliyev radikalizm və eks­tremizmlə məharətli və qətiyyətli müba­rizəsi ilə bu təhlükəli gedişatın qarşısını aldı və faktiki olaraq milli düşüncəni xilas etdi!

Bununla iki mühüm prosesi stimul­laşdırdı. Onlar siyasi absenteizmin qarşı­sının alınması və siyasi təbliğatın təsirli olması ilə bağlıdır.

Siyasi absenteizm 

Bu, istənilən ölkə üçün çox təhlükəli vəziyyətdir. Çünki vətəndaş ölkənin siya­si həyatına laqeyd qalır. Seçkiyə biganə olur, proseslərə qarışmaq istəmir və s. Absenteist əhval-ruhiyyə, avtomatik ola­raq kənar qüvvələrin ölkənin siyasi həya­tında at oynatmasına şərait yaradır, yəni, siyasi seçimi vətəndaşların əvəzinə, xari­ci dairələr edirlər. Buna görə də Azərbay­canda seçici fəallığı və marağını təmin etmək strateji xarakterli vəzifə idi. 

1993-cü ildən başlayaraq Azərbay­canda təşkil edlən seçkilər göstərdi ki, Heydər Əliyev bu problemi tam həll et­mişdir. Ölkədə seçici fəallığı yüksək sə­viyyədədir. 2024-cü ildə keçirilən Prezi­dent seçkisi bunun bariz nümələrindən biri oldu. Seçicinin çox böyük əksəriy­yəti dövlət başçısını öz qərarına əsasən seçdi. Buna görə də Azərbaycannın müstəqilliyi, suverenliyi və inkişafının tə­cəssümü olan Azərbaycan Prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nüfuzu vardır, hər sö­zünə çox ciddi münasibət özünü göstə­rir. Məsələn, Prezident İlham Əliyevin bir tələbi ilə Ermənistan 4 kəndi qaytarır və buna kimsə əngəl ola bilmir. Çünki bilir­lər ki, İlham Əliyevin cəmiyyətdə və dün­yanın ədalətli siyasi dairələrində böyük nüfuzu var. Bu nümunə Heydər Əliyevin siyasi absenteizmlə mübarizəsinin ən gözəl bəhrələrindən biridir! 

Siyasi təbliğat

Vurğulanan faktlar və aparılan təhlil göstərir ki, 1993-cü ildən bu yana cə­miyyətin çağırış və şüarlarla aktiv siyasi fəaliyyətə dəvəti uğurlu olmuşdur. Bu əsasda YAP-ın aparıcılığı ilə siyasi təb­liğat ardıcıl olaraq öz müsbət nəticələrini vermişdir. Həmin prosesin təcəssümü Azərbaycan Respublikasının əldə etdiyi zəfərlər silsiləsidir. Siyasi təbliğatın konk­ret gücü və məzmunu praktiki nəticələrlə ölçülür. Bu aspektdə Avrasiyada Azər­baycanla müqayisə oluna biləcək ikinci dövlət yoxdur!

Beləliklə, siyasi savadlılığın mlli ideya kontekstində çoxaspektli təşkili müstəqil dövlətçiliyi zəfərdən- zəfərə aparır. Hə­min prosesin memarı olan ulu öndər Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti burada aparıcı yer tutur! Həmin kontek­sdə yuxarıda vurğulanan məqamlardan başqa bir çox mühüm fəlsəfi qənaət əldə edilir: Heydər Əliyev Avrasiyada yeganə liderdir ki, ərazi bütövlüyü məsələsi ilə cəmiyyətin siyasi, sosial, mənəvi-əxlaqi, mədəni, ideoloji bütövlüyünü milli ideya­da təcəssüm edə bilmişdir! Mövzunun bu tərəfi bizi dövlətin ərazi bütövlüyü ilə cə­miyyətin bütövlüyü arasında bağlantının fəlsəfi və siyasi-nəzəri araşdırılmasının vacibliyi məsələsinə gətirib çıxarır. Bu isə ayrıca fəlsəfi və siyasi-nəzəri təhlil tələb edir! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət