"Rosselxoznadzor" Ermənistandan karantin nəzarətində olan məhsulların idxalını qadağan edib

post-img

Rusiya iyunun 12-dən etibarən Ermənistandan gələn və karantin nəzarətində olan bütün növ məhsulların ölkəyə idxalına məhdudiyyətlər tətbiq edir. Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, həmin məhsulların Avrasiya İqtisadi İttifaqı (AVRİİ) ölkələrinə tranziti də məhdudlaşdırılacaq.

Qurum bu qərarını onunla əsaslandırıb ki, 2026-cı ilin iyun ayında Ermənistandan gətirilən qoz, qurudulmuş şaftalı və qurudulmuş pomidor məhsullarında üç qapra böcəyi (Xapra beetle) infeksiyası faktı aşkar edilib. Qadağa yalnız göndərilən malların təhlükəsizliyini təmin edəcək xüsusi alqoritm hazırlandıqdan sonra ləğv ediləcək.

Məlumatda bildirilir: "Sözügedən vəziyyət Ermənistanın səlahiyyətli orqanı tərəfindən kifayət qədər nəzarətin aparılmadığını göstərir və fitosanitar sertifikatlaşdırma sisteminə qarşı etibarsızlıq yaradır". Qurum vurğulayır ki, Ermənistanın karantin və bitki mühafizəsi xidmətinin səmərəsiz fəaliyyəti Rusiyanın və AVRİİ-nin fitosanitar rifahını təhlükə altına qoyur.

Xatırladaq ki, may ayının sonundan etibarən Rusiya Ermənistan məhsullarının idxalını ardıcıl olaraq məhdudlaşdırırdı. "Rosselxoznadzor" bundan əvvəl gül, pomidor, xiyar, bibər, göyərti, çiyələk, çəyirdəkli meyvələr, təzə üzüm, tumlu meyvələr, badımcan, kartof və quru meyvələrin idxalını qadağan etmişdi. İyunun 2-dən isə Ermənistan Rusiyaya ixrac üçün nəzərdə tutulan canlı balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırmalı idi.

Ermənistanın Baş naziri bu qərarları siyasiləşdirilmiş addım adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu tədbirlərin sırf fitosanitar normalarla bağlı olduğunu bəyan edib.

S.ELAY

XQ

Dünya