Qərbin “barmağı”

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Məlum məsələdir ki, insan da daxil olmaqla, bütün canlıların həyatını, varlığını təmin edən qan tək yırtıcı heyvanlar, qatil insanlar, terrorçu­lar, təxribatçılar və qəssablar tərəfindən tökül­mür. Siyasətçilərin, ideoloqların, diplomatların və hətta bəzi “ziyalıların” da qan tökmək kimi dəhşətli xobbiləri olub və bu, indi də davam edir. 

Orta əsrlərdə Şərqdə deyirdilər ki, “səlibçi ölkələrin qılıncı qan tökmədən qalmaq istəmir”. On doqquzuncu əsrin sonları, iyirminci əsrin ilk onilliklərində erməni ədib­lərinin qələmindən “qan iyi gəldiyi”ni dəfələrlə yazmışdılar (Qatil Zori Balayan ötən əsrin sonlarında o istiqamətli çox çirkin “Ocaq” qalamışdı). İkinci dünya müharibəsindən sonra isə “Qərbin əli çatan ölkələr qandan yaxa qurta­ra bilmirlər” kimi tarixi həqiqəti ifadə edən deyim ortaya çıxmışdı.

Zaman sübut etdi ki, Qərbin fitvası ilə çox ölkələr vi­ran qoyulub. Son otuz ildəki rəngli inqilabların, hərbi çev­rilişlərin, vətəndaş müharibələrinin, soyqırımlarının və qardaşların üz-üzə qoyulmasının – yəni ölkəni və xalqı zəiflədən, mənfi təzahürlərin hansının tarixçəsinə nəzər salırsansa, mütləq Qərbin izi görünür, ssenarisi ortaya çıxır...

Bu arqumentlər o demək deyil ki, biz Qərbi düşmən kimi görmək istəyirik. Qətiyyən belə deyil. Biz Qərbin mütərəqqi düşüncələrinin hamısını qəbul etmişik, o qüt­bün elmi-texniki nailiyyətlərindən bəhrələnmişik və Qərb­də çoxsaylı dostlarımız, strateji tərəfdaşlarımız var. Sa­dəcə olaraq, qərəzli, məkrli və anti-türk, anti-Azərbaycan zehniyyətli siyasətçi və ideoloqların maskalarını yırtmağa çalışırıq. Çox təəssüf ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada bu düşüncəli insanlar və onları dəstək­ləyən siyasi mərkəzlər az deyil. Həmin “marafon”un önündə Fransanın getdiyi də hamıya məlumdur.

Amma bu sətirləri təkçə Azərbaycan və Türk dünyası­nın Qərbdən gördüyü təzyiq və təhdidlərlə bağlamaq istə­mirik. Çünki son 30 ildə müstəqil siyasət yürütmək istəyən dövlətlərin, demək olar ki, əksəriyyəti bu təzyiqlərlə üzlə­şib. Viranəyə çevrilmiş İraq da gözümüzün qabağında­dır, “qan gölünə döndərilmiş” Liviya da, Əfqanıstan da... Qərb həmin ölkələrə demokratiya gətirəcəyinə söz ver­mişdi. Hanı o demokratiya? Əksinə, həmin ölkələr ən azı yarım əsr geri düşdülər. Hələ də hansı səmtə üz tutaca­ğını müəyyən edə bilməyən Suriya da, Qərbin ssenarisi ilə Rusiyaya qarşı çıxarılaraq, nəticədə torpaq itkiləri ilə üzləşən Gürcüstan da, eyni kökdən olan iki slavyan ölkə­sinin arasına salınan nifaq üzündən Ukraynanın az qala çökməsi də həmin ssenarilərin acı nəticələrindəndir.

Bu zaman bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Çar Rusiyası Azərbaycanın ərazilərini işğal etmiş, əsrlər boyu bizi əsarətdə saxlamış, sonra isə bu missi­yanı Sovet İttifaqı davam etdirmiş, təbii sərvətlərimizə sahib çıxmış, xalqımızı dəhşətli repressiyalara məruz qoymuşdu. Ancaq, bu, o demək deyil ki, biz indi dün­yanın ən güclü dövlətlərindən olan Rusiya Federasiya­sından imtina edərək heç zaman güvənə bilməyəcəyi­miz hansısa Qərb ölkəsinə sığınmalıyıq. Bu, birmənalı yolverilməzdir. Azərbaycan öz müstəqil və balanslı xarici siyasəti ilə Rusiya, Böyük Britaniya, Çin, ABŞ və və di­gər güc mərkəzləri ilə səmimi və sədaqətli əməkdaşlıq, tərəfdaşlıq etdiyinə görə daha da güclənir, inkişaf edir və Qərbdəki bəzi dairələr bundan bərk narahat olurlar. Elə ona görə də Azərbaycanla Ermənistan arasındakı mü­nasibətlərin normallaşdırılmasına badalaq gəlir, ortaya məkrli planlar atırlar.

Məlum məsələdir ki, Ermənistan Cənubi Qafqazda öz siyasəti olmayan, beynəlxalq aləmdəki diasporun və xüsusən ABŞ-dəki erməni lobbisinin göstərişləri ilə “idarə olunan” ölkədir. Elə ona görə də, Qərb bu faktdan Azər­baycana qarşı istifadə etməyə çalışır. Özlərini elə göstə­rirlər ki, guya, Qərb sülh istəyir və Ermənistanın müdafiəsi üçün hansısa tədbirlər görür. Ancaq Ermənistanda kimsə onlardan soruşmur ki, sizin 30 il davam edən “tədbirləriniz” Azərbaycan əsgərinin ayağı altında qaldısa, bundan sonra sizə necə güvənə bilərik? Bunu soruşmadıqlarına görə də Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsi uzanır.

Qərbin Ermənistanı aldatmaq üçün ortaya atdığı növ­bəti suala diqqət yetirin: “Bəs Azərbaycanın 44 günlük mü­haribədəki irəliləyişi zamanı Rusiyanın Gümrüdəki 102-ci bazası nə üçün ermənilərin köməyinə gəlmədi?” Sadəlövh ermənilər bu məntiqlə razılaşsalar da, ayıq düşünə bilən hay siyasətçiləri anlayırlar ki, Qərb İrəvanın vasitəsilə re­giondakı sabitliyi pozacaq və nəticədə Ermənistan nəinki Ukrayna, həm də Liviyanın gününə düşəcək.

Xatırladaq ki, bəzi ekspertlərin fikrincə, son zaman­lar Ermənistanda davam edən mitinq və iğtişaşlardan kimlərsə “Qərbin xeyrinə istifadə etmək istəyir”. Belə dü­şünənlər çox üzdən gedirlər. Çünki Qərb hansısa faktdan istifadə etmir, məhz faktı yaradır və ondan yararlanır. Bu, birmənalıdır ki, hansısa regionda münaqişə, iğtişaş və ya qarşıdurma varsa, deməli, həmin ərazidə həm də Qərbin barmağı var. O barmaq isə məhz qan tökülməsinə xidmət edir.

Heç kəs unutmayıb ki, Ermənistan adlı dövlət 30 il bi­zim ərazilərimizin 20 faizini işğal altında saxlayanda da orada Qərbin barmağı var idi. Məhz həmin barmağa görə ABŞ rəhbərliyi işğalçı, terrorçu, təxribatçı, XX əsrin so­nunda soyqırımı törətmiş Ermənistana milyonlarla dollar “mükafat” vermiş işğala məruz qalan Azərbaycanı isə “907”-ci düzəlişlə “cəzalandırmışdı”. Fikrimizcə, Qərbin barmağının mənasının bundan bariz nümunəsi yoxdur. Amma deyəsən, Fransa həmin “nümunəni” yeniləmək istəyir. Qoy, yeniləsinlər. “Dəmir yumruq” yerindədir!

Siyasət