Feyxoa mürəbbəsi – gümrah edər hər kəsi

post-img

Azərbaycanın payız süfrələrinin bəzəyi olan feyxoa mürəbbəsi həm dadına, həm də sağlamlığa faydalarına görə mövsümün digər mürəbbələrindən seçilir. Tropik iqlim meyvəsi sayılan feyxoa artıq ölkəmizin Abşeron və cənub bölgələrində də yetişdirilir. Onun mürəbbəsi isə xüsusilə soyuq aylarda immuniteti gücləndirən təbii vasitə kimi tanınır.

Lakin hər bir təbii məhsul kimi, feyxoa mürəbbəsinin də düzgün istifadə qaydaları və müəyyən məhdudiyyətləri var. Bu barədə uzun illərin terapevti çalışmış Almaz Heydərova bildirdi: “Feyxoa çox qiymətli meyvədir. Tərkibində C, B qrupu vitaminləri, həmçinin yod, sink və antioksidantlar boldur. Xüsusilə qalxanabənzər vəz problemləri olan insanlar üçün faydalıdır. Onun mürəbbəsi orqanizmi soyuqdəymə, virus və payız yorğunluğundan qoruyur”.

Həkimin sözlərinə görə, feyxoa mürəbbəsi təkcə immunitet üçün deyil, həm də ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki təbii liflər mədə-bağırsaq fəaliyyətini tənzimləyir, kalium isə qan təzyiqinin sabit qalmasına kömək edir.

Almaz xanım feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq üçün təhlükəli ola biləcəyini də bildirdi. “Hər bir faydalı məhsulun zərərli tərəfi də ola bilir. Şəkərin yüksək tərkibinə görə diabet xəstələrinin bu mürəbbədən imtina etməsi lazımdır. Hətta şəkər əvəzinə şirinləşdirici istifadə edildikdə belə, feyxoadakı fruktoza qanda şəkərin səviyyəsini artıra bilər. Asan mənimsənilən karbohidratların çoxluğu isə orqanizmdə piy yığılmasına səbəb olur. Tərkibindəki yod miqdarına görə feyxoa hipertiroidizmi olan insanlara da əks göstərişdir. Allergiya riskini və mədə turşuluğu yüksək olan qastrit və ya mədə yarası xəstələrində bu məhsul selikli qişanı qıcıqlandıra bilər”, - deyə həkim xəbərdarlıq etdi.

Müsahibimiz feyxoa mürəbbəsinin gündəlik miqdarına da aydınlıq gətirdi: “Sağlam insan üçün gündə 1–2 çay qaşığı kifayətdir. Onu səhər yeməyi ilə və ya çaya əlavə edib qəbul etmək daha məqsədəuyğundur”.

Həkim onu da vurğuladı ki, ən yaxşısı, feyxoanı üyüdülmüş halda şəkərlə qarışdırıb soyuducuda saxlamaqdır. Bu üsulda vitaminlər daha çox qorunur.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat