Qələbənin strateji fazası: Hərbi uğurdan regional liderliyə

post-img

Azərbaycanın hərbi sahədə əldə etdiyi nailiyyətlər və sürətli modernləşmə, ölkənin həm daxili təhlükəsizliyinin, həm də Cənubi Qafqaz regionunda sülh və sabitliyin təminatında həlledici rol oynadığını göstərir. Müasir hərbi texnologiyaların tətbiqi, elit qüvvələrin sayının artırılması və güclü dövlət dəstəyi ilə Azərbaycan Ordusu qısa müddətdə dünyanın güclü hərbi birləşmələri səviyyəsinə yüksəlib. 8 Noyabr hərbi paradında nümayiş etdirilən hərbi texnika da dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın regional güc mərkəzi olaraq mövqelərini gücləndirib və yeni reallıqların memarı kimi sülhün qorunması istiqamətində yürütdüyü siyasəti bundan sonra da davam etdirəcək. 

Azərbaycan Ordusunun gücünün əsas sütunlarından biri müasir və yüksək texnologiyalı silahlardan ibarət arsenalıdır. Artıq Ordu, sadəcə ənənəvi hərbi vasitələrlə deyil, rəqəmsal və kosmik dövrün ən son nailiyyətləri ilə təchiz olunur. Aviasiyanın güclənməsi, "Ice Breaker" raketləri kimi supersəs (supersonic) raketlər, müasir artilleriya qurğuları və DİTA (Dərin İnteqrasiya Olunmuş Taktiki Aviasiya) kimi strateji çəkindirici vasitələr bu arsenalın əsasını təşkil edir. Bu cür yüksək sürətli raket sistemləri düşmən üçün əlçatmaz olan zərbə imkanları yaradır, eyni zamanda, DİTA kimi mürəkkəb sistemlər kəşfiyyat, hədəf təyini və zərbə funksiyalarını vahid şəbəkədə birləşdirərək ordunun döyüş qabiliyyətini və reaksiyasını kəskin şəkildə artırır. Bu vasitələr birlikdə Azərbaycana qarşı hər hansı bir hərbi avantüranın başlanmasının potensial xərclərini qat-qat artıraraq strateji çəkindirmə funksiyasını yerinə yetirir.

Azərbaycanın canlı qüvvə strukturunda ən ciddi dəyişiklik xüsusi təyinatlılarda müşahidə olunur. 2020-ci ildə müharibə başladığı vaxt Orduda təxminən 2 min xüsusi təyinatlı var idi. Bu gün isə rəsmi tədbirlərdə nümayiş edilən tək kontingent 4 min nəfərə yaxın olub və bu, ümumi qüvvələrin yalnız bir hissəsidir. Beynəlxalq hərbi ekspertlərin rəylərinə əsasən, Azərbaycan Xüsusi Təyinatlıları tək taktiki bölmə deyil, Ordunun əsas operativ zərbə qüvvəsidir. Onlar şəhər müharibəsi, dağ döyüşləri, kəşfiyyat-zərbə əməliyyatları və psixoloji üstünlük yaradılması kimi sahələrdə kritik rol oynayırlar. NATO təhlilçiləri bu modeli “kiçik ordunun yüksək effektivliklə kompensasiya aləti” kimi qiymətləndirirlər. Xüsusilə qeyd etmək lazım gəlir ki, XTQ-nin sayının artırılması ilə yanaşı, onların döyüş hazırlığı və təlim səviyyəsi də beynəlxalq standartlara uyğun şəkildə artırılıb. Bu qoşun növünün  bu miqyasda güclənməsi Azərbaycanın hərbi fəaliyyətlərində operativ çevikliyi və strateji üstünlüyünü təmin edir.

Azərbaycan Ordusu bu gün həm də  regionda sülhün və təhlükəsizliyin əsas zəmanəti qismində çıxış edir. Mövcud güc balansı və hərbi-texnoloji üstünlük Azərbaycana qarşı hərbi təxribat törətməyə heç bir dövlətin cəhd etməsinə imkan verilməyəcək səviyyədədir. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri bu əzmin praktiki təsdiqidir. Güclü dövlət - güclü ordu prinsipi ilə Azərbaycan ordusu dünyanın güclü orduları sırasında yer almaqla, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Bu, yalnız hərbi deyil, həm də siyasi dayanıqlılığın əsas göstəricisidir.

Azərbaycan Ordusunun modernləşməsi və güclənməsi bir daha sübut edir ki, güclü ordu sabitlik və sülhün ən etibarlı təməlidir. Aviasiya, raket sistemləri və elit XTQ-nin sintezi Azərbaycanın hərbi çəkindirmə qabiliyyətini regionda misilsiz dərəcədə yüksəldib. Bu yeni hərbi arxitektura nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qoruyur, həm də Cənubi Qafqazda davamlı sülh üçün yeganə real mexanizmi təmin edir. 

Beləliklə, Azərbaycan müharibəni yalnız döyüş meydanında deyil, strateji səviyyədə qalib gəlməkdə davam edir. Bu, hərbi nəticələrin siyasət, diplomatiya, iqtisadiyyat, informasiya və regional təhlükəsizlik sistemində uzunmüddətli üstünlüyə çevrilməsi deməkdir. Ən əsası, Azərbaycan qələbəni yalnız keçmişlə bağlı məsələ kimi yox, gələcəyi formalaşdıran siyasi layihəyə çevirib: Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, minlərlə köçkünün qayıdışı, regionda yeni kommunikasiya xətləri və iqtisadi platformalar - bütün bunlar qələbənin davamlı fazaya keçdiyini göstərir.

Səbuhi MƏMMƏDOV
XQ

Ordu