“50 ildir Azərbaycan mədəniyyətinə xidmət edirəm, dövrün məşhur sənətkarları ilə eyni səhnədə çalışmışam. “Bənövşə” uşaq xorunun, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında solist olmuşam. Sənətə məndən sonra gələnlər mənzillə təmin olunublar, mən isə hələ də ehtiyac içində boğuluram”. XQ-dən kömək istəyən Əməkdar artist, tanınmış müğənni Süleyman Zeynalov bu sözləri sıxıla-sıxıla söyləyib, başını əlləri arasına aldı...
Süleyman Zeynalov 1953-cü ildə müəllim ailəsində dünyaya göz açıb. Orta təhsilini Yasamal rayon 161 nömrəli məktəbdə alıb. 1976-cı ildə Dövlət İncəsənət Universitetinin və Asəf Zeynallı adına Musiqi Kollecinin vokal şöbəsini bitirib. 20 ildən artıq Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1974-cü ildən professional səhnəyə qədəm qoyan müğənni görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun “Bənövşə” xorunda Amaliya Pənahova, Flora Kərimova, Firuzə İbadova ilə duetlər edib. 1977-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının kapella xorunda çalışıb. Daha sonra 40 ilə yaxın “Azkonsert”in solisti kimi fəaliyyətini davam etdirib. Şövkət Ələkbərova, İslam Rzayev, Mirzə Babayev, Elmira Rəhimova kimi sənətkarlarla uzun müddət bir yerdə çalışıb. “Təranə” gənclik ansamblında da solist olub. Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında işləyib.
Bundan əlavə, müğənninin teatr və kino sahəsində də xidmətləri olub. O, Xalq artisti Amaliya Pənahova ilə Oktay Kazımovun “Büllur sarayda” tamaşası üçün duet ifa etmiş, həmçinin Xalq artisti Ceyhun Mirzəyevin rejissorluğu ilə çəkilmiş “Fəryad” filmində erməni əsilli məşhur fransız müğənnisi Şarl Aznavur rolunu uğurla canlandırıb.
Bu gün 50-dən artıq ifası “Qızıl fond”da qorunan müsahibimiz özünü ələ alıb səsi titrəyə-titrəyə bildirdi:
– 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu kollektivin solisti kimi dövlət tədbirlərində çıxış etmişəm. Böyük sənətkarlardan – Xalq artistləri Sara Qədimova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Elmira Rəhimova, Məmmədbağır Bağızadə, Flora Kərimova, İlhamə Quliyeva və başqaları ilə uzun illər bir səhnəni bölüşmüşəm. Ölkəmizin bütün hərbi hissələrində konsert proqramları ilə çıxış etmişəm. Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində çoxsaylı tədbirlərdə fəal iştirak etməklə Vətənə sənətimlə xidmət göstərmişəm. Dövlət qurumlarının fəxri fərmanları ilə təltif olunmuşam. Repertuarımda üstünlük təşkil edən Vətən və məhəbbət mövzularında olan mahnılar, məni hər zaman öz xalqına və dövlətinə sadiq, Prezidentimizin apardığı daxili və xarici siyasətini dəstəkləyən bir sənətkar kimi tanıdıb...
Hiss olunurdu ki, müsahibimiz bunları söyləməklə Vətənə, xalqa namuslu xidmət etdiyini çatdırmaq istəyir. Amma neyləyəsən ki, ehtiyac insanı məngənəyə salıb çarəsiz qoyur:
– Ailəli olmuşam. İki övladım var. Həyat yoldaşımı çox erkən itirdiyimdən övladlarıma həm ata, həm də ana olmuşam. Artıq 72 yaşım var, son illər səhhətimdə çox böyük problemlər yaranıb. 7 dəfə əməliyyat olunmuşam, gözlərim zəif görür. Oğlumun 41 yaşı var, ürək xəstəliyindən əziyyət çəkir. Maddi çətinliklər səbəbindən hələ də ailə qurmayıb. Mənzil problemimiz var. Bununla bağlı aidiyyatı qurumlara müraciətlər etmişəm, hələ də cavab gözləyirəm. Səsimin, nəhayət, eşidiləcəyi ümidi ilə yaşayıram.
Süleyman Zeynalovun 50 illik sənət yolunda xidmətləri onun qayğısız, məmnun yaşaması üçün yetərlidir. Belə sənətkarın səsini eşitmək, onun probleminə həssaslıqla yanaşmaq mədəniyyətsevər cəmiyyətin mənəvi borcudur.
Yəqin, məşhur “Xanəndənin taleyi” operasının süjetinin həyatdan götürüldüyünü çoxları bilir. Yaşadığımız kədərli tarixçə milyonçu Seyid Mirbabayevin dilənçi taleyini xatırlatmırmı? Süleyman Zeynalovun isə “milyon”u səsi, sənəti olub – onu da xalqımıza bağışlayıb.
Elenora HƏSƏNOVA
XQ

