Noyabrın 8-də Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə təsis olunan «ZƏFƏR» mükafatının təqdimatı keçirilib. Mükafat yaradıcı şəxslərin vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsində göstərilən xidmətlərinin və nailiyyətlərinin qiymətləndirilməsini və mükafatlandırılmasını özündə ehtiva edir.
«Zəfər» mükafatı Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurzadəyə, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən Xalq artisti Nurəddin Mehdixanlıya, Xalq artisti Firəngiz Mütəllimova tərəfindən 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə tamaşaçıları təbrik ediblər, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramlarını bildiriblər.
44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə ölkəmizdə çox sayda tədbirlər, mərasimlər, layihələr həyata keçirilir. Belə tədbirlərdən biri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalıdır. Noyabr ayının 3-dən 9-dək davam edən festival çərçivəsində ölkəmizin teatr və konsert müəssisələrində, habelə muzey və sərgi salonlarında qələbəmizə həsr olunmuş tamaşa, konsert və sərgilər təqdim olunacaq. Bu sırada 7, 8 və 9 noyabr tarixlərində Akademik Milli Dram Teatrında oynanılan “Baş”, Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində tamaşaçılara təqdim olunur.


.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

