Bu ictimai bəlaya qarşı mübarizə davamlı və məqsədyönlü olmalıdır
Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bütün cəmiyyətlərdə olduqca mürəkkəb problem olan bu məsələ ilə mübarizəni gündəmə gətirir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bunun qarşısının alınması hüquqi, sosial və qabaqlayıcı tədbirlər görülməsini zəruri edir. Ölkəmizdə bu missiyanı yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar təşkil edilir.
Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlı olur, özünü daha rahat ifadə edə bilir. Buna görə, xüsusilə nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir.
Məişət zorakılığı qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə onu törətmiş şəxs arasında qarşılıqlı əlaqənin, eyni zamanda, zorakılığın müddətinin və regional xüsusiyyətlərin öyrənilməsi zəruridir. Nazirlər Kabinetinin Qərarına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmışdır. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, bu hallarla bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, aparılmış araşdırmalar və nəticələri, zorakılıq halları ilə əlaqədar məsuliyyətə cəlb edilənlər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur. Bu təhlillərin nəticəsində isə maarifləndirmə təlimlərinin hədəfləri müəyyən edilir.
Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Bu məsələdə yalnız dövlət qurumları və təşkilatlarla deyil, həm də vətəndaşlarla əməkdaşlıq şəklində iş aparılır. Sosial şəbəkələrdə zorakılıq hadisələri ilə bağlı paylaşımlar onu göstərir ki, cəmiyyətimiz də artıq bu problemlə bağlı öz mövqeyini göstərməyə hazırdır. Bugünkü müzakirənin iştirakçıları bu mövzuda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etdikləri layihələrlə bağlı fikir bildirirlər.
Səidə QOCAMANLI,
“İnsan Hüquqları və Qanunçuluğum Müdafiəsi” İctimai Birliyinin sədri
– 2005-ci ildə dövlət qeydiyyatına alınan təşkilatımız qeyri-rəsmi 2000-ci ildə yaradılıb. Əsas məqsədi insan hüquqlarının müdafiəsi və maarifləndirilməsi olan ictimai birliyimiz öz fəaliyyətində insan hüquqları sahəsində müdafiəni təşkil edib, monitorinqlər aparıb, insan hüquqları üzrə hesabatlar hazırlayıb və bu hüquqlara dair maarifçilik proqramları həyata keçirib. Bu işləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Finlandiyanın Xarici İşlər Nazirliyi və digər qurumlarla əməkdaşlıq çərçivəsində reallaşdırmışıq.
Ötən illərdə maarifçilik sahəsində insan hüquqlarının müxtəlif aspektlərinə dair layihələr həyata keçirmiş, bu hüquqlara aid vəsaitləri azərbaycan dilinə tərcümə etmişik. Bunların arasında uşaq bağçalarında, ibtidai və orta məktəblərdə istifadə edilən “İlk addımlar”, hüquq müdafiəçiləri üçün nəzərdə tutulmuş ”İnsan hüquqlarının monitorinqi” vəsaitlərini qeyd edə bilərəm.
Qadın hüquqlarına dair bir sıra layihələri ölkənin regionlarında icra etmişik. Belə ki, 2019-cu ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyilə “CEDAW Komitəsinə 2015-ci ilin beşinci dövr hesabatının nəzərdən keçirilməsi zamanı Azərbaycan üçün qəbul edilmiş qeyd və tövsiyələrin icra vəziyyəti barədə Alternativ hesabat” adlı, 2019–2020-ci illərdə Finlandiya Xarici İşlər Nazirliyinin yardımı ilə Bakıda, Xaçmaz, Qax, Balakən, Cəlilabad, Masallı və Şamaxı rayonlarında “Bələdiyyələrdə gender bərabərliyinin monitorinqi və bələdiyyələr üçün qadınların təşviqatı” adlı, 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Zaqatala, Balakən, Astara və Masallı rayonlarında “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı layihələr icra etmişik.
Bundan başqa, 2022-ci ildə agentliyin dəstəyilə Masallı, Astara və Şamaxıda “Erkən və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı, 2023-cü ildə isə 2 – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının donorluğu ilə Zaqatala, Balakən, Astara, Masallı və Şamaxıda “Əhalinin həssas qruplarının iqtisadi, sosial və mədəni hüquqları haqqında maarifləndirilməsi və bu hüquqların həyata keçirilməsi şəraitinin monitorinqi” adlı və digəri agentliyin dəstəyilə “Regionlarda qadın sahibkarlığının inkişafına təşəbbüs” adlı layihəni Astara və Masallıda icra etmişik.
2024-cü ildə həyata keçirilməsini planlaşdırdığımız layihənin adı “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai müzakirələrin keçirilməsi”dir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirəcəyimiz layihənin məqsədi regionlarda məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslərin irəli sürülməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı probleminin ictimailəşdirilməsidir. Layihə regionlarda məişət zorakılığı probleminin müxtəlif strukturların birgə fəaliyyət göstərərək tənzimlənməsi vasitəsi ilə həllində məsul olanların məsuliyyətinin artırılmasından bəhs edir.
Layihə çərçivəsində sakinlər, yerli icra hakimiyyəti, bələdiyyələr, QHT, KİV və dini icma nümayəndələri məlumatlandırılacaq və problemin həlli yollarının tapılması ilə bağlı əldə etdilən bilgiləri gələcək fəaliyyətlərində tətbiq edəcəklər. Əminik ki, zorakılığa məruz qalan qadınlar və onların yaxınları, bələdiyyə, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri layihədən faydalanacaqlar. Problemin həlli yollarından biri də bələdiyyələrin zorakılıq hallarına daha məsuliyyətlə yanaşmasını tələb edir və bələdiyyələrin nəzdində “qadın otaqları”nın təşkil edilməsini zəruri hesab edir. Bu otaqlar qadınların güvənc yeri, onların müdafiə qalası olmalıdır.
Gləcəkdə yerli icra hakimiyyətləri, bələdiyyələr, QHT-lər, digər müvafiq qurumlar və əhalinin fəal təbəqəsinin iştirakı ilə yerlərdə problemlərin daha asan həll olunacağını düşünürük. Əhali məişət zorkılığı ilə bağlı məlumatlı olduğundan müvafiq qurumların bu sahə ilə bağlı işlərinin aparılmasına ictimaiyyətin nəzarəti artacaq, zorakılığa məruz qalan şəxslərlə təşkilatımızın əlaqəsi qurulacaq və onları nəzarətdə saxlaya biləcəyik.
Zenfira MUSTAFAYEVA,
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri
– 2003-cü ildə qeydiyyatdan keçən təşkilatımızın məqsədi qadınların hüquqlarının müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması, təhsil və mədəni səviyyələrinin yüksəldilməsi, qanunvericiliyin qadınların manafeyinə uyğunlaşdırılması, gender bərabərliyinin təşviqi, aztəminatlı və kimsəsiz olan şəxslərə müxtəlif yardımların göstərilməsidir.
Bu günə kimi məişət zorakılığı və insan alverinə qarşı mübarizə mövzusunda çox sayda layihələr həyata keçirmişik. Bunların içərisində Qadın Krizis Mərkəzinin yaradılması, gender bərabərliyinin təmin olunması sahəsində maarifləndirmə, qadın hüquqlarının müdafiəsi sahəsində təşkilatı tədbirlərin gücləndirilməsi, Məktəb Psixoloqu Resurs Mərkəzinin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin təşkil edilməsi, insan alveri və məişət zorakılığı qurbanları üçün xidmətlərin göstərilməsi və digərlərini deyə bilərəm.
Agentliyə təqdim etdiyimiz hazırki layihə “Məişət zorakılığına qarşı mübarizə təşəbbüsləri” adlanır. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Əsas məqsədimiz təşkilatın nəzdində yaradılmış Regional İlkin Dəstək Reabilitasiya Mərkəzi vasitəsi ilə bölgələrdə məişət zorakılığı və insan alverinə qarşı mübarizənin güclənməsində dövlətə yardım göstərməkdir. Layihənin predmeti qismində məişət zorakılığı və insan alverinin birgə götürülməsi ona görə zəruri olmuşdur ki, bu amillərdən birinin mövcudluğu digərinin baş verməsi üçün əlverişli şərait yaradır. Mərkəzdə layihənin hədəf qruplarına göstərilən ilkin dəstək xidmətləri qabaqlayıcı və reabilitasiya xarakerli olacaq. Məişət zorakılığı və insan alverinin qurbanına çevrilmək riski olan şəxslər qabaqlayıcı (dəstək) xidmətlərdən faydalandıqdan sonra onlara münasibətdə bu təhlükə ciddi sürətdə azalacaq.
Rəsmi statistikaya görə, məişət zorakılığı və insan alveri qurbanlarının əsasən qadınlardan ibarət olması nəzərə alınaraq, layihə fəaliyyəti ilk növbədə onların və ailə üzvlərinin müdafiəsinə, sosial rebilitasiyalarına yönəlmişdir. Layihə çərçivəsində hədəf qruplarına göstəriləcək sosial, hüquqi və psixoloji xidmətlər risk qrupuna daxil olan şəxslərin məişət zorakılığı və insan alveri qurbanına çevrilməsinin qarşısının alınmasına kömək edəcək. İcra edəcəyimiz reabilitasiya proqramları isə, artıq bu əməllərin qurbanı olmuş şəxslərin hüquqi və psixoloji durumunun yaxşılaşdırılması, onların cəmiyyətə yenidən inteqrasiyası üçün şəraitin yaradılması ilə nəticələnəcək.
Hazırkı layihənin icra dairəsi Sumqayıt şəhəri və Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olan 12 rayon və şəhəri əhatə edəcəkdir. Qeyd etmək lazımdır ki, bir sıra regional (inzibati, kommersiya, ağır cinayətlər) mərkəzlər Sumqayıt şəhərində yerləşir. Məişət zorakılığı və insan alverinə qarşı mübarizə praktikası, habelə rəsmi statistikaya görə göstərilən regionda insan alveri, məişət zorakılığı qurbanlarının və risk qrupunda daxil olan şəxslərin sayı digər bölgələrə nisbətdə çoxluq təşkil edir. Eyni zamanda, bu regionda məişət zorakılığı və insan alverinə qarşı mübarizə aparmaq üçün zəruri olan vasitə və mexanizmlər (yerli telekanallar, digər kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti qurumları və sair) mövcuddur. Biz hesab edirik ki, həmin mexanizmlər vasitəsi ilə regionda məişət zorakılığı və insan alveri qurbanlarının sayının artmasının qarşısını almaq mümkün olacaq.
Layihə çərçivəsində göstərilmiş xidmətlərdən hədəf qruplarına daxil olan 150 nəfər şəxs faydalanacaq. Mərkəz tərəfindən həyata keçirilən hüquq maarifçiliyi, maarifləndirmə kompaniyası hesabına insan alveri, məişət zorakılığı onlardan müdafiə mexanizmləri barədə biliklər əldə etmiş əhali sayı 320 min – 480 min nəfər nəzərdə tutulur.
Xanım ƏHMƏDZADƏ,
“Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri
– Uzun illərdir ki, ictimaiyyətin maariflənməsi, vətəndaşların hüquqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə ilə bağlı bir çox layihələr icra etmişik. İctimai birliyimiz 2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qeyri-hökümət təşkilatıdır. Müxtəlif qanun pozuntuları ilə qaşılaşmış vətəndaşlara hüquqi yardım göstərmiş, məsləhət vermiş, məhkəmə çəkişmələrində hüquqi nümayəndə kimi iştirak etmişik. Təşkilatımız vətəndaşlarla müxtəlif mövzularda ictimai müzakirələr keçirib, iqtisadi-sosial hüquqlarının pozulmasından ziyan çəkmiş vətəndaşlara hüquqi məsləhət verib, problemlərinin həll olunmasında dəstək olub. İcra etdiyimiz layihələrdə cəmiyyətin müxtəlif sosial qrupları və təbəqələri fəal iştirak edib, ictimai fəaliyyətimizdən məmnun qalıblar.
Ötən müddətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (hazırda agentliyi) maliyyə yardımı ilə “Hasilat Sənayesində Şəffaflıq” prosesləri və hesabatlarının ictimai müzakirəsinin keçirilməsi”, “Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək”, “Qadın hüquqlarının təbliği və müdafiəsi ilə bağlı fəaliyyətin dəstəklənməsi”, “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili”, “Qadınlar özünüməşğulluq proqramında–öyrənək və öyrədək” adlı tədbirlərin təşkili layihələrini icra etmişik.
Bu il icrası nəzərdə tutulan “Məişət zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət” adlı layihə zərərçəkmiş ailələrə həm hüquqi, həm də psixoloji dəstək olmaq məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsindən və münaqişəli ailələrlə fərdi görüşlərin təşkil edilməsindən bəhs edir. Məqsədimiz 25–30 benefisiar üçün təlim keçib layihəni bitirmək və nəticə gözləmək deyil. Biz onların problemlərini özlərindən öyrənmək, tədbirlərdən bir canlı mikrofon kimi istifadə edib onları eşitmək, dərdlərinə kömək olmaq üçün icazələri ilə ailələrlə görüşmək istəyirik. Təcrübə göstərir ki, ailələrə ayaq açmadan, ailədə təsir gücünə malik olanlarla ünsiyyət qurmadan məişət zorakılığının və ailədaxili münaqişələrin qaqrşısını almaq mümkün deyil.
Layihənin həyata keçiriləcəyi çoğrafi ərazi əsasən, ölkəmizin cənub rayonları və Bakı ətrafı kəndlərdir. Qeyd olunan ərazilərdə məişət zorakılığı ilə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq, layihənin bu yerlərdə keçirilməsini qərara almışıq. Layihəmizdə əsasən Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik rayonlarının və Bakının Suraxanı rayonunun sakinlərinin iştirakı nəzərdə tutulub. Tədbirlərin ünvanlandığı əhali qrupunun əksəriyyətini cəmiyyətin müxtəlif fəaliyyət sahələrini təmsil edən qadınlar olmaqla, gənclər, məktəblilər və məişət zorakılığına məruz qalmış vətəndaşlar təşkil edir. Onu da qeyd edim ki, yeniyetmələrlə işləmək daha maraqlıdır. Bizə edilən müraciətlərdəki faktlara görə, etiraf etməliyəm ki, məişət zorakılığına məruz qalmış kişilər də az deyil.
Layihənin əsas tərəfdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyidir. Layihənin icrasına iyunun 1-dən başlayacağıq.
Ziba QULİYEVA,
“İnkişaf Təşəbbüsləri” İctimai Birliyinin sədri
– Təşkilatımız 2009-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Məqsədimiz cəmiyyətə baş verən neqativ halların aradan qaldırılması, qadın və qızların sosiallaşması, onların cəmiyyətə fayda verə biləcək işlərlə məşğul olması, təhsilə davam etməsi kimi məsələlərin həllinə çalışmaqdır. Bu mənada indiyədək həyata keçirdiyimiz layihələrin müsbət nəticələri bizi daha yeni layihələrə imza atmağa ruhlandırıb. 2010-cu ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Motivasiya edici metodlardan istifadə etməklə və maarifləndirmə yolu ilə qızların məktəbə davamiyyətinin artırılması və təhsil səviyyəsinin yüksəldilməsi” layihəsini icra etmişik. 2012–2013-cü illərdə BMT-nin Uşaq Fondunun maliyyə dəstəyi ilə Lənkəran və Masallı rayonlarında “Uşaq evliliyinə yox deyək!” layihəsini həyata keçirmişik. 2016-cı ildə isə yenə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakıda yerləşən məcburi köçkün icmalarında “Erkən nikahların qarşısının alınması” layihəsini reallaşdırmışıq. Tədbirlərimizdə iştirakçıları erkən nikahın fəsadları, qızlarımızın erkən aiə qurmasının onların fiziki sağlamlığına təsiri, ana olmağa hələ hazır olmamaları, belə ailələrdə doğulan uşaqlarda baş verən xəstəliklər barədə məlumatlandırmışıq.
Hazırda agentliyə təqdim etdiyimiz layihə “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlanır. Layihəni bu il iyunun 1-dən avqustun 31-dək həyata keçirməyi nəzərdə tutmuşuq. Layihənin əsas məqsədi məişət zorakılığı haqqında qadın və qızların, icma üzvlərinin məlumatlılığını artırmaq və bu cür halların qarşısının alınmasına dəstək verməkdir. Layihənin nəticəsi olaraq, məişət zorakılığının qarşısının alınmasında qadınların və icma üzvlərinin məlumatlılığının artması, bu problemin aradan qaldırılması istiqamətində insanların davranış və təcrübələrində dəyişikliklərin olması nəzərdə tutulur.
Bərdə və Göygöl rayonlarında yaşayan kənd qadınları və qızlar, o cümlədən məcburi köçkünlər, az təhsilli qadınlar, ailə qurmuş gənc qadınlar, aztəminatlı ailələrdən olan qadınlar, eləcə də, kişilər maarifləndirmə tədbirlərində iştirak edəcəklər.
Layihənin icrası müddətində məişət zorakılığı mövzusunda “dəyirmi masa”ların keçirilməsini nəzərdə tutmuşuq. “Dəyirmi masa”lardakı maarifləndirmə tədbirlərində məişət zorakılığının növləri və qabaqlayıcı tədbirlər, eləcə də mövcud xidmətlər və problemlərin həlli yolları haqqında məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Mehriban MƏMMƏDOVA,
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
– Təşkilatımız 2000-ci ildə rəsmi qeydiyyatdan keçsə də 1997-ci ildən fəaliyyət göstəririk. Ötən müddətə Bakıda, cəbhəyanı bölgələrdə və həmçinin ölkə xaricində yerli və xarici təşkilatlarla bir çox layihələr həyata keçirmişik. İctimai birliyimiz qaçqınların, məcburi köçkünlərin, qadınların və gənclərin qarşılaşdığı bir çox problemlərin həlli ilə bağlı layihələr, sorğular və təlimlər təşkil etmişdir. O cümlədən, ölkədə yaşayan etnik azlıqlara, qaçqın və məcburi köçkünlərə həsr olunmuş sənədli filmlər də ərsəyə gətirmişik.
Son illərdə icra etdiyimiz layihələrimizdən danışsaq, deyə bilərəm ki, 2022-ci ildə Ağdam, Tərtər, Qazax və Tovuz rayonlarında icra etdiyimiz “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” və Tovuz, Qazax, Gəncə, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında reallaşdırdığımız “Müharibənin təsirlərinin öyrənilməsi və hesabatın hazırlanması”, 2023-cü ildə Ağdam, Tərtər, Bərdə və Qazax rayonlarında keçirdiyimiz “Regionlarda sülh quruculuğu və birgə yaşayış sayəsində müzakirələrin təşkili” layihələrini çox böyük uğurla təşkil etmişik. Belə ki, reallaşdırdığımız hər layihə ilə bağlı təşkil etdiyimiz tədbirlərdən sonra ünvanımıza razılıq dolu mesajlar almışıq. Regionda sülh quruculuğunun və birgəyaşayışın mümkünlüyü ilə bağlı fikirlərimiz müsbət qarşılanıb. Cəbhəyanı rayonlardan aldığımız mesajlarda məişət zorakılığı hallarının azaldılmasını bildiriblər. Bunlar bizi bu sahədə fəaliyyətimizi daha da genişləndirməyə ruhlandırıb.
İyun ayında “Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni – “Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə” adlı layihənin icrasına başlayacaq. 3 ay müddətində icra edəcəyimiz layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirəcəyik. Layihənin Ağdam, Bərdə və Mingəçevirdə reallaşdırmasını nəzərdə tuturuq.
Qeyd edim ki, layihənin hədəf qrupu məişət zorakılığından əziyyət çəkən və risk qrupuna aid şəxslər olacaq. Bu mənada düşünürəm ki, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən gənc, orta yaşlı şəxslərlə yanaşı, yaşlılar da faydalanacaq. 3 rayonda keçirəcəyimiz məlumatlandırma sessiyaları vasitəsilə 60 nəfər region sakininin məişət zorakılığından aktiv müdafiə mexanizmləri ilə bağlı maarifləndirilməsini nəzərdə tuturuq. Bundan başqa, əlavə olaraq, 30 nəfər qadına hüquqi məsləhət xidməti göstərəcəyik.
Layihənin icrası zamanı tərəfdaş qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olacaq. Keçirilən tədbirlər zamanı Ağdam, Bərdə və Mingəçevir rayon icra hakimiyyətləri, həmin bölgələrdəki Qadın Resurs Mərkəzləri və digər yerli qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq edəcəyik. Qadın Resurs Mərkəzləri vasitəsi ilə həmin rayonlarda da hüquqi məsləhət xidmətinə ehtiyacı olanlar cəlb olunacaq. Əminik ki, bu layihəmiz də əvvəllər həyata keçirdiyimiz layihələr kimi uğurlu olacaq.
Cavid HÜSEYNLİ,
“Gənc Hüquqşünaslar” İctimai Birliyinin sədri
– Təşkilatımız 1999-cu ildə təsis olunmuşdur. İctimai birliyin əsas məqsədi gənclərin sağlam mühitdə yetişməsi, mental, fiziki və əqli inkişaflarının dəstəklənməsi istiqamətində layihələrin həyata keçirilməsidir. Fəaliyyətimiz dövründə təşkilatımız gənc ailələrdə son zamanlar yaşanan neqativ halların, o cümlədən məişət zorakılığının qarşısının alınması üzrə maarifləndirici tədbirlərin, seminarların həyata keçirilməsində yaxından iştirak etmişik.
Qeyd edək ki, 2020-ci ildən etibarən ictimai birliyimiz məişət zorakılığının qarşısının alınması və gender bərabərliyi ilə bağlı bir sıra qrant müsabiqələrinin qalibi olmuşdur.
2022-ci ildə təşkilatımız “Gender bərabərliyi sağlam həyat tərzidir” adlı layihə reallaşdırıb. Həmin layihəni Bakı, Gəncə, Tovuz, Yevlax, Sumqayıt, Qazax şəhərlərində icra etmişik. Layihəni həyata keçirərkən tədbirlərimizdə iştirak edən 240 nəfəri sağlam həyat tərzi ilə bağlı məlumatlandırmışıq. 2023-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqə üzrə qalib gələn layihəmiz isə “Gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə” mövzusuna həsr olunub. Layihəni həyata keçirmək məqsədilə tədbirlərin təşkili, məlumat xarakterli nəşrlərin hazırlanması adı altında Bakıda 2, Sumqayıt, Lənkəran, Qazax, Tovuz və Mingəçevir şəhərlərinin hər birində isə 1 dəfə seminarlar təşkil edib iştirakçıları maarifləndirmişik.
Qeyd edək ki, “Gənc Hüquqşünaslar” İctimai Birliyi bu il də agentlik tərəfindən elan olunmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında yer alıb. “Məişət zorakılığına qarşı hüquqi mübarizə” layihəsini Bakı, Sumqayıt, Tovuz, Qazax, Lənkəran, Gəncə, Yevlaxda reallaşdırmağı nəzərdə tuturuq. Layihənin əsas hədəfi 18 yaşdan yuxarı gənclər (qadın və kişi), eyni zamanda, yeni ailə həyat qurmuş insanlar olacaq.
Layihənin icra müddəti ərzində “Gənc Hüquqşünaslar” İctimai Birliyinin əməkdaşlıq etdiyi donorlar, təşkilatlar və o cümlədən vətəndaş cəmiyyəti institutları, əsas etibarilə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mediasiya Şurası, Gənclər Fondu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi, BMT-nin Əhali Fondu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi olacaqdır.
Layihəni iyun ayında başlamağı və 4 ay müddətində tamamlamağı nəzərdə tuturuq. Önümüzdəki həftələrdən başlayaraq, məişət zorakılığı və gender bərabərliyi istiqamətində tədbirlərin təşkilini həyata keçirəcəyik.
Hazırladı:
Zərifə HÜSEYNOVA
XQ