Nikol, yoxsa Baqrat?

post-img

Ermənipərəst aləmə İrəvanın mesajı

Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bir qədər əsəbi şəkildə belə sual vermişdi: Nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməlidir? Əslində, bu sual bəzi mətləblərdən xəbər verir. Söhbətimiz bu barədədir.

Hazırda Ermənistanda cərəyan edən proseslər və ölkəni çənginə almış gərgin mühit fonunda ortada bir obraz var – arxiyepiskop Baqrat Qalstanyan. Onun sayəsində kilsə ilə siyasi müxalifətin, bir növ, konso­lidasiyası gedir. Sanki, bu iki qütb vahid cəbhədə bir­ləşib. Əlbəttə, din xadiminin rəhbərlik etdiyi və müəy­yən mənada, mənəvi yükü qabardılan hərəkatın, belə demək mümkünsə, siyasi “qulaqları” da görünmək­dədir. Söhbət keçmiş prezident Robert Koçaryanın ön plana çəkilməsindən gedir. 

Hər bir halda, dediyimiz kimi, hazırkı situasiyada ortada olan erməni siyasi hərəkatına rəhbərlik edən din xadimi – keşiş obrazı var. Qəribə mənzərə yara­nır. 2018-ci ildə dünyanın qibtə ilə yanaşdığı inqilabı gerçəkləşdirən və keçmişin qalıqlarını üzərindən atan Ermənistan üstündən altı il keçəndən sonra yenidən keçmişə qayıtmaq istəyir. Söhbət indiki hakimiyyətin devrilməsinə yönələn çağırışların daha uca səslə eşidil­məsindən gedir. 

Bəli, 2018-ci ildə Ermənistanda inqilab olarkən, bir çox siyasi ekspertlər məsələni inqilab yox, məhz çevriliş kimi qiymətləndirmişdilər. Həmin vaxt indi­kindən fərqli olaraq nimdaş paltar geyinmiş hazırkı baş nazir N.Paşinyanın üsyankar obrazı canlanırdı. O, arxiyepiskop Baqratdan heç nə ilə fərqlənmirdi. Yalnız demokratiya və insan haqları şparqalkaları ilə silahlan­mışdı. O “demokratiya” ilə ki, Ermənistana qapıdan və pəncərədən gəlməmişdi, özünü bacadan içəri dürt­müşdü. Obrazlı desək, bu dürtülmə nəticəsində yerə dəyərək böyür-başını da əzmişdi. 

Paşinyan ötən müddətdə erməni xalqının demokra­tiya ilə bağlı əzik təfəkkürünün carçısı kimi meydanda oldu. Bəlkə də o, nələrisə düz etmədiyinin, nələrinsə yolunda olmadığının fərqinə vardı. Ola bilər, durumu aradan qaldırmaq üçün müəyyən tədbirlər də görmək istədi. Ancaq bütün bunlar onu tipik erməni xisləti ilə cilalanmış şəxs simasında göstərdi. Başqa sözlə desək, ənənəvi erməni məkrinin məngənəsindən xilas ola bil­mədi. 

Diqqət yetirək, bu gün Baqrat populist şüarlar səsləndirir, Nikolu xain, satqın kimi qələmə verir, öz aləmində Azərbaycanın qəsbkarlığına qarşı çıxır, saxta vətənpərvərlik şüarları səsləndirir. Paşinyan da 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” bəya­natını verəndə, təxminən, eyni ampluada idi. Demok­ratiyanın “qladiatoru”na çevrilmişdi. Xalq bu adamı alqışlayır, bağrına basırdı. 

Xəstə təfəkkürlü erməni cəmiyyəti hesab edirdi ki, demokratiya və insan haqları kimi ali dəyərlər məhz erməni avantürizminə xidmət üçün ortada olmalıdır. Lakin gözləntilər özünü doğrultmadı. Ermənistan 44 günlük müharibədə tam bir fəlakətlə üzləşdi. Bunun səbəbləri çoxdur. Ən başlıca səbəb Paşinyanın köhnə­likdən qurtula bilməməsidir. Hakimiyyətə gəlməzdən əvvəl səsləndirdiyi yeni fikirləri köhnəliyin əsirinə çe­virməsidir. Bu adam düşünə bilmədi ki, xalqı yeni fi­kirlərlə hansısa formada düz yola çəkib və həmin yolu daha da rəvan etmək lazımdır. 

Nəticədə bu gün Ermənistan baş naziri məhz köh­nəliklə şantaj olunur. Özü də, bu, köhnəlik yox, ha­radasa qədimlikdir. O qədimlik ki, orada Ermənistan adlı dövlət olmayıb. Axı kilsə və din amili ermənilərin dövlətsizlik dövrünün zay məhsuludur. Elə bir məhsul ki, ancaq avantürizmə, qəsbkarlığa əsaslanırdı, ətraf aləmə münasibətdə iddialı davranış motivlərinə köklə­nir, şovinizmdən qidalanırdı. Bu gün erməni şoviniz­minə revanşist mahiyyət də hakim kəsilib. Halbuki, belə olmamalı idi. 

Onu da deməliyik ki, Ermənistanı 2020-ci ildə acınacaqlı duruma salan Qarabağ mərəzi şovinist nəzərlərlə 1988-ci ilə boylanır. Həmin ilin saxta qəh­rəmanlıq amallarına söykənərək Baqratı Nikola qarşı qaldırır. Hazırda 2018-ci ildə inqilab etdiyi bildirilən erməni xalqı həmin köklənişin ətəyindən yapışaraq irəli gedəcəyini düşünür. Amma yerlə süründüyünün fərqində deyil. Yəni, yerlə süründüyünü duymayacaq, hiss etməyəcək qədər rəzil və naçar durumdadır. 

Rəzilliyin daha bir nümunəsi də var. Ermənista­nın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirir ki, ölkənin baş naziri postuna, yəni Paşinyanın yerinə ən layiqli namizəd arxiyepiskop Baqrat Qalstanyandır. Təsəvvür edin, bu adam dünyəvi ölkənin xarici siyasət kursuna rəhbərlik edəcək. Belə bir şəxsin düşüncəsin­dəki çiylik, həqiqətən, heyrət doğurur. Deməli, Ermə­nistan elə lap əvvəldən din amili üzərində qurulmuş ölkə olub. Ani bir kataklizm yaşandıqda o amil özünü göstərir. Halbuki, 2018-ci il inqilabı Ermənistan qarşı­sında tamam başqa üfiqlər açırdı. Görünür, yeni üfiqlər şansı artıq itirilib. 

Sonda bir daha N.Paşinyanın səsləndirdiyi sualın üzərinə gələk. Nəyə görə din xadimi milli və siyasi zəmin daşıyan hərəkata rəhbərlik etməlidir? Hesab edirik ki, yuxarıdakı fikirlərlə suala cavab verdik. Onu da deməliyik ki, məqsədimiz heç də baqratların başlatdıqları və hakimiyyətə qarşı kütləvi itaətsizliyin formalaşmasına hesablanmış hərəkatın uğur qazanaca­ğını birmənalı şəkildə iddia etmək niyyətindən uzağıq. Ancaq fakt faktlığında qalır. Bu gün Ermənistan bəlkə də dünyada yeganə dünyəvi dövlətdir ki, orada din xadiminin siyasi hərəkatda təmsilçiliyi və öncüllüyü normal qarşılanır. Hesab edirik ki, bu mənzərə ölkə­ni dəstəkləyən və dünyəvi libas geymiş Qərb dünyası üçün ciddi siqnal olmalıdır. Qərb dünyası əkdiyi de­mokratiya toxumlarından dinin cücərdiyinin fərqində olmalıdır. Bəlkə də fərqindədir. Amma...

Əvəz RÜSTƏMOV
XQ

Siyasət