Millətlər Birliyinin Baş katibi Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qeyd olunub ki, Azərbaycanın Birlik üzvləri ilə ikitərəfli əlaqələri var. Bu səfərin Azərbaycan ilə Birlik arasında da səmərəli əməkdaşlığın qurulması üçün yaxşı fürsət yaradacağına ümid ifadə olunub.

Söhbət zamanı qeyd edilib ki, Millətlər Birliyinə üzv ölkələrin əksəriyyəti Qoşulma­ma Hərəkatının üzvləridir. Spiker Azərbay­can Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının həyata keçirdiyi tədbirlərin təş­kilatın nüfuzunun daha da artmasına və üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan sədrli­yi dövründə Qoşulmama Hərəkatına üzv olan ölkələrin ehtiyaclarına həmişə xüsusi diqqət yetirib. 

S.Qafarova qonaqlara hərəkatın Parla­ment Şəbəkəsinin yaradılması haqqında da məlumat verib. O, 2021-ci ildə keçirilmiş təsis iclasından bəri Parlament Şəbəkəsinin böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini, bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunun şəbəkədə təmsil olunduğunu bildirib. 

Patrisiya Skotlend Azərbaycanın Qşulma­ma Hərəkatına sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yük­sək qiymətləndirib. O vurğulayıb ki, Azər­baycanın sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaradıb.

Spiker qonaqlara Azərbaycan Milli Məclisi, parlamentin beynəlxalq fəaliyyəti haqqında da məlumat verib.

Söhbət zamanı Patrisiya Skotlendin həm də Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü olduğu qeyd edilib, Azər­baycanın Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verdiyi, bu əlaqələrin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb. 

Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da müzakirələr aparılıb. Spiker deyib ki, hazırda iqlim dəyi­şikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir. Bu, qlobal cavab tədbir­ləri və birgə səylər tələb edən bir çağırışdır. Azərbaycanın bu mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də re­gional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. O, diqqətə çatdırıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə bir­likdə Parlament İclası təşkil etməyi planlaş­dırır ki, bu görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.

Millətlər Birliyinin Baş katibi Azərbay­canı evsahibliyi münasibətilə təbrik edərək, ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yük­sək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər