“TikTok” 18 yaşından kiçiklər üçün məhdudlaşdırılır

post-img

Son dövrün ən sürətlə məşhurlaşan sosial media platformalarından biri olan “TikTok”, 1,5 milyardı keçən istifadəçi sayı ilə əhəmiyyətli bir auditoriya tərəfindən qəbul edilir. Lakin platformanın gənclərə və uşaqlara pis təsir etdiyi iddiası mübahisələrə səbəb olur. Bütün bunlara son qoymaq məqsədilə şirkət yeni bir addım atıb. Belə ki, 18 yaşdan kiçik istifadəçilər üçün “TikTok” məhdudlaşdırılacaq.

Məlumata görə, şirkət 18 yaşdan kiçiklərin sosial mediadan asılılığını azaltmaq istəyir. Bunun üçün ekran vaxtı limiti tətbiq ediləcək. 18 yaşdan kiçik istifadəçilər üçün “TikTok”un ekran vaxtı limiti 100 dəqiqə olacaq. Tətbiqdə tənzimləmə funksiyası olacaq. Funksiya aktivləşdirilkdikdə, müəyyən edilmiş vaxtdan sonra “TikTok” xəbərdarlıq göndərəcək. Bundan əlavə, platforma 13 yaşdan kiçik istifadəçilər üçün standart olaraq 60 dəqiqəlik limit təyin edəcək.

Digər tərəfdən, platforma xüsusilə ABŞ tərəfindən sıx təzyiq altındadır. Bir çox iddialara görə, “TikTok” bəzi vacib məlumatları Çinə sızdırır. Bundan əlavə, məlumat toplama üsulları və kiberhücum riski ilə bağlı narahatlıq doğurduğu üçün bəzi ölkələrdə qadağan edilib.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT