Bayden hədəflərə yenidən nəzər salır

post-img

ABŞ prezidenti Co Baydenin qərargahı sosioloqların rəyinə diqqət yetirərək, amerikalı seçicilərlə ünsiyyətə yanaşmalara yenidən baxmağa başlayıblar. Amerikalılar prezidentdən, ilk növbədə, milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində real addımlar gözləyirlər. Ona görə də Ukrayna və Fələstin–İsrail böhranları yenidən seçilmək üçün mübarizə aparan demokrat prezidentin seçki çıxışlarında arxa plana keçir.

Siyasi şərhçilərin sözlərinə görə, orta və ən yoxsul təbəqənin cibinə zərbə vuran ABŞ iqtisadiyyatının qeyri-sabitliyi və durmadan artan qiymətlər potensial olaraq sabiq prezident Donald Trampın demokrat rəqibinə qarşı ən səmərəli hü­cum xətlərindən birini təşkil edir. CNN televiziya kanalının sorğusuna əsasən, Co Baydenin iqtisadi məsələlərdə bəyənmə reytinqi 34 faizə bərabərdir. Konkret olaraq inflyasiya ilə mübarizəyə gəlincə, bu rəqəm daha da aşağıdır – 29 faiz. 

Eyni zamanda, respondentlər bu seçkidə iqtisadi məsələlərin əvvəlki iki seçkidən daha vacib olduğunu deyirlər. Bu baxımdan, amerikalıların əhəmiyyət­li bir hissəsi, ilk növbədə, ABŞ daxilin­də vəziyyətin yaxşılaşdırılmasını tələb edir. Associated Press-NORC İctimai Əlaqələr Tədqiqat Mərkəzinin keçirdiyi sorğuya əsasən, hər 10 amerikalıdan 4-ü ABŞ-ın başqa ölkələrin problemlə­rinə həddən artıq qarışdığını düşünür. Sorğuda iştirak edənlərin yalnız dörddə biri ölkənin “qlobal polis” kimi daha aktiv rol oynamasını dəstəkləyir. 

CNN sorğusu, həmçinin müəyyən edib ki, seçicilər Baydenin “davamlı yük­sək inflyasiyanın və kollec şəhərciklərin­də İsrailin Qəzza zolağındakı müharibə­si ilə bağlı etirazların artdığı bir vaxtda daxili və xaricdəki əsas məsələlərdə liderliyindən” məyus olublar. Bunun fonunda ABŞ vətəndaşları daha çox prezidentliyi respondentlərin 55 faizi tərəfindən “əsasən iqtisadi sabitlik” və “uğur dövrü” kimi qiymətləndirilən Do­nald Tramp üçün darıxmağa başlayıblar. Eyni zamanda, CNN tərəfindən sorğuda iştirak edənlərin üçdə ikisi Co Baydenin hakimiyyətini “uğursuzluq” kimi qiymət­ləndirir. 

Vəziyyəti nəzərə alan mütəxəssislər məsləhət görürlər ki, hazırkı Amerika li­deri və komandası öz səhvləri üzərində ciddi iş görməli, seçicilərinə dünyanın digər bölgələrindəki aktiv münaqişə iş­tirakçılarını dəstəkləməkdən daha cəl­bedici mövzular təklif etməlidirlər. “Po­litico”nun mənbələrə istinadən verdiyi məlumata görə, bununla bağlı Ağ ev Ukrayna məsələsini yalnız daxili prob­lemlər və demokratik ideallar uğrunda mübarizə kontekstində qeyd edərək, ikinci plana keçirmək qərarına gəlib. İddialara görə, demokratiyanın müda­fiəsi Co Baydenin seçki kampaniyasının mərkəzi komponenti olaraq qalacaq, lakin bu kontekstdə Ukrayna birinci pri­oritet olmayacaq. Ancaq sorğuda iştirak edən mütəxəssislər Ağ evə xəbərdarlıq edirlər ki, problemə bu cür münasibət “müharibənin daxildən dəstəyini daha da poza bilər, hər hansı bir əlavə maliy­yə üçün qapını praktik olaraq bağlaya və Baydenin prezident irsinin əsas kompo­nentini – “Amerikanın qlobal demokratik nizamın mərkəzi sütunu kimi uzunmüd­dətli rolunu qorumağı” çətinləşdirə bilər.

S.ELAY
XQ

Dünya