Dövlət başçısı ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində ermənipərəst dairələri yetərli cavablandırmışdı
Vətən müharibəsinin gedişində Ermənistanın təxribatları və işğal siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq mediada aparılan dezinformasiya kampaniyaları fonunda Azərbaycan dövlətinin əsas vəzifələrindən biri dünyaya həqiqətləri obyektiv şəkildə çatdırmaq idi. Bu baxımdan Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi ardıcıl müsahibələr strateji önəm daşıyırdı.
Dövlətimizin başçısının 2025-ci il oktyabrın 25-də ABŞ-ın “Fox News” kanalına verdiyi müsahibə isə Azərbaycanın informasiya diplomatiyasının zirvə nümunələrindən biri kimi tarixə düşdü. Ölkə rəhbəri bu çıxışı ilə respublikamızın ədalətli mövqeyini müdafiə etməklə bərabər, həm də beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalının siyasi və hüquqi reallıqlarına yönəltdi.
“Fox News” kimi qlobal auditoriyaya malik ABŞ media platformasına müsahibə vermək respublikamız üçün mühüm diplomatik addım idi. 44 günlük Vətən müharibəsi dövründə Qərb kütləvi informasiya vasitələrinin bir qismi hadisələrə birtərəfli yanaşır, Ermənistanın təbliğat materiallarını təhrif olunmuş şəkildə yayımlayırdı. Belə bir şəraitdə Prezident İlham Əliyev dünyaya dəqiq faktlar, beynəlxalq hüquqa əsaslanan arqumentlər və siyasi reallıqlar əsasında müraciət edir, regionun tarixi, Ermənistanın işğal siyasəti, Azərbaycanın ədalətli mövqeyi barədə arqumentli, diplomatik və məntiqli ton nümayiş etdirirdi. Bu üslub təkcə dövlət rəhbərinin siyasi yetkinliyini deyil, həm də Azərbaycanın informasiya strategiyasının peşəkarlığını göstərirdi.
Prezident İlham Əliyevin çıxışının əsas xəttini beynəlxalq hüququn üstünlüyü təşkil edirdi. O, dəfələrlə Azərbaycanın hərbi əməliyyatlarının BMT Nizamnaməsinin 51-ci maddəsinə – özünümüdafiə hüququna əsaslandığını vurğulayır, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqların azad olunmasını ədalətin və beynəlxalq qanunların bərpasını şərtləndirdiyini bildirirdi. Dövlət başçısı, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanaraq işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, eyni zamanda, müsahibənin hüquqi əsasını formalaşdırırdı.
Prezident İlham Əliyevin “Fox News” aparıcısının təxribat xarakterli suallarına verdiyi cavablar diplomatik çeviklik və intellektual üstünlük nümunəsi idi. Aparıcının qərəzli yanaşmasına baxmayaraq, dövlət başçısı nə emosiyaya qapılır, nə də müdafiəçi mövqe tuturdu. Ölkə rəhbəri faktlara əsaslanaraq fikir bildirir, hər bir iddianı tarixi və hüquqi faktlarla təkzib edirdi. Məsələn, jurnalistin Azərbaycanda, guya, “Dağlıq Qarabağ ermənilərinə təhlükə” yaranması ilə bağlı sualına cavab olaraq Prezident İlham Əliyev ölkəmizin çoxmillətli və tolerant bir dövlət olduğunu, respublikamızda müxtəlif etnik və dini qrupların sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını xatırladırdı. Bu arqument təkcə siyasi deyil, həm də mənəvi-sivil dəyər daşıyırdı. Prezident İlham Əliyev Qərb ictimaiyyətinin diqqətini Azərbaycanın heç vaxt etnik təmizləmə siyasəti yürütmədiyinə, əksinə, Ermənistanın torpaqlarımızı işğal etməklə soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin saldığı faktına yönəldirdi.
Ölkə rəhbərinin müsahibəsində diqqət çəkən ən mühüm məqamlardan biri də onun Qərbin ikili standartları ilə bağlı əhatəli cavabları idi. Məsələn, dövlət başçısı BMT qətnamələrinin bir çox hallarda dərhal icra olunduğunu, lakin Azərbaycan məsələsində bu sənədlərin 30 il kağız üzərində qaldığını bildirirdi. Bu, beynəlxalq ədalətsizliyin açıq ifadəsi idi. İlham Əliyev, eyni zamanda, Azərbaycanın münaqişənin dinc yolla həllinə həmişə sadiq olduğunu, lakin Ermənistanın danışıqları imitasiya etdiyini, işğalın ömrünü uzatmağa çalışdığını da diqqətə çatdırırdı. Beləliklə, müharibə Azərbaycanın seçimi deyildi, məcburi və gecikmiş ədalət aktı idi.
“Fox News” müsahibə informasiya diplomatiyasının klassik modeli kimi diqqət çəkdi. İlham Əliyev bu müsahibədə dövlət başçısı olaraq rəsmi mövqeyi ilə bərabər, həm də Azərbaycanın milli kimliyini, ədalətə inamını və beynəlxalq etibarını dünyaya çatdırdı. Onun prinsipial çıxışı Qərb ictimaiyyətində Azərbaycan reallıqlarına maraq yaratdı, mediada yeni diskussiya açdı. ABŞ, Avropa və Yaxın Şərq KİV-ləri bu müsahibədən sonra regiondakı proseslərə daha balanslı yanaşmağa başladı. Bununla da “Fox News” müsahibəsi dezinformasiya baryerini yararaq Azərbaycan həqiqətlərinin qlobal auditoriyaya çatdırılması baxımından dönüş nöqtəsinə çevrildi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin siyasətdən diplomatiyaya, diplomatiyadan isə liderliyə doğru gerçəkləşən uğurlu yolunu şərtləndirən kommunikasiya üslubu idi.
Yeri gəlmişkən, “Fox News” müsahibəsi zamanı Prezidentin ritorikası liderlik üslubunun bütün elementlərini özündə birləşdirirdi. Belə ki, cavablarda aydın və məntiqi arqumentlər, faktlara əsaslanan debat mədəniyyəti, hüquqi yanaşma, qətiyyət və özünəinam kimi amillər xüsusi diqqət çəkirdi. Bu, təkcə bir dövlət rəhbərinin öz xalqını müdafiə etməsi deyildi, bu, həm də beynəlxalq media qarşısında haqqın intellektual müdafiəsi idi. İlham Əliyev müasir dövrdə informasiya müharibəsində uğurun yalnız silahla deyil, sözlə, arqumentlə, faktla da mümkünlüyünü sübuta yetirirdi.
Bu fikrin təsdiqi olaraq müsahibənin bəzi məqamlarına da diqqət yetirmək istərdik. Məsələn, jurnalist işğalçının mövqeyini dəstəkləmək məqsədilə bildirdi ki, “Bir çox məlumatlara görə, sentyabrın 27-də – müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həlli ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”, – təxribat xarakterli sualına cavabında vurğuladı ki, göstərilən tarixdə döyüşlərə başlayan Azərbaycan olmayıb. İndiyə kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də Ermənistanın hücuma keçməsində məqsədi isə danışıqlar prosesini tamamilə pozmaq olub. Onlar eyni hərəkəti iyul ayında da törədib. O zaman işğalçı bu iki ölkənin dövlət sərhədində Azərbaycana qarşı hücuma keçib və düşməni acı məğlubiyyətə uğradıb.
Prezident İlham Əliyev müsahibəsinin davamında Ermənistanın belə bir təxribatı 2020-ci ilin avqustunda da törətdiyini, Azərbaycanın mülki şəxslərinə və hərbi qulluqçularına hücum etmək üçün ölkəmizə diversiya qrupu göndərdiyini və nəhayət, işğalçının sentyabrın 27-də ağır silahlardan artilleriya bombardmanına başladığını, hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olduğunu diqqətə çatdırıb. “Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülüb və 300 nəfər mülki şəxs yaralanıb. Beləliklə, bu hücuma başlayan Ermənistan, özünü müdafiə edən isə Azərbaycan idi”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan liderinin müsahibəsində digər bir məqam da diqqət çəkir. Bu, “Fox News” müxbirinin növbəti təxribat xarakterli sualı ilə bağlıdır. Belə ki, jurnalist deyir: “Siz BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz?”. Azərbaycan lideri isə cavabında ölkəmizin daim atəşkəsə hazır olduğunu, oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirlərinin atəşkəs barədə birgə bəyanat verdiklərini, lakin buna baxmayaraq, növbəti gün işğalçının öz ərazisindən – Ermənistandan ölkəmizin ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirdiyini və 30-dan çoxunu yaraladığını, daha sonra bu şəhərə ikinci ballistik raket hücumu ilə 15 insanı qətlə yetirdiyini diqqətə çatdırıb.
Ermənipərəst müxbir bu məqamda dövlətimizin başçısının sözünü kəsərək təxribat xarakterli fikrindən dönmək istəmir: “ Lakin Siz də atəşkəsi pozmusunuz”. Azərbaycan lideri isə fakta əsaslanan sözləri ilə təxribatçı jurnalisti susdurur: “Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və bu dəfə də Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut yoxdur”.
Göründüyü kimi, Prezidentin sözügedən müsahibəsi həm Vətən müharibəsinin gedişində obyektiv, ədalətli baxışı ifadə edir, həm də ABŞ ictimai rəyinə yönələn incə diplomatik mesaj kimi diqqət çəkirdi. İlham Əliyev bu zaman Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu, Qərblə tərəfdaşlığını və beynəlxalq antiterror siyasətindəki fəaliyyətini də xatırlatmaqla respublikamızın regional sabitlik üçün əvəzsiz tərəfdaş olduğunu vurğuladı. Bu, eyni zamanda, həm informasiya, həm də geosiyasi müstəvidə Azərbaycanın müstəqil və balanslı xarici siyasət xəttinin davamı idi. Müsahibə Qərb auditoriyasına açıq şəkildə Azərbaycanın nə Rusiya, nə də başqa güc mərkəzlərinin təsiri altına düşmədiyini, siyasətində isə əsas meyarın milli maraq və beynəlxalq ədalət olduğunu göstərdi.
Beləliklə, “Fox News” müsahibəsi 2020-ci il Vətən müharibəsinin informasiya cəbhəsində ən parlaq epizodlarından biri kimi tarixə düşdü. Bu çıxış Prezident İlham Əliyevin şəxsində Azərbaycan diplomatiyasının fakta, hüquqa və ədalətə əsaslanan yeni modelini ortaya qoydu. Bu müsahibə dövlətimizin başçısının təkcə döyüş meydanında deyil, həm də qlobal informasiya məkanında Azərbaycanın milli maraqlarını uğurla qorumağı bacaran liderliyini bir daha təsdiqlədi. 44 günlük savaş nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, lakin bu qələbənin ideoloji və informasiya təməli məhz belə çıxışlar, belə diplomatik mübarizələr üzərində quruldu. “Fox News”-a müsahibəsi də bu baxımdan həm Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, həm də liderlik məktəbi baxımından dəyərli bir nümunəyə çevrildi.
Vaqif BAYRAMOV
XQ

