“Dəmirli” misi bazara çıxarılır

post-img

Azərbaycanda qızıl, mis və gümüş hasilatı sahəsində fəaliyyət göstərən Böyük Britaniya şirkəti olan “Anglo Asian Mining PLC” Qarabağdakı “Dəmirli” mis mədənində hasil olunan konsentratın satışına dair müqavilə imzalayıb.

“Trafigura Pte Ltd” şirkəti ilə bağlanmış müqavilə 25 milyon ABŞ dollarınadək qabaqcadan ödəniş xəttini nəzərdə tutur. Şirkət artıq Azərbaycan hökumətindən “Dəmirli” mədəninin emal zavodunun istismarı üçün tələb olunan lisenziyaları alıb. “Anglo Asian”a, həmçinin mövcud tullantı anbarından 12 ay müddətinə istifadə icazəsi də verilib. Bu müddətdə ikinci tullantı anbarının tikintisi planlaşdırılır. Zavodun icarə müqaviləsi 2025-ci il oktyabrın 1-dən qüvvəyə minib.

“Trafigura” şirkəti ilə imzalanmış satış müqaviləsi hökumət tərəfindən təsdiq olunub. “Anglo Asian” ilk mis konsentratı satışının bu ayın ortalarında reallaşacağını gözləyir.

Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, “Dəmirli” mədənində zavodun və tullantı anbarının istismarı üçün bütün müvafiq lisenziyaların alınması şirkətin hasilat portfelini genişləndirəcək. Bu addımı sözügedən mədənin tam fəaliyyətə başlaması və qrupun ümumi istehsalına töhfə verməsi baxımından mühüm mərhələ kimi səciyyələndirən baş direktorun sözlərinə görə, “Trafigura” ilə imzalanmış satış müqaviləsi rəhbərlik etdiyi şirkətə mis konsentratının satışına başlamağa və “Dəmirli”dən gəlir əldə etməyə imkan verir.

 

İqtisadiyyat