Firidun Şuşinski – 100
Bu günlərdə Azərbaycan muğam və Xalq musiqisi ifaçılığı tarixinin məşhur tədqiqatçısı, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin anadan olmasının 100 illiyi tamam olur. Hər bir xalq öz musiqisinin pərəstişkarı olduğu kimi, onun tarixini öyrənməyə, bu sahənin yaradıcılarını arayıb-axtarmağa, təbliğ etməyə can atır. Bu baxımdan milli musiqi tariximizin geniş araşdırılması və təbliğində Firidun Şuşinski bütöv bir heyətin görəcəyi işin öhdəsindən təkbaşına gəlib.
Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) 20 oktyabr 1925-ci ildə Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında “qızıllı Məhəmməd bəy” deyərdilər. Firidunun adını əmisi Şəmil görkəmli ədəbiyyatşünas-alim, yazıçı-publisist, xain əli ilə güllələnmiş Firidun bəy Köçərlinin şərəfinə qoyub. Şəmil Firidun bəy Köçərli ilə qonşu, həm də dost idi.
1920-ci ildə Gəncədə bolşeviklərə qarşı üsyan qalxır. Gəncə üsyanı yatırıldıqdan sonra XI ordunun xüsusi şöbəsi tərəfindən bir sıra ziyalılarla yanaşı, Firidun bəy Köçərli də güllələnir. Şəmil 5 il sonra dünyaya gəlmiş oğluna böyük maarifçi-ədəbiyyatşünasın adını qoyur.
Firidun Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Fitri istedadı olan Firidun bir çox alətlərdə – tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O, həmçinin nəfəsli alətlərdə də sərbəst çalırdı. Uşaqlıqdan musiqiyə həvəs evlərində tez-tez xanəndələrin, musiqi ifaçılarının olması səbəbindən yaranmışdı.
Firidun 16 yaşında məktəbi bitirir. Lakin İkinci Dünya müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir. Az sonra onun bu istəyi baş tutur. O, müharibənin sonuna qədər alman faşistlərlə döyüşür və ordunun qalib əsgəri kimi bir çox orden və medallarla Vətənə dönür. Müharibədən qayıdan kimi təhsilini davam etdirmək qərarına gəlir. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir. Fitri istedadı olan Firidun çox zaman onu düşündürən sualların cavabını təhsil aldığı universitetin professor və müəllim heyətindən ala bilmirdi. Günün əksər vaxtını kitabxanalarda, arxivlərdə keçirən Firidun onu maraqlandıran sualların cavabını məhz orada axtarardı.
Cəfakeş araşdırıcı ali məktəbdən sonra həyatını Azərbaycan musiqi mədəniyyətinin mühüm bir dövrünü, XIX və XX əsrlərdə Qarabağda yetişən müğənni və xanəndələrin həyat və yaradıcılığını öyrənməyə həsr edib, çoxlu arxiv sənədləri, tarixi faktlar toplamış, onlar haqqında mükəmməl məlumat əldə edib.
1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində elmi konfrans keçirilməsi nəzərdə tutulduğu üçün təşkilat komitəsi yaradılmışdı. Elmi konfransa münasibət ciddi olduğundan təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil idi. Firidun tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşmışdı. Onun mövzusu “Vaqif və Qarabağ” idi. Bu mövzunu ona tarixçi-alim Əlövsət Quliyev təklif etmişdi.
Mövzu Firidun üçün çox doğma idi. Çünki hələ I kursda oxuyarkən o, Şuşanın tarixi ilə maraqlanır və doğma torpağı haqqında sənədlər toplayırdı. Bir də məlum idi ki, Molla Pənah Vaqif şair olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi və Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri olmuşdur. Mövzularla tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun “Vaqif və Qarabağ” mövzusunun müəllifi ilə görüşmək istəyini bildirir...
Görüş zamanı şair Firiduna üz tutub:
– Qarabağlı balası, məruzən çox xoşuma gəldi.
Firidun bəyin bir alim-tədqiqatçı kimi hünəri ondan ibarət idi ki, o, tarix elminin nəzəri problemlərini dərindən mənimsəməklə xalqın mənəvi dünyasına müdaxilə etmiş, çıxardığı sərvət isə musiqi tariximizin öyrənilməsi olmuşdu. Firidun bəy köhnəlmiş yollarla addımlamağı sevməyən tədqiqatçılardan idi. Ona yaxşı məlum idi ki, musiqi tariximiz geniş şəkildə tədqiq edilməmişdir və bu sahədə bir boşluq var. Gənc tədqiqatçı bu ağır yükü çiyninə götürəndə özündə təpər tapdı. Çox çəkmədi ki, respublika qəzetlərində ayrı-ayrı xanəndələr, musiqiçilər haqqında məqalələr dərc edilməyə başladı. O, həmçinin radio və televiziyada xalq sənətkarları haqqında şirin, duzlu söhbətləri ilə tez bir zamanda ətrafına geniş tamaşaçı kütləsi topladı. Bununla da, Firidun Şuşinski musiqimizin tədqiqatçısına çevrildi. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin bir çox şəhərlərində tədqiqat işi aparmaqla musiqi tariximizin açılmamış səhifələrini vərəqləməyə başladı.
Firidun müəllim tədqiqatla yanaşı, həmin dövrdə Azərbaycanın qəhrəman oğulları, mədəni abidələrimizin qorunub-saxlanması haqqında da mətbuatda vaxtaşırı yazılarla çıxış edirdi. Bu məqalələr “F.Məhəmmədoğlu”, “F.Həsənov”, “Firidun Həsənov”, “Firidun Şuşinski”, “F.Şuşinski”, “Firidun Şuşalı” “Firidun bəy Şuşalı” imzaları ilə dərc olunurdu. O, mətbuat aləmində “Şuşinski” kimi tanınsa da, ömrünün sonlarında məqalələri “Şuşalı” imzası ilə dərc edilirdi.
Musiqi tədqiqatçısının ilk kitabı 1962-ci ildə nəşr etdirdiyi “Şuşa” əsəridir. 1962-ci il Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilən “Şuşa” kitabı çapdan çıxmışdı. (“Şuşa” əsəri isə ayrıca mövzudur). F.Şuşinskinin musiqi tariximiz haqqında ilk əsəri 1964-cü ildə nəşr etdirdiyi “Cabbar Qaryağdıoğlu” kitabıdır. Əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunub. Qeyd edək ki, əsər bir neçə dəfə çap olunub.
Bu əsərdən sonra bir-birinin ardınca o, “Seyid Şuşinski”, “Xan Şuşinski” monoqrafiyalarını nəşr etdirib. Nəhayət, uzunmüddətli ciddi axtarışlardan sonra Azərbaycan musiqi aləmini təhlil-tədqiq edən, az qala, unudulmaqda olanları üzə çıxaran, nəinki keçmiş SSRİ-də, hətta xaricdə böyük əks-sədaya səbəb olan “Azərbaycan xalq musiqiçiləri” adlı kitabı nəşr edilib. Bu kitab barədə Xalq şairi Xəlil Rza Ulutürk “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görən”, Azərbaycanın qəhrəman oğlu, akademik Ziya Bünyadov isə əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırıb.
Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun müəllimin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun müəllim kimi sırf musiqi tədqiqatı ilə məşğul olsun. Az-çox varsa da, həmin şəxslər heç kimdən maddi kömək görməyən arxivlərdə, muzeylərdə aylarla, illərlə işləyən Firidun müəllimin yazdığı əsərlərdən bəhrələnmişlər.
Lakin F.Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı çıxanlar da olub. Onlar yeni bir üsula əl atıblar. Onun əsərlərində erməniləri “təbliğ” etdiyinə görə tənqid edirlər. Firidun bəyi bu barədə suçlayanlar unudurdular ki, ermənilər əsrlər boyu xoşumuza gəlmək üçün qapımızda nökər olar, hər bir hərəkətimizə göz qoyar, öz “sadiqliklər”ini göstərmək üçün dəridən-qabıqdan çıxardılar. Onlar nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, musiqiçilərimizlə birgə aparar və bu yolla da pul qazanardılar. Firidun bəyə ermənipərəst deyənlərin nəzərinə çatdırıram ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrə aid şəkillərə baxsalar, mütləq ermənilərin yaltaq sifətləri ilə rastlaşacaqlar. Həmin şəxslər unutmasınlar ki, televiziya ekranlarında hər hansı bir sənətkardan söz açılırsa, onun ifası verilirsə, orda kamança, balaban çalan, ya da dəf vuran erməni olacaq. Məgər buna da F.Şuşinski günahkardır?
Bu gün tədqiqatçılar muğamdan və onun yaradıcılarından danışanda və yaxud musiqi haqqında hər hansı bir məqalə hazırlayanda məhz F.Şuşinskiyə müraciət etmək məcburiyyətində qalırlar. Azərbaycanın qüdrətli bəstəkarı Fikrət Əmirov yazırdı: “Mən iki Firidun tanıyıram. Birinci ziyalıların 95 faizini lağa qoyan, satira qırmancına dolayan Firidunumuzdur. İkinci Firidun alim, vətəndaş, böyük əməlpərvər musiqişünas və jurnalist qardaşımızdır. Əslində, bi iki, Firidunu bir-birindən ayırmaq olmaz”.
F.Şuşinski daim arayıb-axtaran, çətinlikdən qorxmayan, maraqlı hadisələrin mənbələrinə qədər gedib çıxan tədqiqatçı idi. Yüksək peşəkar zövqə malik olan F.Şuşinski musiqidən, xanəndədən söhbət açanda o dövrün ovqatını, koloritini yaratmaq üçün şairlərdən, tarixçilərdən, yazıçılardan tutarlı sübutlar gətirir, oxucunun xəyalında tamam başqa bir aləm canlandırmağa nail olurdu. Materialı dərindən bildiyindən o, hər hansı sənətkar haqqında ürəklə və məhəbbətlə, inamla və ilhamla danışırdı.
Yorulmaz müsiqi tədqiqatçısı 1997-ci ildə 72 yaşında dünyadan köçüb. Firidun Şuşinsinin həyatı bahasına qoyub getdiyi zəngin elmi-mədəni irs isə bu gün müsiqi mədəniyyətimiz barədə misilsiz mənbə sayılır, geniş öyrənilir və gənc nəslə öyrədilir.
Aslan KƏNAN,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tədqiqatçı

