Dünya iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atmaq və davamlı gələcək naminə həll yolları tapmaq üçün hər il müxtəlif şəhərlərdə keçirilən və bu ilin noyabrında isə Bakıda gerçəkləşəcəyi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) xüsusi diqqət yetirir. Şübhəsiz ki, Azərbaycan da COP29-a evsahibliyi etməsi ilə üzərinə götürdüyü tarixi öhdəliyi, eyni zamanda, bu tədbirin ölkəmiz və beynəlxalq aləm üçün xüsusi əhəmiyyətini nəzərə alaraq sözügedən iqlim konfransına ciddi hazırlaşır.
Yeri gəlmişkən, Azərbaycan COP29-u təkcə bir tədbir kimi yox, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün fürsət kimi görür. Enerji siyasətindəki uğurları, bərpaolunan enerji resurslarına investisiya qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Aşağıda diqqətə çatdırdığımız rəylərdə də bu məqam xüsusi vurğulanır.
Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor:
– Son 20 ildə Azərbaycan yalnız yerləşdiyi Cənubi Qafqaz regionunda deyil, bütün dünyada ciddi söz sahibi olan dövlət statusuna ucala bildi. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng transmilli layihələr və bu layihələrin nəticəsi kimi Azərbaycanın Avropanın etibarlı yanacaq-enerji təchizatçılarından birinə çevrilməsi, şərqlə qərbi birləşdirən orta marşrutun və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq infrastrukturun fəaliyyətə başlaması dünyada ölkəmizin nüfuzunun sürətlə artmasına səbəb oldu. Belə nəhəng layihələri reallaşdırmaqla yanaşı, özünün iqtisadi və hərbi qüdrətini artıran respublikamız on illər ərzində işğal altında qalmış torpaqlarını ən qısa zaman kəsiyində düşmən əsarətindən azad etdi. Bu hadisəyə qədər Azərbaycanın sürətli iqtisadi inkişafını görənlər indi də ölkəmizin hərbi qüdrətinin hansı zirvəyə yüksəldiyinə şahidlik etməli oldular.
Ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan transmilli layihələr, şanlı Ordumuz tərəfindən dünyada analoqu olmayan hərbi ustalıqla torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanı dünyada tutarlı söz sahibinə çevirdi.
Ötən illlər ərzində respublikamızda dünyaya səs salacaq bir çox beynəlxalq tədbirlər keçirildi. Bu gün ölkəmiz ən mühüm beynəlxalq tədbirlərin keçirilməsinin uyğun məkanı kimi hamı tərəfindən qəbul edilir.
Son 20 ildə respublikamızda keçirilmiş beynəlxalq tədbirlərin verdiyi siyasi dividentlər ölçüyə gəlməyəcək qədər böyükdür. Azərbaycan bu tədbirlər vasitəsilə özünün Qarabağ həqiqətlərini bütün dünyaya çatdırdı. Biz bu tədbirlərdən həm də təbliğat maşını kimi istifadə etdik desək, yanılmarıq. Qərbin ikili standartları müstəvisində haqlı olduğumuz halda bizi haqsız kimi qələmə verənlərə cavab haqqımızı dünyaya bu platformalardan məharətlə istifadə edərək çatdıra bildik. Görülən bu işlərin nəticəsi idi ki, 44 günlük savaşdan və bir günlük antiterror əməliyyatından sonra Azərbaycanın üzərinə Fransa kimi ermənipərəst ölkədən başqa heç kim gəlmədi.
COP29 Yer kürəsində baş verən iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və bununla bağlı danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri bir araya gətirən, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq tədbirdir. Cari ilin noyabr ayında keçiriləcək bu konfrans iştirakçı sayına və miqyasına görə Azərbaycanın da indiyədək evsahibliyi etdiyi ən böyük tədbir olacaq. Bakı iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
2015-ci ilin sonlarında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub və həmin sənədi 171 ölkənin hökumətləri imzalayıb. Azərbaycan Paris razılaşmasına 2016-cı ilin aprelin ayından qoşulub. COP tədbirlərinin başlıca hədəfini Paris Sazişinin tələblərinə uyğun olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağa nail olmaq təşkil edir.
COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab edilir.
COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin bir daha təsdiq edilməsi deməkdir. Bundan əlavə, belə bir mötəbər tədbirin respublikamızda keçirilməsi BMT tərəfindən ölkəmizdəki ictimai-siyasi və iqtisadi sabitliyə verilən qiymətin ifadəsidir.
Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik etməsi və parallel olaraq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalaması dünyada bənzəri olmayan bir nümunədir.
Son illər Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır. COB29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir.
Azərbaycan COB29-a evsahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan indi “yaşıl enerji” istehsalını artırmağa və “yaşıl enerji”ni dünya bazarlarına çıxarmağı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir.
Hökumətin ölkədə “yaşıl enerji”nin inkişafına dair müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda keçiriləcək COB29 tədbiri bu potensialın reallaşdırılması məqsədilə ölkəmizə xarici investisiyaların cəlb edilməsinin ən münasib platforması olacaq.
Azər ALLAHVERƏNOV, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İB-nin sədri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü:
– Bu ilin noyabrında paytaxtımız BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Öncə onu vurğulamaq istəyirəm ki, BMT-nin əksər üzvlərini və xüsusilə də dünyanın inkişaf etmiş ölkələrini bir araya gətirən bu mötəbər beynəlxalq tədbirin rəhbər strukturlarında növbəti sessiyanın harada keçirilməsi barədə verilən qərar həmin tədbirin keçiriləcəyi dövlətə göstərilən etimadın bariz nümunəsidir. Bu baxımdan ötən il Dubayda keçirilən iqlim konfransında COP29-un məhz Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar dünyanın əksər dövlətlərinin ölkəmizə olan böyük etimadının göstəricisi idi.
Olduqca qürurverici haldır ki, COP29-un Azərbaycanda keçirilməsi təklifi COP28-də qəbul edilmiş qərarla təsdiqlənməklə yanaşı, həm də ötən müddətdə təşkil olunmuş çoxsaylı beynəlxalq tədbirlərdə, eləcə də ölkəmizə səfərə gələn mötəbər qonaqlar tərəfindən birmənalı olaraq dəstəklənir. Eyni zamanda, qərarın verilməsi ilə bağlı mövcud prosedurlara nəzər saldıqda məlum olur ki, BMT-nin Şərqi Avropa qrupunun iştirakçısı olan 23 ölkənin COP29-la bağlı qəbul etdiyi qərar hazırda ali qurumun iqlim konfransının digər üzv ölkələri tərəfindən də təsdiqlənir.
Bununla yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları və ixtisaslaşmış mərkəzləri də COP29-u dəstəkləyən bəyanatlar qəbul edirlər. Onlardan biri səhiyyə, ətraf mühit və iqlim dəyişikliyi məsələləri üzrə ixtisaslaşan və 106 ölkədən olan 2300 qeyri-hökumət təşkilatını (QHT) birləşdirən Səhiyyə üzrə Afrika Təşkilatlarının Assosiasiyasıdır. Bu qurumun rəhbərliyi tərəfindən Azərbaycanda COP29-un keçirilməsinə dair imzalanmış bəyanata sonradan assosiasiyanın 30 üzv ölkəsini və tərəfdaşlarını təmsil edən, ümumilikdə, 107 QHT də qoşulub. Bu proses hazırda da davam etdirməkdədir. Bu yaxınlarda Bakıda keçirilmiş “Parçalınmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq tədbirin, həmçinin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində iqlim dəyişikliyi ilə bağlı yer alan məsələlər də məhz COP29-a olan yüksək diqqətin və marağın əyani sübutudur. Digər tərəfdən, son aylar ölkəmizə səfər edən bir sıra dövlət və hökumət başçıları ilə aparılan danışıqlar zamanı COP29-la əlaqədar məsələlər müzakirə edilib.
Yeri gəlmişkən, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar, həm də ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçılarından biri kimi tanınması ilə bağlıdır. Məlum olduğu kimi, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Son illər həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycanda “yaşıl enerji”nin istehsalı istiqamətində həyata keçirilən tədbirlər isə həm miqyasına, həm də həcminə görə misli görünməyən hədəflərin əldə olunmasına hesablanıb.
Əslində ölkəmizin “yaşıl” gündəliyi hələ COP29-a ev sahibliyi etmək barədə verilən qərara qədər qəbul edilmişdi. Bunun nəticəsidir ki, 2023-cü ilin oktyabrında ölkəmizdə 230 meqavat gücündə ilk günəş elektrik stansiyası istifadəyə verildi. Bu il isə ümumi gücü 1300 meqavat olan əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq. Bütün bunlar isə, sadəcə olaraq, başlanğıcdır. Çünki ölkəmizin həm dənizdə, həm də quruda zəngin külək və günəş elektrik enerjisi potensialı var. Bura su elektrik stansiyaları da əlavə olunsa, daha böyük nəticələr əldə etmək mümkündür. Bütövlükdə, “yaşıl” gündəliklə müəyyən olunmuş planlara görə, 2027-ci ilə qədər ölkəmizdə 2 qiqavatlıq günəş və külək enerjisi stansiyaları işə düşəcək. 2030-cu ilə qədər isə əlavə 5 qiqavatlıq güclər də istismara daxil ediləcək.
“Yaşıl enerji”nin istehsalı barədə danışarkən Qarabağda bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışmamaq mümkün deyil. Belə ki, 30 ilə yaxın işğal dövründə Ermənistan həmin ərazilərdə “boz zona” yaratmışdı. Düşmənin işğalçılıq siyasəti nəticəsində həmin ərazilərin flora və faunası məhv edilmişdi. Eyni zamanda, Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılmış, kənd təsərrüfatı ziyan görmüşdü. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz “boz zona”nın “yaşıl zona”ya çevrilməsinə imkan yaradıb.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin “yaşıl” gündəliyi ilə bağlı müəyyən olunmuş hədəflərə doğru aparan addımlardan biridir. Bununla bağlı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış sərəncamda Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir. COP29-un “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi isə ölkəmizin bu sahədə əldə etdiyi müsbət təcrübəni və yeni hədəflərini dünyaya çatdıra biləcək.
İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri:
– Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi üçün növbəti məkan olaraq məhz Azərbaycanın seçilməsi də ölkəmizə olan yüksək etimaddan irəli gəlir. COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar beynəlxalq aləmin hər bir üzvünün razılığı əsasında mümkün olub. Bu da təsadüfi deyil. Çünki dünyada sabitlik məkanı, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınan Azərbaycan ötən illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edib. Bu mənada hazırda dünya ölkələri, eləcə də bir sıra tanınmış enerji mərkəzləri Bakını COP29-un keçirilməsi üçün ən əlverişli məkan kimi qiymətləndirirlər.
Bərpaolunan eneji potensalı ilə zəngin olan Azərbaycan artıq bu sərvətlərdən istifadə sahəsində mühüm addımlar atır. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin istifadəyə verdiyi “Qaradağ” Günəş Elektrik Stansiyası tədricən işə düşür. Bir qədər sonra burada artan həcmlər özünü göstərəcək. Bunun da hesabına 2024-cü ildə ölkəmizdə günəş enerjisinin istehsalı ötənilki səviyyəni 5-6 dəfə üstələyə bilər. Düşünürəm ki, 2025-ci ildən biz artıq ilk dəfə olaraq alternativ və bərpaolunan enerji mənbələrindən istehsalın hiss ediləcək səviyyəyə gəlib çatmasının şahidi olacağıq. Bəs, bu nəyin hesabına baş verəcək? “Qaradağ” Günəş Elektrik Stansiyasının maksimal istehsal gücünə çatması ilə yanaşı, tam 2025-ci ilin birinci rübündə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti də 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını işə salacaq. Ümumilikdə isə, mənə elə gəlir ki, 2025-ci ildə Azərbaycan bərpaolunan enerji mənbələrindən ilk milyard kilovat-saat elektrik enerjisinin alınmasını qeyd edə bilər.
Sonrakı illərdə bu həcmlər yeni-yeni günəş və külək elektrik stansiyalarının istismara verilməsi hesabına getdikcə artacaq. Düşünürəm ki, 2026-2027-ci illərdə ölkəmizdə “yaşıl enerji”nin istehsalında böyük sıçrayışlar baş verəcək. Artıq cari ildən başlayraq bu sahədə iri miqyaslı layihələrin həyata keçirilməsinə start veriləcək. Daha doğrusu, bu il ölkəmizdə “yaşıl enerji” istehsalını həyata keçirəcək 5 stansiyanın təməli qoyulacaq. Bunlardan ən mühümü BP şirkətinin Cəbrayıl rayonunda tikintisinə başlayacağı 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Cari ildə, həmçinin “Nobel Energy” şirkəti bu rayonda günəş elektrik stansiyasının inşasını planlaşdırır. Regionun “yaşıl enerji” zonasına çevrilməsi məqsədlərinə xidmət edəcək layihə çərçivəsində inşa olunacaq 100 meqavatlıq günəş elektrik stansiyasında ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur. Bu da orta hesabla 58 minə yaxın evi elektrik enerjisi ilə təmin etməyə imkan yaradacaq.
Eyni zamanda, bu il Naxçıvanda 50 meqavatlıq “yaşıl” güclərin yaradılmasına da başlanacaq. “Masdar” şirkəti tərəfindən isə Biləsuvarda, Neftçalanın Bankə qəsəbəsində və Bakı ətrafında, Abşeronda 1000 meqavatlıq günəş elektrik stansiyalarının tikintisinə başlanılacaq. Bununla yanaşı, cari ildə 100 meqavatlıq külək elektrik stansiyasının təməlinin qoyulması da planlaşdırılır. Sadaladığım bu stansiyaların isə 18-23 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Beləliklə də, 2024-cü ilin ikinci yarısından etibarən tikintisinə başlanacaq stansiyalarda 2026-cı ilin əvvəllərində elektrik enerjisi istehsal etmək mümkün olacaq. 2027-ci ildə isə həmin stansiyalar layihə gücünə çatdırılacaq.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadiyyat və energetika nazirliklərinin qeyd etdiyi kimi, bizim başlıca hədəfimiz ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2030-cu ildə 30 faizə çatdırılmasından ibarətdir. Bu da onu göstəririr ki, Azərbaycan yaxın gələcəkdə karbon emissiyalarının azaldılmasına mühüm töhfələr verməyə tam qadirdir. Amma düşünürəm ki, işlərin belə sürətlə davam edəcəyi halda biz bu hədəfə daha tez, yəni 2028-ci ildə çata biləcəyik. Azərbaycanın bununla bağlı planları, həyata keçirdiyi ardıcıl tədbirləri onu deməyə əsas verir ki, bütün bunlar əfsanə deyil, əsl reallıq, enerji tariximizin yeni bir “yaşıl” səhifəsidir.
Samir HEYDƏROV, iqtisadçı-ekspert
Bu il ölkəmizdə keçiriləcək COP29-a ciddi hazırlıq işləri görülür. Bu, təkcə beynəlxalq ictimaiyyətin respublikamıza etimad göstəricisi ilə bağlı deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli dəyişikliklərin reallaşdırılması məqsədindən irəli gəlir. Belə bir yanaşmanın əsasını isə inklüzivlik prinsip şərtləndirir. Çünki COP29-da əsas müzakirə mövzusu olacaq iqlim dəyişikliyi bütün beynəlxalq aləmi narahat edən prioritet istiqamətdir. Cəmiyyətin müxtəlif qruplardan olan şəxslərin fikirlərinin və imkanlar barədə təkliflərinin dinlənilməsi bu məsələdə daha güclü tərəfdaşlığın qurulması, iqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq müstəvidə aparılması deməkdir.
Ümumiyyətlə, ölkəmizin COP29-a evsahibliyi etməsi Azərbaycanın ətraf mühitin qorunmasına və müxtəlif səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin mühüm göstəricisidir. COP bu gün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Kioto Protokolunun (KP) və Paris Sazişinin (PA) müddəalarının həyata keçirilməsi üçün ölkələr arasında danışıqlar prosesinin ən yüksək orqanıdır.
Qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası iqlim sisteminə insan tərəfindən təhlükəli təsirlərin qarşısının alınması məqsədi ilə 1994-cü il martın 21-də qüvvəyə minib. İndiyədək mühüm önəm daşıyan bu beynəlxalq sənəd 198 ölkə tərəfindən ratifikasiya olunub. Konvensiyaya əlavə sənəd olan Kioto Protokolu qlobal istiləşmənin qarşısını almaq üçün Yer atmosferinə buraxılan istixana qazları emissiyalarını azaltmaq məqsədi ilə bağlanıb. Protokol 1997-ci il dekabrın 11-də qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan ona 2000-ci ildə qoşulub. 2015-ci ildə qəbul edilən Paris sazişi də konvensiyanın davamı olub. Belə ki, 2016-cı ildə Paris Sazişinin müvafiq qanunla təsdiqindən sonra Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35 faiz azaltmaq barədə könüllü öhdəlik götürüb.
Yeri gəlmişkən, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ilk addımlarından biri 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması olub. 2021-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədini təsdiq edib. Milli prioritetlərə uyğun olaraq növbəti onillik üçün hədəf kimi ölkənin sosial-iqtisadi inkişafının 5 əsas prioriteti təsdiq edilib. Həmin prioritetlərdən biri isə Azərbaycanın “təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” kimi müəyyənləşdirilib.
Artıq sözügedən prioriteti istiqamətə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərə başlanılıb. 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını baza ili (1990-cı il) ilə müqayisədə 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq qarşıya əsas məqsəd kimi qoyulub. İşğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində ətraf mühitin mühafizəsi də diqqətdə saxlanılıb.Bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqinə üstünlük verilib, ekosistemin bərpası ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirilib. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritet istiqaməti kimi qəbul edilib. Azərbaycan 2030-cu ilə qədər quraşdırılmış elektrik enerjisi istehsal güclərində bərpaolunan enerji mənbələrinin payınının 30 faizə çatdırmağı hədəfləyib.
Yeri gəlmişkən, Azərbaycan ətraf mühitin qorunmasına və müxtəlif səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınmasına mühüm töhfə vermək üçün zəngin “yaşıl enerji” potensialına malikdir. Məsələn, günəş enerjisini bütün ölkə ərazisində əldə etmək mümkündür və külək enerjisindən istifadə baxımından ən perspektivli sahələr isə Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də Bakıdır. Xəzər dənizində dəniz və külək stansiyalarının yaradılması da nəzərdə tutulur. Külək və günəş elektrik stansiyaları, emissiyaların azaldılması, meşələrin bərpası, elektrik və hidrogen nəqliyyatının inkişafı – bütün bunlar mühüm önəm daşıyır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da “yaşıl enerji” ehtiyatının zənginliyi ilə diqqət çəkir. Bu ərazilərin “təmiz enerji zonası” elan edilməsi də məhz bu amillə bağlıdır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan təbii mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensial mövcuddur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları günəş enerjisi ilə zəngindir. Kəlbəcər və Laçın güclü küləkləri ilə tanınır. Təbii ki, dağ çaylarının – Tərtərçay, Bazarçay, həmçinin Həkərinin enerji yaradan potensialı isə adları çəkilən iqtisadi rayonların “təmiz enerji zonası”na çevrilməsinə əlverişli şərait yaradır.
Naxçıvan Muxtar Respublikası da əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir. Qədim diyarda ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Tədbirlər Planına əsasən, burada “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulur, eyni zamanda, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına işə salınması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixrac olunması qarşıda əsas vəzifə kimi qoyulur.
Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ