İşğaldan azad olunmuş Cəbrayıl rayonunda icra olunan “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir.
“BP-Azərbaycan” şirkətindən verilən məlumata görə, bu ilin ötən dövrü ərzində layihə üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb. Həmin müqavilələr çərçivəsində layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb. Hazırda isə tikinti tədbirləri torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir. Eyni zamanda, bu ilin yayında tikinti sahəsində modul təchizatı üzrə işlərə də başlanıb. Avqust ayında isə ilk panellər uğurla əraziyə çatdırılıb.
Xatırladaq ki, layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə çərçivəsində 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

