Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, habelə emalı sənayesinin formalaşdırılması sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurularaq, bu sahənin potensialının gücləndirilməsinə yönəldilən resursların həcmi getdikcə artır. Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının artımı əksər sahələr üçün xarakterik olub, bitkiçilik sahəsi üzrə artımda həm intensiv, həm də ekstensiv amillər təmin edilib, heyvandarlıq sahəsində artım isə tədricən intensiv inkişafa əsaslanmağa başlayıb.
Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxalıb. Hesabat dövründə diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz, yumurta istehsalı 16,1 faiz, süd istehsalı 1,1 faiz artıb. Yanvar-fevral aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 485 kənd təsərrüfatı texnikası və avadanlığının satışı da maliyyələşdirilib. Yeri gəlmişkən, həmin göstəricinin 129-u traktor, 356-sı digər texnika olub.
Bu məqamda kənd təsərrüfatının inkişafını ifadə edən digər bir göstəriciyə də nəzər salaq. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan 16 min 475 ton alma, armud, heyva ixrac olunub. Bu, ötən illin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. İxrac olunan məhsulun dəyəri də 2 dəfə çox olmaqla, 10 milyon 646 min 500 dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı sektorunda sığorta ödənişlərində artım sürəti 21 faiz olmaqla 11,3 milyondan 13,7 milyon manata çatıb. Eyni zamanda, sığortalanmış obyektlərin dəyəri 502,8 milyon manat təşkil edib. Həmçinin 2022-ci ildə sığortalanmış mal-qaranın sayı 13 min 102 baş, tarla sahələri 261 min 223 hektar olub. Bundan başqa, ötən il sığorta hadisələri üzrə ödənişlər 2,4 milyon manata çatıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın aparıcı sığorta şirkətlərinin toplam yığımları 881,805 milyon manat və ya sığorta yığımlarının ümumi həcminin 90,83 faizini təşkil edib. Bu dövrdə ölkənin bütün sığorta şirkətlərinin toplam yığımları isə 970,823 milyon manat olub.
Hazırda kənd təsərrüfatının potensialının artırılması müxtəlif istiqamətlər üzrə həyata keçirilən genişmiqyaslı tədbirlər sistemi vasitəsilə reallaşdırılır. Ölkədə meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi də bunun bariz ifadəsidir.
Bununla bağlı xatırladaq ki, respublikada meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən böyük miqyaslı layihələr hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox olub.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfindən isə kommersiya məqsədi ilə “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.
Aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlar həyata keçirilib. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq edilməsinə başlanılıb, artıq 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq EKTİS vasitəsilə verilməsi təmin edilib.
Aqrar sığorta sahəsində kompleks islahatlar aparılıb, yeni qanunvericilik bazası və dövlət-özəl tərəfdaşlığı mexanizminə əsaslanan idarəetmə sistemi yaradılıb. Yeni aqrar sığorta mexanizmi artıq 2020-ci ildən etibarən həm bitkiçilik, həm də heyvandarlıqda tətbiq edilir. Hazırda aqrar sığorta sisteminin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir və aqrar sığorta göstəriciləri hər il yüksəlir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət qayğısı ilə əhatə olunması bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifadədə kənd təsərrüfatı məhsulları istehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məhsulları istehsalı 53,0 faiz, heyvandarlıq məhsulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xüsusilə ilkin kənd təsərrüfatı məhsullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına olub.
Əsas ərzaq məhsulları üzrə yerli istehsal potensialının gücləndirilməsi hesabına özünütəminetmə səviyyəsi əksər məhsullar üzrə yaxşılaşıb. Hazırda özünütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məhsulları üzrə ümumən 85-86 faiz, kartof üzrə təqribən 90 faiz, buğda üzrə təqribən 60 faiz təşkil edir.
Təbii resursların məhdudluğu səbəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə və ya keyfiyyətdə, həmçinin sərfəli qiymət şərtlərinə uyğun səviyyədə istehsal oluna bilməyən ərzaq məhsullarının daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlarının yaradılması və emal olunması üçün müvafiq saxlama infrastrukturu və istehsal bazası yaradılıb. Belə ki, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləşdirilməsi məqsədilə son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1,9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektləri qurulub. Bu istiqamətdə görülən işlərin sayəsində torpaq resurslarının məhdudluğu və təbii-iqlim şərtlərinin əlverişli olmaması səbəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə istehsal oluna bilməyən buğda, şəkər və bitki yağları xammalı, yem xammalı və s. məhsullar daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlar yaradılır, emal olunur və hətta ixrac edilir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


