2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
25 oktyabr
• Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edərək deyib: “Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar.
100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Bu yaşayış məntəqələrində artıq Azərbaycan bayrağı ucaldılıbdır. Şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir”.
• Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirib.
• Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.
• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.
Xatırladaq ki, oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
• Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
• Düşmənin atəş nöqtələri məhv edilib.
• Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.
• Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
• Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.
Mustafa KAMAL
XQ

