Bölgələrdə Zəfər Günü təntənələri

post-img

Xalqımıza 30 illik məyusluq və ağrı-acılardan sonra xoşbəxtlik bəxş etmiş, Qarabağda əmin-amanlığı bərpa etmiş, hər bir soydaşımıza sonsuz öyünc gətirmiş Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilir. Keçirilən şənliklərdə, anım mərasimlərində, yubiley məclislərində öz qanları ilə Azərbaycana tarixi Zəfər qazandırmış şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, ordumuzun rəşadətindən, əsgər və zabitlərimizin hünərindən iftixar və minnətdarlıqla bəhs olunur.

Naxçıvan

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər Günü – əbədi qürurumuz” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mərasimdə iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan televiziyasının Zəfər Gününün 5 illiyi münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollecin müəllim, zabit və kursantlarını Azərbaycan xalqının şərəf, qürur və milli iftixar rəmzinə çevrilmiş 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, əlamətdar gündə şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, Vətən uğrunda sağlamlığını itirənlərə şəfa diləyib.

Fuad Nəcəfli kursantlara xitab edərək deyib ki, siz bu böyük tarixin canlı şahidləri, gələcəyin zabitlərisiniz. Zəfər yolu şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi ilə yazılıb. Bu müqəddəs mirası qorumaq, suverenliyimizi möhkəmləndirmək, Vətənə sədaqətlə xidmət etmək sizin əsas vəzifənizdir. Qoy, sizin hər addımınızda Zəfər ruhu, Vətən sevgisi və milli məsuliyyət olsun.

Tədbir bədii hissə ilə davam edib. Kursantlar Hərbi Kollecin marşını səsləndirib, Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri vətənpərvərlik və qələbə ruhlu musiqi nömrələri təqdim ediblər.

***

AMEA Naxçıvan Bölməsində “8 Noyabr – Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əməkdaşları Zəfər bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 Noyabr gününün Zəfər Günü kimi qeyd olunmasının böyük tarixi və mənəvi əhəmiyyətini vurğulayıb.

Akademik qeyd edib ki, XIX əsrin əvvəllərində imzalanan Türkmənçay və Gülüstan müqavilələri ilə Cənubi Qafqaz Rusiya imperiyasının tərkibinə qatılıb, Azərbaycanın tarixi torpaqları süni şəkildə bölünüb, bununla da bölgədə demoqrafik və siyasi tarazlıq pozulub. Bu dövrdən etibarən ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesinə başlanılıb və gələcək münaqişələrin təməli qoyulub. Sonrakı dövrlərdə isə ermənilərin Azərbaycana ərazi iddiaları davamlı olaraq güclənib.

Gəncə

Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü münasibətilə təntənəli tədbir təşkil olunub. Mərasim əvvəlcə universitet rəhbərliyi və qonaqlar tərəfindən Şəhidlər Xatirə Kompleksinin ziyarəti ilə başlayıb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Universitetin rektoru Zəfər Qurbanov çıxışında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin təntənəsidir. “Bu Qələbə gələcək nəsillər üçün qürur mənbəyi olacaq. Universitet kollektivi şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə fəxr edir”, – deyə rektor vurğulayıb.

Goranboy

Rayonun Fəxralı kəndində Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar, o cümlədən Eldar şamı və zeytun ağacları əkilib. Mərasimin keçirilməsində məqsəd qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək, həmçinin yaşıl mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına töhfə vermək olub.

Şəmkir

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib. Mərasimdə Şəmkir rayon rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı Rəşad Tağıyev çıxışında qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və ordumuzun gücü sayəsində mümkün olub.

Lənkəran

Zəfər Günü Lənkəranda da silsilə tədbirlərlə qeyd olunub. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyətin nümayəndələri şəhərdə milli qəhrəmanların şərəfinə ucaldılmış abidələri ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar edilib. İcra hakimiyyətinin başçısı burada şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

***

“Xalqın zəfər təntənəsi” adlı tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, icra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər şəxsləri, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti, gənclər, könüllülər, idmançılar iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və vətənpərvərlik ruhunu misilsiz şəkildə nümayiş etdirdi. Məhz bu həmrəylik və birlik sayəsində xalqımız böyük qələbə qazandı və bu qələbə ölkəmizi bərpa, yenidənqurma və inkişaf mərhələsinə yüksəltdi.

Mərasim gənclər və könüllülər tərəfindən hazırlanmış bədii hissə ilə davam edib. İdmançılar boks, cüdo, karate, ağırlıqqaldırma və digər idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər. Gənc rəssamların əl işləri və sənətkarlıq nümunələri sərgilənib. Səhnədə gənc müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar və rəqslər təqdim olunub, zəfərə həsr edilmiş şeirlər səsləndirilib.

Laçın

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və rayondakı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə “Zəfərin səsi – Laçın 2025” adlı tədbir keçirilib.

Mərasimi açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır. Həmçinin vurğulayıb ki, Zəfərin rəmzinə çevrilən Laçında bu bayramın qeyd olunması həm qayıdışın, həm də dirçəlişin simvoludur. Bu torpaqlara həyatın, inkişafın və insan nəfəsinin qayıdışı şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.

Rəsmi hissədən sonra tədbir Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib.

Ağdam

Şəhərdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışıblar. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad olundu, tarixi ədalət bərpa edildi. Xalqımız Şuşa şəhərinin işğaldan azad edildiyi 8 Noyabr tarixini – Zəfər Gününü qürurla qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

Mingəçevir

8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə yaradılmış parkın açılış mərasimi keçirilib. Energetiklər yaşayış massivində, qəhrəmanın yaşadığı binaya onun son döyüş səhnəsini əks etdirən portret vurulub, binanın yaxınlığında, xatirə bulağının arxasında yaradılmış parkda yaşıllıq zolağı salınıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbiri açaraq Milli Qəhrəman Natiq Qasımovun şücaətindən, onun dünyada tanındığından söhbət açıb.

Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov, Birinci Qarabağ müharibəsi əlili Əbülfət Babayev Zəfər Günü təbriklərini çatdıraraq ölkə rəhbərinin göstərdiyi diqqət və qayğıdan danışıblar.

Zaqatala

Vətən müharibəsində Şanlı Qələbəmizin 5-ci ildönümü Zaqatala rayonunda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, sonra “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən “Qarabağ, sən azadsan” adlı tədbirin iştirakçıları əvvəlcə foyedə yeniyetmə və gənc rəssamların parlaq qələbəmizin 5-ci ildönümünə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Çıxışlardan sonra “Zəfər yolu” filmi nümayiş olunub.

Sonda tədbir iştirakçıları “Zəfər yürüşü”nə qatılıblar.

Vaqif BAYRAMOV,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Səbuhi HƏSƏNOV,
Əlisəfa HƏSƏNOV
XQ



















Sosial həyat