Qarabağ Zəfərinin beynəlxalq əks-sədası

post-img

İnformasiya savaşının qələbə notları

Azərbaycan Ordusu 44 günlük savaşda ölkəmizin haqq işi – ərazi bütövlüyünün bərpası uğrunda mübarizəni təkcə döyüş meydanlarında deyil, həm də informasiya və diplomatiya cəbhəsində aparırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələr bu prosesdə mühüm strateji əhəmiyyət daşıyırdı.

Noyabrın 9-da “BBC News” telekanalına verilən müsahibə də həmin informasiya hücumunun ən önəmli məqamlarından biri idi. Bu müsahibə dünya ictimaiyyətinə obyektiv faktları çatdırmaqla bərabər, həm də Azərbaycan diplomatiyasının rasional və beynəlxalq hüquqa əsaslanan xəttini nümayiş etdirmək baxımından xüsusi önəmə malik idi. Prezident İlham Əliyev çıxışında Qərb auditoriyasına aydın və faktlara söykənən mesajlar göndərir, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Ermənistanın işğalçı siyasət yürütdüyünü, beynəlxalq hüququn prinsiplərini pozduğunu və respublikamızın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri gerçəkləşdirdiyini diqqətə çatdırırdı.

“BBC News” jurnalistinin sualları bir çox hallarda Ermənistanın təbliğatını əks etdirən iddialara əsaslansa da, dövlətimizin başçısının cavabları həmin uydurmaları faktların gücü ilə tamamilə ifşa edirdi. Ölkə rəhbəri Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladığını, həmin torpaqlarda qanunsuz məskunlaşma apardığını, şəhər və kəndləri yerlə-yeksan etdiyini xatırladırdı.

Prezident, eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq, öz torpaqlarında antiterror əməliyyatı həyata keçirdiyini və bu müharibədə işğalçıya qarşı ədalətli müqavimət göstərdiyini, dövlətimizin və xalqımızın ədalət uğrunda mübarizə apardığını, bu ədalətin isə beynəlxalq hüququn prinsipləri ilə tam üst-üstə düşdüyünü vurğulayırdı. Beləliklə, Prezident İlham Əliyev Qərb auditoriyasının diqqətinə Azərbaycanın məqsədinin revanşizm və ya aqressiya olmadığını, beynəlxalq qaydalara əsaslanan sülhün təmin edilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu çatdırırdı.

Azərbaycan lideri çıxışında müxbirin informasiya manipulyasiyalarına tutarlı cavablar verirdi. Qeyd edək ki, jurnalistin müsahibə boyu işlətdiyi suallarda birtərəfli ton hiss olunurdu. Başqa sözlə, müxbir münaqişəni “bərabər tərəflərin toqquşması” kimi təqdim etməyə çalışırdı. Lakin Prezident İlham Əliyev cavabında savaşı “burada bərabər tərəflər yoxdur, bir tərəf işğalçı, digər tərəf isə ədalət və beynəlxalq hüquq uğrunda mübarizə aparan dövlətdir” kimi qiymətləndirirdi.

Azərbaycan liderinin arqumentləri soyuq məntiqə və hüquqi əsaslara söykənirdi. O, konkret faktlarla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu sübut edirdi. Ölkə rəhbəri, eyni zamanda, bu tələblərin 30 il ərzində icra edilmədiyini də bildirirdi.

Müsahibədə dövlətimizin başçısı jurnalistin “mülki şəxslərin hədəfə alınması” barədə iddialarını rədd edərək mülki əhalini hədəf alan tərəfin Ermənistan olduğunu, Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin Ermənistan ordusunun raket hücumlarına məruz qaldığını xatırladır, bu faktları “BBC” auditoriyasına açıq şəkildə təqdim edir və informasiya manipulyasiyasının əsassızlığını sübuta yetirirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi günlərində bu məsələni bütün beynəlxalq media platformalarında prinsipial və ardıcıl şəkildə gündəmə gətirərək Ermənistanın törətdiyi cinayətlərin hüquqi-siyasi qiymətini dəqiq ifadə edirdi. Azərbaycan lideri müsahibədə bununla bağlı faktlara əsaslanaraq, Ermənistanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket zərbələri endirməsini, dinc əhalini hədəfə almasını beynəlxalq hüquq çərçivəsində müharibə cinayəti kimi qiymətləndirirdi, bunu erməni faşizminin növbəti təzahürü adlandırırdı: “Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz Birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda”.

Azərbaycanın dövlət başçısı vurğulayırdı ki, Gəncə, Bərdə və Tərtər şəhərlərinə atılan raketlər müharibə qanunlarına ziddir, bu hücumlar sırf terror məqsədi daşıyır və beynəlxalq hüquq baxımından açıq-aşkar müharibə cinayətidir. Ermənistan ordusu cəbhə xəttindən uzaqda yerləşən bu şəhərlərdə mülki infrastrukturu – yaşayış binalarını, xəstəxanaları, məktəbləri, ticarət obyektlərini, uşaqları və qadınları məqsədli şəkildə hədəfə almışdı. Bu faktlar təkcə Azərbaycanın suverenliyinə qarşı deyil, həm də bütün bəşəri dəyərlərə, humanizm prinsiplərinə qarşı yönəlmişdi.

Xatırladaq ki, Gəncə və Bərdəyə atılan “Skad” və “Smerç” tipli raketlər nəticəsində onlarla dinc sakin həyatını itirdi, yüzlərlə insan yaralandı. Bu hadisələr beynəlxalq ictimaiyyətə təqdim edilən sübutlarla bir daha göstərdi ki, Ermənistan silahlı qüvvələri müharibənin elementar etik qaydalarına belə məhəl qoymur. Prezident İlham Əliyev bu faktları dünya mediası qarşısında konkret sənədlərlə, foto və video materiallarla ortaya qoyaraq, işğalçının cinayətkar mahiyyətini ifşa etdi və bildirdi ki, bu hücumlar müharibə deyil, terror aktıdır.

Beynəlxalq hüququn əsas prinsiplərinə görə, münaqişə şəraitində mülki əhalinin və onların əmlakının məqsədli şəkildə məhv edilməsi Cenevrə konvensiyalarının kobud pozuntusudur. Azərbaycan Prezidenti məhz bu kontekstdə Ermənistanın hərəkətlərini müharibə cinayəti kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti bu cinayətlərin tanınmasına və cəzasızlığın qarşısının alınmasına çağırırdı. Bu, təkcə hüquqi deyil, həm də mənəvi məsələ idi. Çünki Vətən müharibəsində Azərbaycan dövləti heç vaxt mülki obyektləri hədəf almırdı, əməliyyatları yalnız beynəlxalq humanitar hüquq çərçivəsində aparırdı.

Prezident İlham Əliyevin bu prinsipial mövqeyi Azərbaycanın haqlı mübarizəsini daha da gücləndirdi. Onun beynəlxalq tribunalara, aparıcı KİV-lərə və siyasi mərkəzlərə ünvanlanan çıxışlarında əsas fikir bundan ibarət idi ki, ədalət yalnız güclü ordunun deyil, həm də güclü hüquqi və mənəvi mövqenin sayəsində təmin olunur. Məhz bu səbəbdən Azərbaycan həm hərbi, həm diplomatik, həm də hüquqi müstəvidə qalib gəldi.

Vətən müharibəsinin ən ağrılı səhifələrindən biri olan Gəncə, Bərdə və Tərtərin bombalanması hadisələri Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Lakin həmin faciələr, eyni zamanda, ölkəmizin haqlı mövqeyinin açıq-aydın görünməsinə, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın təcavüzkar siyasətinə yönəlməsinə səbəb oldu. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bu cinayətlərin unudulmaması və gələcəkdə təkrarlanmaması üçün güclü siyasi-hüquqi baza formalaşdırdı.

Müsahibənin mühüm hissələrindən biri də sülh məsələsinə həsr olunmuşdu. Prezident İlham Əliyev çıxışında Azərbaycanın hər zaman sülh danışıqlarına sadiq olduğunu, lakin Ermənistanın bu prosesi imitasiya etdiyini, illərlə vaxt qazanmaqla status-kvonun möhkəmlənməsinə çalışdığını bildirirdi. Dövlət başçısı “müharibə sülhün alternativi deyil, onun bərpasıdır”, – deyirdi.

Yeri gəlmişkən, Azərbaycan müharibəyə başlamaqla sülh prosesini bərpa edir, ədalətli nizamı qurmağa yönəlmiş addım atırdı. Bu yanaşma beynəlxalq aləmdə də “məsuliyyətli gücün davranışı” kimi qiymətləndirilir, Azərbaycanın beynəlxalq hüququ pozan deyil, onu bərpa edən tərəf olduğu söylənilirdi.

Prezidentin müsahibədə münaqişənin davam etməsinin başlıca səbəbini beynəlxalq ədalətsizlik və ikili standartlar olduğunu vurğulayırdı. “Əgər eyni qətnamələr başqa regionlarda dərhal icra olunurdusa, niyə Azərbaycan məsələsində 30 il susqunluq nümayiş etdirilir” deyirdi. Əslində bu ritorik sual “BBC” auditoriyasına ünvanlanan ən kəskin mesajlardan biri idi.

Müsahibədə Prezident İlham Əliyev “Qarabağ ermənilərinin gələcəyi” məsələsinə də xüsusi toxundu. O, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi eyni hüquqlara malik olacaqlarını, onların təhlükəsizliyi və sosial rifahının Azərbaycan dövləti tərəfindən təmin ediləcəyi bəyan etdi. Bu bəyanat Qərb ictimaiyyətinə aydın mesaj idi: Azərbaycan milli zəmində qisasçılıq siyasəti yürütmür, multikultural və tolerant ənənələrə əsaslanan dövlət modelinə malikdir. Dövlət başçısı qeyd edirdi ki, Qarabağda yaşayan insanlar etnik mənsubiyyətinə görə deyil, qanun qarşısında bərabər vətəndaşlar kimi dəyərləndiriləcəklər. Bu, postmünaqişə dövrü üçün strateji istiqaməti müəyyənləşdirən, beynəlxalq ictimaiyyətə Azərbaycanın humanist mövqeyini göstərən bəyanat idi.

Azərbaycan lideri müsahibəsində təkcə hərbi əməliyyatların gedişi ilə yanaşı, həm də regionun gələcək təhlükəsizlik arxitekturasına dair baxışlarını səsləndirdi. Cənubi Qafqazda dayanıqlı sülhün yalnız ədalətli status-kvonun bərpası, yəni Azərbaycanın ərazi bütövlüyünün gerçəkləşdirilməsi sayəsində mümkünlüyünü diqqətə çatdırdı. Dövlətimizin başçısı daha sonra dedi: “Artıq yeni regional reallıq formalaşır. Azərbaycan güclü iqtisadiyyata, suveren siyasi iradəyə və beynəlxalq nüfuza malik dövlətdir”. Bu kontekstdə dövlət başçısının vurğuladığı “müharibə dövründə Ermənistan ordusunun məğlubiyyətinin səbəbi təkcə hərbi deyil, həm də siyasi və ideoloji böhran idi” fikri regionda yeni güc balansının yaranmasına işarə idi. Azərbaycan isə qalib dövlət kimi sülhün, əməkdaşlığın və qarşılıqlı faydalı inteqrasiyanın tərəfdarıdır. Prezidentin sözləri ilə desək, “Biz sülh istəyirik, lakin heç vaxt ədalətsiz sülhə razı ola bilmərik”.

Noyabrın 9-da “BBC News” telekanalına verilən müsahibə, əslində, 44 günlük Vətən müharibəsinin informasiya cəbhəsində növbəti dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev beynəlxalq auditoriyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti beynəlxalq hüququn keşiyində dayanır, ədalət və sülh tərəfdarıdır. Bu müsahibə həm də göstərdi ki, informasiya müharibəsində soyuq məntiq, hüquqi arqument və prinsipial mövqe emosional təbliğatdan qat-qat güclüdür. Azərbaycan diplomatiyası məhz bu model üzərində qurulub.

Xatırladaq ki, bu cür yanaşma müharibədən sonra bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas ideoloji xətt idi. Belə bir dövrdə Azərbaycan tarixi ədalətə əsaslanan regional inteqrasiya modeli təşəbbüsünü irəli sürdü. Bu isə beynəlxalq ictimaiyyət üçün Azərbaycanın revanşist, təcavüzkar dövlət olmadığı, ədalətli sülhün tərəfində dayandığı haqqında dünyaya mühüm mesaj idi.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə sadəcə hərbi uğur deyildi, həm də milli kimliyin, dövlət suverenliyinin və tarixi ədalətin bərpası idi. “BBC News” telekanalının suallarına verilən cavablar isə əvvəlki müsahibələrdə olduğu kimi, tarixi Qələbənin ideoloji təməlinin mahiyyətini dünya ictimaiyyətinə çatdıran mühüm sənəd idi. Azərbaycanın səsi artıq təkcə döyüş meydanında deyil, beynəlxalq tribunalar və media platformalarında da qətiyyətlə eşidilirdi. Bu, Prezident İlham Əliyevin diplomatik iradəsinin və milli liderlik konsepsiyasının parlaq təzahürü kimi diqqət çəkirdi.

Vaqif BİNYATOĞLU
XQ

Siyasət