Ankarada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən oktyabrın 24-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri və Türkiyə Böyük Millət Məclisinin üzvü Devlet Bahçeli ilə görüşüb.
TÜRKPA-dan XQ-yə bildirilib ki, Baş katib D.Bahçeliyə Parlament Assambleyasının fəaliyyəti, hazırkı təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.
R.Həsən, həmçinin Xarici İşlər nazirlikləri, Türk Dövlətləri Təşkilatı və türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bu fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini vurğulayıb.
TÜRKPA-nın fəaliyyətinin daha da inkişaf etdirilməsinə yönəlmiş fikirləri yüksək qiymətləndirən D.Bahçeli bu istiqamətdə tam dəstəyini ifadə edib.
Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəyliyin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.


